Bir sorğunun üzə çıxardığı həqiqət

ilham-mushavireVətəndaşlar hökumət komandasına etimad göstərmir

Birmənalı şəkildə demək olar ki, ölkə vətəndaşları  hakimiyyət komandasında təmsil olunanlara qarşı mənfi münasibətdədir. Çünki, vətəndaş ağır şəraitdə yaşadığı halda, məmurlar milyonlara sahiblənir, harınlayır, ölkə sərvətlərini talan edir və.s. Yəni, yüksək vəzifəli şəxslər haqqında yalnız mənfi xəbərlər yayılır. Vətəndaş hansısa məmurun xeyriyyəçiliyi haqqında yox, obyektləri, bankları, şadlıq sarayları haqqında eşidir. Həm də bu mənfi reputasiyalı insanlar 15-20 il vəzifə kürsüsünü zəbt edirlər.

Ötən gün “Azadlıq” radiosu “Əli Abbasov və Eldar Mahmudovdan sonra hökumətdən kim çıxdaş edilsin” sualı ilə sorğu keçirdi. Bu yazı yazılanda sorğuda 3000-ə yaxın insan iştirak etmişdi və nəticələr belə idi.

Oqtay Şirəliyev 9,4%, Elmar Məmmədyarov 1,9%

Kəmaləddin Heydərov 18,8%, Ramil Usubov 9,9%,

Zakir Həsənov 0,9%, Ziya Məmmədov 30,9%, Aydın Əliyev 1,2%, Əbülfəs Qarayev 1,3%, Mikayıl Cabbarov 8,8%, Samir Şərifov 1,1%, Fazil Məmmədov 7,3%, Əli Həsənov 1,7%, Azad Rəhimov 0,6%, Şahin Mustafayev 0,4%, Səlim Müslümov, 2,2%, Natiq Əliyev 0,5%, Fikrət Məmmədov 1,7%, Heydər Əsədov 1,6%.

Sorğu iştirakçılarının böyük əksəriyyəti Oqtay Şirəliyevin, Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Mikayıl Cabbarovun vəzifədən getməsini istəyir.

Təbii ki, bu nəticələr təsadüfi deyil və insanlar müşahidə etdikləri əsasında qərar verirlər.

Məsələn, ölkə səhiyyəsinin bərbad vəziyyətdə olması danılmaz faktdır. Hər bir vətəndaş da bunu öz həyatında hiss edir. Bahalı və keyfiyyətsiz dərmanlar, yanlış diaqnoz, hər addımda xəstədən pul tələb edilməsi və digər məsələlər insanlarda səhiyyəyə etimadı azaldıb. Və buna görə də hamı şəfasını ölkə xaricində axtarır. Bu mənada sorğu iştirakçılarının təxminən 10 faiznin Oqtay Şirəliyevin istefasını tələb etməsi normaldır.

Təhsil sahəsində vəziyyət daha da bərbaddır və şagirdlər repetitorların ümidinə qalıb. Imtahan nəticələri də göstərir ki, hər il savadlılıq səviyyəsi aşağı düşür. Üstəlik, təhsil haqları yüksək, təqaüdlər və maaşlar aşağıdır. Ona görə də respondentlərin 9 faizi Mikayıl Cabbarovun vəzifədən çıxarılmasını istəyir.

Respondentlərin 30.9 faizinin Ziya Məmmədovdan imtina etməsi də təbii haldır. Çünki, bu ölkədə nəqliyyat sistemi iflic vəziyyətdədir. 21-ci əsrdə insanlar avtobusda ölüm-dirim savaşı verərək hərəkət edirlər. 1-2 saat yağış yağması kifayət edir yollar okeana çevrilsin. Üstəlik, Nəqliyyat Nazirliyinin çəkdiyi yollar, tikdiyi körpülər, komplekslər də göz önündədir. Ümumiyyətlə, yol, körpü tikintisində böyük yeyintilərin olduğu və bu tikitilərlə büdcədən milyonların silindiyi hamıya bəlli olan faktdır. Insanlar hər gün nəqliyyat sistemindəki neqativlərlə üzləşdikləri üçün, Ziya Məmədova qarşı aqressivdilər.

Kəmaləddin Heydərovun 18.8 faiz iştirakçının qəzəbinə gəlməsinin də səbəbləri var. Əvvəla, bu adam uzun müddət Gömrük naziri olub və gömrük sisteminin vətəndaşlara necə zülm etməsi məlumdur. Insanlar hər dəfə gömrükdə incidilir, sahibkarlardan əlavə rüsumlar tələb olunur, süründürməçilik  adi hala çevrilib və.s

Fövqəladə Hallar Naziri kimi də Kəmaləddin Heydərov müsbət qarşılanmadı. Ən azından Binəqədidəki yanan binada  nazirliyin də məsuliyyət daşıdığı hamıya məlum oldu. Ən əsası isə Kəmaləddin Heydərov ölkənin ən varlı adamlarından hesab olunur. Mətbuatda bu şəxsə məxsus 200-dən artıq şirkətin adı dərc edildi. Yəni, hədsiz dərəcədə ehtiyac içində yaşayan insanlar üçün, hədsiz dərəcədə komfort həyat sürən məmur sevilə bilməz. Hamı başa düşür ki, məmurların bu qədər varlanması aldıqları əmək haqqı ilə mümkün deyil.

Göründüyü kimi ölkə vətəndaşı hökumət komandasına qarşı aqressivdir və vəzifəli şəxslərin “vurulmasını” arzu edirlər. Hakimiyyətlə xalq arasında böyük uçurum olduğunu belə sorğular bir daha təsdiqləyir.

Samir