Azad və cəsur TÜRK QADINIna ithaf
Əvvəl, müxalif siyasətçi qadınların inzibati qaydada həbsi heyrət doğururdusa, sonra belə xanımların uzun müddətə azadlıqdan məhrum edilməsi isə cəmiyyəti sarsıtdı. Bununla da, Azərbaycanda ilk dəfə “qadın siyasi məhbuslar” meydana çıxdı?! Həm də 1 ildə – bir-birinin ardınca iki qadın həbs edildi!
II yazı
Bəli, 2014-cü ilin iyulunda hüquq müdafiəçisi Leyla Yunus, 2014-cü ilin dekabrında isə araşdırmaçı jurnalist Xədicə Ismayıl həbs olundu… Onlara məhkəmə hökmü də “ard-arda” oxundu: 2015-ci ilin avqustunda Leyla Yunus 8 il yarım, 2015-ci ilin sentyabrında Xədicə Ismayıl isə 7 il yarım müddətinə azadlıqdan məhrum edildilər… Bununla da, hakimiyyət siyasi səbəblərə görə kimsəyə güzəşt tanımayacağını aşkar nümayiş etdirdi.
Lakin adı çəkilən xanımlar da müasir Azərbaycanın tarixində misilsiz xidmətlərilə – insan hüquqları, söz və mətbuat azadlığının qorunması sahəsində ilkə imza atdılar… Nə qədər ağır olsa da, dediyimiz kimi, onlar həm də bu yolda həbsə atılan ilk qadınlar oldular… Azadlıqda olduğu kimi, həbsxanada da heyrətamiz əzm və iradə nümayiş etdirdilər, hətta KIŞILIK nümunəsi yaratdılar!
Onların başına gələnlər, sanki 1930-cu illərin davamı oldu; ancaq, şair demişkən, daha kəskin, daha ciddi oldu! Xüsusilə, xəstəlikdən əziyyət çəkən Leyla Yunusu həbsxanada işgəncə və təhqirlərə məruz qoymaqla hakimiyyət ən toxunulmaz dəyərləri belə tapdadı!
Onu da xatırladaq ki, Leyla xanım həyat yoldaşı, politoloq Arif Yunusla eyni ildə həbs edilib, eyni ildə və eyni məhkəmədə də barələrində hökm oxunub… Yalnız, bu il noyabrın 12-də Arif Yunus səhhətinin ağırlaşmasına görə həbsdən buraxıldı. Onun səhhətini ağırlaşdıran hal isə məhz xanımı Leyla Yunusa qarşı işgəncələrə son qoyulması tələbi ilə keçirdiyi aclıq aksiyası oldu.
Diqqət edin, Stalin rejimində siyasi səbəblərdən bütöv ailələr məhv edildiyi kimi, bugünkü Azərbaycanda da müxalif baxışlı ailələr eyni münasibətlə üzləşib. Bununla bağlı Leyla xanım özü həbsxanadan ərinə belə yazıb: “Stalinin vaxtından Azərbaycanda ailələri həbs etmirdilər. Hətta Özbəkistanda, Belarusda həyat yoldaşlarını birlikdə həbs etmirlər. Əliyev rejimi aydın şəkildə öz simasını nümayiş etdirir”.
Leyla xanım həmin məktubda həyat yoldaşına vaxtilə Azərbaycanda və Özbəkistanda insan haqlarının vəziyyəti barədə kitab yazdığını xatırladaraq qeyd edir ki, Özbəkistanda insan ləyaqətini alçaldan münasibət və işgəncələr siyasi məhbus olan qadınlara qarşı da tətbiq edilirdi. Azərbaycanda isə bu, mümkün deyil, çünki bizim qadının təhqirinə yol verməyən milli Qafqaz mentalitetimiz var… “Mən nə qədər sadəlövh olmuşam! Bu əliyevlərin, ləmbəranskilərin, qasımovların, usubovların, yaqubovların Qafqaz kişisi mentaliteti yoxdur” – yazır daha sonra Leyla Yunus!
Əlbəttə, barışmaz müxalifətçi bir qadının həbsi münasibətilə “təmtəraqlı qonaqlıqlar təşkil edib, badə qaldıranları” nəinki Qafqaz KIŞIsi, heç Azərbaycan KIŞIsi hesab edə bilmərik. Bütün bunlar, hakimiyyətin ya milli kimlik probleminin, ya da hakimiyyətdəkilərin öz milli xarakterlərini itirmələrinin nəticəsidir?!
