elnurastanbeyli@gmail.com
Parisdə qanlı hadisələr baş verib, yüzlərlə günahsız insan öldürülüb, Azərbaycanda xeyli irəligörüşlü insan bu teraktları pisləyib, fransızlara dəstək nümayiş etdirib, amma bir xeyli guya dəhşət vətənpərvər, millətçi adam da onları günahlandırır ki, bəs Azərbaycanda Xocalı qırğını, 20 Yanvar faciəsi baş verəndə fransızlar harda idi-zad…
Adam dəhşətə gəlir ki, bu insanlar haraları ilə düşünürlər, nə yeyib-içirlər?!
Əvvəla, heç bir səbəb dünyanın harasında yaşanmasından asılı olmayaraq, günahsız, məsum insanların qətlinə bəraət qazandıra bilməz. Heç bir səbəb də həmin cinayətlərə qarşı dik duruş, qınaq sərgiləməyə mane ola bilməz.
Ikincisi, 30 il əvvəllə müqayisədə indi dünyada çevik, operativ informasiya əldə etmək imkanları xeyli artıb, bu da istər-istəməz çevik reaksiyalar yaradır. Ələlxüsus sosial şəbəkələr dünyanın hər yerində sağlam düşüncəli insanların qısa vaxtda birləşərək hansısa anti-insani akta qarşı dərhal birlik və bərabərlik nümayiş etdirməsinə imkan verir. Biz özümüz Xocalı qırğınından az qala bir neçə gün sonra tam dəqiq məlumat tutmuşduq, daha başqalarından nə gözləyək? 20 Yanvar faciəsi zamanı səsimizi dünyaya ilk çatdıran isə başda “Azadlıq” radiosu olmaqla, Qərb radiostansiyaları olmuşdular.
Yox, əgər söhbət indinin özündə də hansısa ölkələrin hakimiyyətlərinin Azərbaycanın haqlı olduğu msəsələlərdə haqsız yanaşmasından, susqunluğundan-filan gedirsə, bu zaman Paris teraktlarına lənət oxuyanları bütün insani, bəşəri dəyərləri əzib-keçərək hədəf seçənlər öncə yapçılardan soruşsunlar ki, niyə Fransada muzey təmir etdirirlər, hansısa futbol klubuna sponsor olurlar?! Buna cəsarət etməyib amma haqlı bir kampaniyanı – terrora qarşı fransızlarla həmrəyliyi qınaq obyektinə çevirmək həm riyakarlıqdır, həm də beyin etibarilə çağın nə qədər gerisində qalmağın işarəti!
Üçüncüsü: hələ Fransanın çox illər öncə Əlcəzairdə-filan ərəblərə qarşı zorakılığından, nə qədər insanın ölümünə bais olmasından “arqument” düzəldənlər də tapılır. Guya bu Parisdə qətliamlara haqq qazandırır. Eyni məntiqlə (daha doğrusu, məntiqsizliklə!), biz niyə ərəblərin öldürülməsinə kədərlənirik, axı onlar da 1300 il əvvəl bizim torpaqlarda işğallar həyata keçiriblər, xeyli adam qırıblar?!
Belə çıxır, sabah Almaniyada günahsız insanlar öldürülsə, faşizmi, Hitleri əldə bayraq edib buna haqq qazandırmaq olar?
Yoxsa nə vaxtsa tarixin acı səhifələrini təşkil etmiş monqol istilaları indi monqolların terakt edilməsinə bəraət verir?
Ayıbdır. Ayıb hətta çox yüngül səslənir. 21-ci əsrdə insanların belə təfəkkürlə, beyinlə yaşaması dəhşətdir, qorxuncdur. Terror pisdir, iyrəncdir, yolverilməzdir, lənətlənməli məsələdir.
Və sonda: əgər kimsə, kimlərsə yuxarıda yazdıqlarımızdan nəticə çıxarmaqda çətinlik çəkirsə, onlara böyük Üzeyir Hacıbəyovun felyetonlarından birindən bir parça təqdim edirəm. Bunu da oxuyub bir qənaət hasil etməyəcəklərsə, daha bir sözümüz qalmır, qoy belələrinə tibb elmi kömək olsun.
Beləliklə, Üzeyir bəy yazır: “Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firənglə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik, axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desəydin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun.
Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzet çıxır. Dedim, allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində tək bircə dənə qəzet çıxır. Bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman! Bir gör sənin içində bircə dənə qəzet çıxması yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın!..”