MHP başqanı Dövlət Baxçalı 1 noyabr seçkisindən sonra ilk dəfə açıqlama verib. Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında danışan Baxçalı bildirib ki, MHP-nin önünü kəsmək üçün qurulan tələlərə əhəmiyyət belə, vermir.
Seçkinin nəticələrinə qiymət verən Baxçalı MHP-dən mandat qazanan 40 deputatı Çin sarayını tutan Kürşad və 40 igidə bənzədib: “1 noyabr seçkisində əldə etdiyimiz nəticənin uğur olduğunu iddia etmirəm. Amma məğlub olmadığımıza da ürəkdən inanıram. Seçkinin nəticələrini ətraflı şəkildə təhlil edir, milli iradənin qərarına da hörmət edirik. Xoş niyyətli, qurucu, üfüq açan dəyərləndirmə və tənqidlərə qulağımızı bağlamırıq”.
MHP sədri Iranda güney azərbaycanlıların etirazlarına da münasibət bildirib: “Dosta və düşmənə bozqurd kimi duruş sərgiləyən cəfakar, fədakar silahdaşlarıma minnətdarlıq edirəm. Təhqir olunan güneyli soydaşlarımızın yanında olduğumuzu, onları bağrımıza basdığımızı bəyan edirəm”.
Baxçalı onu MHP rəhbərliyində görmək istəməyən milliyətçilərə də səslənib: “Başa düşmürlər ki, milliyyətçi-ülkücü bir qəlbin qarşısıda heç bir şeytani vəsvəsə, heç bir saray hücumu, heç bir qlobal ssenari dura bilməz. Allahdan başqa qorxacağımız, quldan başqa utanacağımız heç nə yoxdur, olmayacaq da”.
Aydın Taş, Ankara