Bu arada, Leyla xanımın hələ həbsdən 3 ay öncə evində aparılan axtarış zamanı o vaxt Yasamal Rayon Polis Idarəsinin rəisi olan Ismayıl Əsədovun dediyi sözlər də yada düşür: “Leyla Yunus Azərbaycan qadını deyil, erməni qadınıdır. Beləsinin canını da alaram, onu məhv də edərəm”…
Leyla Yunusun həbsindən 1 ay sonra isə onun haqqında, millət vəkilləri (?!) Yaqub Mahmudov və Eldar Ibrahimovun dedikləri də unudulmur: “Vətən xaininin cəzası ən ağır cəza olmalıdır. Bu cür adamlara ölüm hökmü tətbiq edilməlidir. Onlar üçün ən ağır cəza ölüm cəzası olmalıdır”; “Bu gün ölüm cəzası qüvvədə olsaydı, deyərdim ki, Leyla Yunus və onun kimilərinə bu cəza verilsin”…
Kişinin qadını məhv etməsi və ya ona ölüm istəməsi?! Dəhşət deyilmi, bunun nə demək olduğunu anlamırsınızmı? XXI əsrin Azərbaycanında bu nifrət, bu düşmənçilik hardan qaynaqlanır? O zaman, barbar və cahil davranışları niyə keçmişdə – mövhumatda, maarifsizlikdə axtarırıq? Fərqli düşüncəyə görə vətəndaşın ölümünə-qanına susayan diplomlu hüquq-mühafizə işçisinin, elmi titullu deputatların vaxtilə dini ehkamların keşiyində duran inkvizitorlardan nə fərqi var?
Bir qədər öncə, məqaləmizdə mübariz Azərbaycan qadınının KIŞILIK nümunəsi yaratdığını nahaq yerə vurğulamadıq… Görünür, həqiqətən də cəmiyyətimiz “filankəs kişi kimi qadındır” deyimini “filankəs Azərbaycan qadını kimi kişidir” deyimi ilə əvəzləməli olacaq… Bu dəyərli fikri isə hazırda özü də həbsdə olan jurnalist Seymur Həzi məhz həmin qadınlardan biri – Xədicə Ismayılın timsalında deyib!
Bəli, indən belə kişilər iradə və qeyrət sahibi olmaq, mərdlik göstərmək üçün qadınlardan da nümunə götürməli olacaqlar.
Məsələn, gənc fəal Cabbar Savalan 2011-ci ilin fevralında narkotik maddə saxlama ittihamı ilə həbs ediləndə onun anası Təravət xanımın sərgilədiyi davranış çox ibrətamizdir. O zaman, “Oğlumu tutardılar, amma şərləməzdilər” – deyən ana rejim mənsublarına dolayısı ilə “tutun, ancaq şərləməyin… kişi olun…” mesajını vermişdi?!
Elə 2011-ci ilin martında digər gənc fəal Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə həbs ediləndə onun anası Solida xanım da mərdlik nümunəsi göstərmişdi. Oğlunun siyasi baxışlarına görə həbs edildiyini bildirən ana, lakin “Mənim oğlumu gec buraxsalar, narahat olmaram, amma Cabbar uşaqdı, gərək onu tutmayaydılar”,- deyərək Cabbar Savalanın anasına dəstəyini ifadə etmişdi!
Belə ibrətamiz və real hekayələr çoxdur. Siyasi məhbus analarının bu əzmi gözümüz önündə yaşanan tarixi bir hadisədir.
Elə bu ilin yanvarında narkotiklə şərlənərək həbs olunan, iyunda isə məhkəmə hökmü ilə 6 il müddətinə (?!) azadlıqdan məhrum edilən gənc fəal Elvin Abdullayevin anası Zülfiyyə xanımın davranışı da heyrətamiz oldu. Azacıq vicdanı olan kimsə bu mətin ananın məhbus oğlu haqqında söylədiyinə biganə qala bilməz: “Mənim uşağıma heç nə olmaz, aslan kimi uşaqdı. Bütün siyasi məhbusların qarşısında baş əyirəm, eybi yox, biri də mənim oğlum olsun. Əsas, əqidədən dönməməkdi”…
Buyurun, daha bir nümunə: “…bir mübarizə aparırdın, on elə. Sən mənim ən dürüst uşağımsan” – deyən Elmira Ismayılova! Məhbus jurnalist Xədicə Ismayılın özü kimi əzmli anası!
