Azərbaycanda internet şoku: təxribat, yoxsa qəza?

internet2İlham İsmayıl: «Azərbaycandakı bəzi sahələrdəki kimi internet təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməyib»

Azərbaycanda internetlə bağlı yaranan problem bir sıra həbslərlə müşayiət olunub. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb. Rəsmi şəkildə bəyan olunub ki, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.

Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzInTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Zahid Oruc: “İnternet sisteminin etirbarlı təminatında problem var”

Noyabrın 16-da respublika ərazisində internet sistemində problemlərin yaşanması ölkə iqtisadiyyatına zərbə vurmaqla yanaşı ciddi ajiotaja səbəb oldu”. Bunu millət vəkili Zahid Oruc “Moderator.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hadisə bir daha ölkədə internet sisteminin etirbarlı təminatının olmadığı problemini ortaya qoymuş oldu: “Çünki dünən baş verən hadisə təkcə vətəndaşın kiminləsə yazışması kimi başa düşülməməlidir. Müasir dünyamızda bütün hökumət və dövlət strukturları, həmçini digər qurumlar və özəl sektor öz fəaliyyətininin müəyyən bir qismini məhz internet vasitəsi ilə həyata keçirir. Elə bunun nəticəsində dünən bank və digər sektorların fəaliyyəti iflic oldu. Baş vermiş hadisə hökuməti ciddi düşündürməli və bundan nəticə çıxarıb etibarlı alternativ informasiya təminatı mexanizmi yaradılmalıdır”.

Millət vəkili hesab edir ki, internet sistemini hansısa bir qurumun monopoliyasından çıxarılmasına ehtiyac var.

Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməlidir”

Azərbaycan Internet Forumu bildirir ki, noyabrın 16-dan bütün ölkə ərazisində internet təchizatı sahəsindəki problem bu ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.

Forumun açıqlamasında deyilir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. “Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AIF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir”- deyə açıqlamada qeyd olunub.

AIF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir.

AIF bu kimi halların bir daha təkrarlanmaması üçün ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır.

AIF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.

Qeyd edək ki, Internet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telekom şirkətində baş verən yanğınla bağlı olub. Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət rəsmi açıqlama verməyib.

Öz növbəsində “Trend”ə açıqlama verən Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən Iltimas Məmmədov Azərbaycanda internetlə bağlı yaranan problemin digər ölkələrə tranzit trafikinə təsir etmədiyini vurğulayıb.

I.Məmmədov bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb.

Bəs ölkənin milli təhlükəsizliyi baxımından baş verən olay hansı reallıqları üzə çıxardı?

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl hesab edir ki, baş verən hadisənin səbəbləri ciddi araşdırılmalıdır. Olayın təxribat ola biləcəyi fərziyəsinə inanmayan I.Ismayıl bildirdi ki, hadisələrin üst-üstə düşməsi təxribat təəssüratı yaradır: “Amma baş verənlər göstərir ki, Azərbaycandakı bəzi sahələrdəki kimi internet təhlükəsizliyi də o qədər yüksək səviyyədə təmin edilməyib”.

Bu tip olayın müharibə zamanı baş verəcəyi təqdirdə isə hansı fəsadların yarana biləcəyinə gəlincə, I.Ismayıl bildirdi ki, hava hücumundan müdafiə sistemi və digər qoşun növləri məhz internetin köməkliyilə idarə olunur: “Hazırkı müharibə on il əvvəlkindən fərqlənəcək. Ona görə düşünürəm ki, bu sistemin ehtiyat xətləri olmalıdır. Əgər hər hansı təxribat baş verərsə, onun qarşısının alınması dərhal həyata keçirilməlidir”.

Xəyal