Tale Bağırzadədən AXCP-yə dəstək

tale-bagirzade3“Ədliyyə Nazirliyinin son davranışının əsas səbəbi Əli Kərimlinin həqiqi müxalifətçi olmasıdır”

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Ədliyyə Nazirliyinin AXCP-nin qurultay sənədlərini dövlət reyestrinə salmaqdan imtina etməsinə münasibət bildirib. O, mövqeyini feysbuk səhifəsində paylaşıb. Onun yazdığını təqdim edirik:

Son günlər Ədliyyə Nazirliyi vasitəsi ilə hakimiyyət AXCP ətrafında növbəti bulanıq vəziyyət yatarmaq istəyir. İllərdir, saxta müxalifət partiyası istehsal etməkdən yorulmayanlar yenə də bu cür uğursuz təşəbbüsə imza atıblar. Ədliyə Nazirliyi AXCP qurultayının sənədlərini qəbul etməyərək, onun ətrafında süni mübahisə yaratmaq istəyir.

Heç şübhəsiz bu hüquqi yox, qərəzli yanaşmadır.

Bu da mübahisəsiz məsələdir ki, Ədliyyə Nazirliyinin son davranışının əsas səbəbi Əli Kərimlinin həqiqi müxalifətçi olmasıdır.

Məqsəd AXCP və onun lideri Əli Kərimlini mübarizədən yayındırmaq, onları əsas işdən – xalqın azadlıq və firavanlığı üçün mübarizədən yayındırıb başqa lazımsız məsələlərlə məşğul etməkdir.

Bütün Azərbaycan xalqı kimi, bizlər AXCP dedikdə Əli Kərimlini və onun rəhbərlik etdiyi təşkilatı başa düşürük. Əminik ki, bundan qabaq hökumətin yatardığı saxta “cəbhə”lər necə ifşa olundusa, necə onlar həqiqi AXCP-yə kölgə sala bilmədilərsə yenə də eyni hal baş verəcək.

Hər kəs bilməlidir ki, təşkilatlara izzət və hörməti onların daşıdıqları adlar, nazirliklərin verdiyi sənədlər yox, gerçək əməli fəaliyyət qazandırır.

Biz AXCP-nin günahsız olaraq, hüquq və azadlıqları üçün mübarizə apardığına görə təqib və təzyiqlərə tuş gələn vətəndaşlarımızı, o cümlədən biz inanclı insanları təmannasız müdafiə etməsinə şahidik və bu gün özümüzə borc bilirik ki, şərə tuş gələn bu təşkilata dəstək olaq.

AXCP-yə tutuduğu ədalət yolunda tərəddüdsüz və ardıcılıq fəaliyyəti arzusu ilə…