Mübariz Azərbaycan qadını qürur mənbəyidir. Ancaq YAP hakimiyyətinə ictimai-siyasi fəal və ya hüququnu bilən, haqqını tələb edən qadın-vətəndaş lazım deyilmiş. Eynən sovet dövründə, hətta şəriət qaydaları ilə idarə olunan cəmiyyətlərdə olduğu tək… Çünki, azad qadın özü kimi azad övlad yetişdirir, onu mücadiləyə hazırlayır. Irticaçı rejimlərə isə qadınlıq şərəfindən məhrum mütilər gərəkdir ki, onların övladları da itaətkar olsunlar?!
Məsələn, sovet rejimi Azərbaycan qadınını pambıq tarlalarında kölə halına salmaqla onu qadına xas xüsusiyyətlərdən məhrum etdisə, YAP rejimi seçkilər zamanı təhsil və səhiyyədə çalışan onminlərlə qadını saxtakarlığa təhrik etməklə onların mənlik və ləyaqət hissini zədələdi… Ya da “Allah ömrümdən kəsib prezidentə versin” deyən xaraktersiz ana obrazını formalaşdırdı.
Bəli, qadın azadlığı mühüm məsələdir. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatında bu mövzu nahaqdan qabardılmayıb. Cəmiyyəti tərbiyə edən qadındır. Qadınların sıxışdırıldığı cəmiyyətlərdə harmoniya olmaz; əxlaqi-mənəvi mədəniyyət olmaz. Kişilərin hökmran olduğu islam cəmiyyətlərinə baxın: diskomfort, zorakılıq, qəddarlıq, qadına-uşağa heyvani münasibət?!
Belə despotik cəmiyyətlərdə qadınları bilə-bilə huquqdan, elmdən, ictimai-siyasi həyatdan məhrum edirlər ki, heyvani instinktləri ilə yaşayan kişiləri kimsə sorğu-sual etməsin, kişilərin əxlaqını mühakimə edən olmasın. Ona görə də bu cür cəmiyyətlərdə coxarvadlılıq və ya siğə adı altında kişilərin yol verdikləri pozğunluğa, azğınlığa kimsə əngəl ola bilmir.
Maraqlıdır, islam dünyasında ruhanilərin ən sevimli söhbət mövzusu elə qadın məsələsidir. Onlar abır-həya bilmədən bütün günü qadınların geyim-keçimindən tutmuş, hətta hansı ərzağı yeyib-yeməməsi barədə moizələr oxuyurlar.
Xatırlayırsınızsa, Misirdə “Müsəlman Qardaşları”nın hakimiyyəti dövründə din xadimlərindən biri fitvasında demişdi ki, banan və xiyar kimi məhsullar qadınlarda seksual oyanış yaradır və onları yoldan çıxarır… Lakin dinçilər hakimiyyətdən devrildikdən sonra sekulyar dünyagörüşlü şəxslər həmin ruhanini tapıb kötəkləməklə cəzalandırmışdılar…
Ərəb ölkələrində din xadimlərinin belə düşkün fitvaları geniş yayılıb. Hesab edirlər ki, əxlaq normalarını yaratmaq və qorumaq birbaşa onların vəzifəsidir və onların inhisarındadır. Onlar əxlaq elmində o qədər “irəli gediblər” ki, hətta qadınların “seksual oyanışına” səbəb ola biləcək ərzaq növlərini müəyyənləşdirir və “qara siyahı”ya daxil edirlər. Çünki, seksual fəallıq, seksual azadlıq da onların inhisarında olan sahədir?!
