Cırcıramanın qışı

saadet-cahangir-koseSəadət Cahangir

Isveçrənin “Credit Suisse” maliyyə təşkilatı 2016-cı il üçün “Qlobal Görünüş” hesabatını yayıb. Hesabat qarşıdakı ilin iqtisadi mənzərəsini əks etdirir. Ümumi tezislərdən məlum olur ki, qarşıdakı il iqtisadi baxımdan dünya üçün də  narahatlıq doğuran bir il olacaq. “Qlobal Görünüş” dünyanı qayğılandıran amillər sırasına investisiyaların azalmasından tutmuş baza inflyasiyasının artmasına kimi bir sıra mühüm məsələləri daxil edib. Onu da vurğulayıb ki, bu amillərin təsirindən yaranan bazar dalğalanmaları iqtisadi riskləri xeyli artıra bilər. Belə yerdə deyirlər ki, dərd gələndə batmanla gəlir. Bu il dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi necə acı təsirlərini buraxmışdısa, növbəti il ondan da betəri olacaq demək ki…

Dünyanı gözləyən iqtisadi sınaqlar öz yerində. Onun dərdini çəkən yetərincə zəkalı adamlar, beyin mərkəzləri və tənzimləyicilər var. Yəqin bir çarəsinə də baxacaqlar. Dərd bizim dərdimizdir. Nədən ki, bu ölkədə nizamlı, planlı, düşünülmüş, ölçüb-biçilmiş iş görənlər yox dərəcəsindədir. Iqtisadi idarəçilik və gəlir mənbələri elə adamların əlindədir ki, əllərinə düşəni yeyib, üstündən su içirlər. Sabahı, üç gün, beş gün irəlini düşünməkdən isə heç söz gedə bilməz. Bir başıpozuqluq, tör-töküntülük, pintilik və səliqəsizlik var ölkənin idarə olunmasında. Bütün işlərimiz alt-üst olub qarışıb bir-birinə. Əhalinin güzəranı, rifahı, yaşayış səviyyəsi isə, ümumiyyətlə, kimsəni maraqlandırmır. Əgər zərrə qədər maraqlandırmış olsaydı, durum gəlib bu yerə çıxmazdı. Son 10 ildə dünyaya təbii yanacaq satan bir ölkənin hazırkı böhranın eşiyinə gəlib çıxması o yerdə hökumətin iflasa uğraması anlamına gəlir. Daha bunun başqa heç bir izahı ola bilməz. Baxın, indi xəzinəyə böyük milyardlar oturmuş olmalı, iqtisadiyyat çiçəklənməli, yaşayış səviyyəmiz dünya standartlarına yaxınlaşmalıydı.  Sözümə istehza edə bilərsiniz, amma əslində belə olmalıydı. Belə olması üçün hər cür imkan vardı. Son 10 ildə ölkəyə gələn gəlirlər insanlarımızın gözəl yaşamasına yetərdi də, ötərdi də. Amma o gəlirlər düzgün idarə olunsaydı, düzgün istiqamətləndirilsəydi, yeni davamlı iş yerlərinin açılmasına investisiyalar qoyulsaydı, qeyri-neft sahələri, azad sahibkarlıq inkişaf etdirilsəydi. Bunların hansı baş verdi, sizcə? Heç biri. O gəlirlərin üzündən bu bəxtsiz ölkənin başına gələnləri də özünüz bilirsiniz.

Dünyada baş verən iqtisadi “təkanlar” kimsəyə təsirsiz ötüşmür, doğru. Ancaq bizim dünyasız da dərdimiz qurtaran deyil. Çünki sürükləndiyimiz yol, tutulan mövqe, yürüdülən siyasət doğru deyil. Çünki bu ölkədə hamıya məxsus olan sərvətin bölüşdürülməsində ədalət yox. Nəinki yox, heç onun baş hərfini belə görən olmayıb. O üzdən həmin sərvətlər bu illərdə qorxu-ürkü bilinmədən evlərə, şəxsi taxçalara-boğçalara daşınıb yığılıb. O sərvətləri beş on siçovul evin ərzaq ehtiyatını altdan-altdan daşıyıb yuvasına yığan kimi talan edib tükədib. Indi əlimizi atıb taxçada bir şey qalmadığını görüncə, panikaya düşmüşük. Hansı ki, evə sahib çıxıb, siçovulun ağzını vaxtında əzmək olardı. Vaxtında talanı önləyib, kisəni qorumaq olardı. Əsas günah oğrudadır, əlbət. Amma xalq olaraq özünüzü heçmi günahkar saymırsınız?  Axı o sərvət sizin haqqınız idi. Öz haqqını qoruya bilməyəni əzməzlərmi?

Cırcırama ilə qarışqanın hekayəsini bilirsiniz. Bizimki də yayda qışı gözə almadan nəğmə deyib, qışda aclıq şivəni qoparmağa bənzəyir. Qarşıdan qara qış gəlir. Amma qarışqadan-filandan da imdad diləməyə heç dəyməz…