AXCP-dən qeydiyyat problemi ilə bağlı sərt bəyanat

axcp-qurultay3“Hakimiyyətin bu addımı partiyanın mövqeyinə və mübarizə əzminə heç bir təsir göstərməyəcək”

AXCP sonuncu qurultayından sonra Ədliyyə Nazirliyinin onu dövlət qeydiyyatına almaqdan imtina etməsi ilə bağlı bəyanat verib. Partiyanın feysbuk səhifəsindən yayılan bəyanatda deyilir:

Azərbaycan ictimaiyyətinə bəlli olduğu kimi, AXCP bu il, sentyabrın 27-də özünün növbəti qurultayını keçirərək, rəhbər orqanlarını yenidən formalaşdırıb. Qurultayda Əli Kərimli yenidən partiyanın sədri seçilib, eyni zamanda rayon (şəhər) şöbələrinin konfranslarında Ali Məclisə seçilən üzvlərin səlahiyyətləri təsdiqlənib, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Qurultaydan sonra AXCP qanunvericiliyin tələblərinə uyğun olaraq, nəticələrə dair sənədləri dövlət reyestrinə salınması üçün Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi isə qanuna və hüquqa hörmət qoymadan həmin nəticələri qeydə almaqdan imtina edib. Nazirlik imtina qərarında AXCP-nin keçmiş sədr müavini, tutduğu vəzifədən azad ediləndən sonra partiyadan istefa vermiş Razi Nurullayevin “AXCP Etimad Qurultayı” adı ilə onlara müraciət etməsinə əsaslanıb. Nazirlik “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” AXCP-nin sənədlərini geri qaytarıb və təkilif edib ki, “mübahisəli məsələni” məhkəmədə aydınlaşdıraq.

AXCP bəyan edir ki, onun rəhbər orqanları ilə bağlı hər hansı mübahisə yoxdur. Qurultaya qədər partiyanın bütün strukturları – Ali Məclis, Ali Məclisin Rəyasət Heyəti, MNTK, rayon, şəhər təşkilatları tam tərkibdə və legitim qaydada fəaliyyət göstərib. Qurultay nizamnaməyə tam uyğun keçirilib. Razi Nurullayevin əli ilə hökumətin təşkil etdiyi “AXCP Etimad Qurulatayı” adlı şouda nəinki partiyanın strukturlarını təmsil edən, hətta həqiqi AXCP üzvlərindən bircə nəfər belə, iştirak etməyib. Qurultayın nəticələri onun bütün iştirakçıları tərəfindən tanınıb, bu xüsusda bir dənə də hansısa narazılıq olmayıb.

AXCP bildirir ki, Ədliyyə Nazirliyinin qərarı partiya ətrafında süni şəkildə mübahisəli vəziyyət yaratmağa, onu dövlət qeydiyyatından kənarda saxlamağa xidmət edir. Nazirlik öz qərarında qanunun tələblərinə və hüquqa yox, Prezident Administrasiyasından (yaxud, birbaşa prezidentdən) aldığı sifarişə əsaslanıb. Bu, Əliyevlər hakimiyyətinin AXCP-yə qarşı illərdir davam edən təqib-təzyiq siyasətinin tərkib hissəsidir. Əliyevlər hakimiyyəti AXCP-ni və onun lideri Əli Kərimlini siyasi səhnədən çıxarmaq üçün indiyədək çox cəhdlər göstərib. Razi Nurullayevin üzərində qurulan bu əməliyyat da növbəti belə cəhddir.

Hələ 2000-ci ilin əvvəllərində Əliyevlər hakimiyyəti AXCP-nin parçalandığı və kimliyinin şübhəli olduğu görüntüsünü yaratmaq üçün böyük bir “pullu əməliyyat” qurmuşdu. O vaxt da partiyadan ya istefa vermiş, ya da xaric edilmiş şəxslərdən ibarət olmaqla AXCP adına iddia edən təşkilat yaradılmışdı. 2003-cü ilin fevralında Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını indi BAXCP adlanan həmin təşkilatın xeyrinə dəyişmişdi. Lakin bu qərarın ömrü cəmi 9 gün çəkdi. Ədliyyə Nazirliyinin əli ilə törədilən qanunsuzluğu o vaxtkı ölkə başçısı Heydər Əliyev özü aradan qaldırmalı oldu.

