Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Oktyabr aylarında (10 ayda) Azərbaycana xaricdən cəmi 24 min 219 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu say, ötən ilin eyni dövrü ilə müqayisədə 27 min 867 ədəd və ya 53,5% azdır. Ötən ilin 10 ayı ərzində Azərbaycana 52 min 086 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
2015-ci ilin Yanvar-Oktybar ayları ərzində 757 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 21 min 497 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1750 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 215 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.
OKTYABRDA İDXAL AZALIB
2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında 3421 ədəd, Martda 2524 ədəd, Apreldə 2855 ədəd, Mayda 2605 ədəd, İyunda 2145 ədəd, İyulda 1836 ədəd, Avqustda 1671 ədəd, Sentyabrda 1768 ədəd, Oktyabrda 1304 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur.
CƏMİ 1111 ƏDƏD MİNİK AVTOMOBİLİ GƏTİRİLİB
Minik avtomobillərinin idxalında vəziyyət daha pisdir, bu avtomobil biznesində tənəzzülün dərinləşdiyinə işarə edir. Belə ki, 2015-ci ilin Yanvar-Oktybar aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd və ya 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb.
2015-ci ilin Yanvar ayında 3870 ədəd, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə 2484 ədəd, Mayda 2172 ədəd, İyunda 1833 ədəd, İyul ayında 1600 ədəd, Avqust ayında 1476 ədəd, Sentyabr ayında 1565 ədəd, Oktybar ayında isə 1111 minik avtomobili idxal olunub.
NƏ ÜÇÜN AZALIR?
Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi, aksiz vergisinin dərəcələrinin artırılması və əhalinin gəlirlərinin azalması ilə bağlıdır.
Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104 min 385, 2014-cü ildə 63 min 368 ədəd avtomobil idxal olunmuşdur. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min ədəddən az olacağı gözlənilir.