2003-cü ildə İlham Əliyev saxta seçki ilə hakimiyyətə yiyələnədən sonra AXCP-yə təzyiqlər birə-beş artdı. Partiyanın rəhbər şəxslərinə və fəallarına qarşı təqibləri, şantaj və hədə-qorxuları, şirnikləndirici vədlər və pulla ələ almaq cəhdlərini, həbs tədbirlərini saymaqla qurtarmaz. Hazırda da partiyanın 7 nəfər fəalı, o cümlədən 3 nəfər Rəyasət Heyətinin üzvü qanunsuz həbs həyatı yaşayır. Partiya fəalları daim ən müxətlif təqib-təzyiq və satın alınma cəhdləri ilə üz-üzədir.

Artıq 10 ildir ki, partiya sədri Əli Kərimli ümumvətəndaşlıq pasportundan məhrum edilib və ölkədən çıxışına faktiki qadağa qoyulub. Bunun Əli Kərimliyə qarşı qanusuzluq olduğunu Avropa İnsan Haqları Məhkəməsi də öz qərarı ilə təsdiqləyib.

Bunlardan başqa, AXCP 2006-cı ildə zorla yerləşdiyi qərargahdan çıxarıldı və uzun müddətdir ki, qərargahsız fəaliyyət göstərməyə məhkum edilib. Hətta AXCP-nin icarəyə götürdüyü qərargahları da ən qaba vasitələrlə onun əlindən alıblar. 2011-ci ildə icarəyə götürülən qərargahın qapısına qaynaq vurulub və hələ də o vəziyyətdə saxlanılır, 2013-cü ildə icarəyə götürülən başqa bir qərargah isə 2014-cü ilin fevralında partladılıb.

İlham Əliyev hökuməti artıq 10 ildən çoxdur ki, AXCP-ni zəiflədib sıradan çıxarmaq, Əli Kərimlini siyasi meydandan kənarlaşdırmaq üçün əlindən gələni edir. Ədliyyə Nazirliyinin bu qanunsuz qərarı da buna nail olmaq ümidi ilə atılan növbəti və ən absurd addımdır. Görünən odur ki, hakimiyyət öz anlamında dolayı siyasi fəndlər saydığı qanunsuz və zorakı tədbirlərlə AXCP-nin, onun, sədr Əli Kərimli başda olmaqla, rəhbərliyinin mövqeyinə təsir göstərə, Razi Nurullayevin vasitəsi ilə etmək istədiyini edə bilmədiyi üçün öznü bu cür birbaşa, kobud və absurd inzibati müdaxiləyə məcbur sayıb.

AXCP bildirir ki, Ədliyyə Nazirliyinin bu qanunsuz addımı partiyanın hüquqi statusuna heç bir təsir göstərmir. AXCP bu qərardan məhkəməyə şikayət etməyə hazırlaşır və işi lazım olsa Avropa Məhkəməsinə qədər davam etdirmək əzmindədir. Lakin partiyanın bundan əvvəlki qurultayının nəticələri dövlət reyestrinə daxil edilib və o yenilənməyənə qədər AXCP-nin hüquqi təmsilçilərinin kimliyi mübahisələndirilə bilməz.

AXCP bəyan edir ki, hakimiyyətin bu addımı partiyanın mövqeyinə və mübarizə əzminə heç bir təsir göstərməyəcək. Əksinə, hakimiyyət bununla özünün yeganə alternativinin AXCP olduğunu nişan verməklə cəmiyyət üçün onun cəlbediciliyini artırır. AXCP hazırda ölkədəki narazı çoxluğun üz tutacağı alternativsiz ünvana çevrilməkdədir. Partiya bu qüvvəni ölkədə dinc demokratik dəyişiklik uğrunda mübarizəyə səfərbər etmək üçün indiyədək yürütdüyü siyasəti bundan sonra da bütün qətiyyəti ilə davam etdirəcək.

Hökumətin bu haqsızlığı ilə üzləşərkən, bundan əvvəl hər dəfə olduğu kimi, Azərbaycan ictimaiyyətini, ölkənin vicdanlı vətəndaşlarını yanımızda görməkdəyik. Partiya olaraq üzləşdiyimiz növbəti haqsızlığa qarşı səsini ucaldan hər bir vətəndaşımıza ürəkdən təşəkkür edirik.