Allahın nemətlərinə də əxlaqsızcasına yanaşan bu cür din xadimləri və ya kişilər hansı haqla qadın əxlaqını müzakirə edə, qiymət verə bilərlər? Qadınların əxlaqını müzakirə etmək kişilərə qalmayıb. Qadın bədənini müzakirə edən kişi iyrəncdir. Insanı dünyaya gətirən və onu tərbiyələndirən Ana qadındırsa, kişi kimdir ki, qadına əxlaq dərsi keçsin?! Dərk edirsinizmi, bəşəriyyətin Əxlaq Anası qadındır, qadın!
Ancaq, söhbət təkcə ərəb ölkələrindən getmir. Məsələn, Iranda qadınlara hansı növ corabları geyinməyin məsləhət olduğunu mollalar buyurur… Demə, bu islam cəmiyyətində “qadının corabla ayaqlarını hansı həddə örtməsi” kimi problemləri mollalar – kişilər çözürlər… “Qadın paltarı onun bədəninin çıxıntılarını bildirməməli” kimi məsləhətləri də onlar verirlər; sanki dəb ustasıdırlar?! Hələ “qadın qaş aldıra bilər-bilməzmi” kimi sualları da molla kişilər cavablandırır…
Ərəb və ya fars din xadimlərinin qadın mövzusunda söylədikləri Azərbaycanda həmişə ya ikrah, ya da istehza ilə qarşılanıb. Azərbaycan türkləri bütün müsəlman dünyasında mövhumat və qaragüruhun aradan qaldırılması üçün Türkiyə nümunəsində “modern islam ölkəsi” modelini həmişə təqdir ediblər. Lakin son 10 ildə Türkiyə hakimiyyətində dini-siyasi qüvvələrin önə çıxması səbəbindən xəyal qırıqlığına uğrayıblar. Çünki, onlar modern və demokratik Türkiyəni həm də Azərbaycanın güvənc yeri hesab ediblər.
Bəs, bu gün Türkiyədə nələr müşahidə olunur: keçmiş baş nazir, indi isə prezident Rəcəb Tayyib Ərdoğanın – dövlət xadiminin (?!) dilindən qadının neçə uşaq doğması barədə məsləhət eşidilir… O, hətta hamiləlik əleyhinə vasitələrdən istifadəni “dövlətə xəyanət” hesab edir?! Onun sözçülərindən birisinin dilindən isə “qadın ictimai yerdə gülməyəcək” kimi çağırışlar da səslənir.
Bəli, bugünədək kişiyə yaraşdırmadığı belə hərəkətləri yalnız ərəb-fars dindarlarından görən, ancaq ciddiyə almayan azərbaycanlılar indi isə bu cür halların Türkiyədə dövlət səviyyəsində baş qaldırmasından məyus olmaya bilməzdilər. Əlbəttə, bunun nədənini də bilir – hazırkı Türkiyə hakimiyyətinin əsl Türk ruhuna, Türk xarakterinə sahib olmamasında görürlər.
Deməli, harda dini yönlü hakimiyyət varsa, orada qadınlar təhdid altında, ən azı mənəvi-psixoloji təzyiqlə üz-üzədirlər. Azərbaycanda kişilərin “arvad işinə qarışması” prinsipcə, yad haldır, qəbahətdir. Bizdə belələrinə məişət səviyyəsində təsadüf edilir, ancaq onlar da aqressiv tərzdə davranmırlar. Ictimai və ya rəsmi yerlərdə qadını müzakirə etmək isə heç təsəvvürə gəlmir.
Lakin təəssüf ki, son zamanlar Azərbaycana da ixrac edilən dini-siyasi cərəyanların təsiri ilə bəzi kişilərin qadına-ailəyə münasibətində radikallaşma müşahidə olunur. Məsələn, qadınları zor gücünə hicab və ya çadra örtməyə məcbur edirlər. Ən narahatedici məqamlardan biri isə ailədaxili münaqişələr və ya qısqanclıq zəminində ərin arvada, qardaşın bacıya, oğulun anaya qarşı törətdiyi cinayətlərin az qala tendensiya xarakteri almasıdır.
Axır zamanlar ölkəmizdə elə “namus-qeyrət fədailəri” də üzə çıxdı ki, sonucda onların sözdə əxlaq adamı, əməldə isə sadəcə axmaq olduqları bilindi. Belələri Azərbaycanda arvadlarını “naməhrəm gözlər”dən qorumaq üçün çadraya bürüdükləri halda, sonra arvadlarını da götürüb Suriyaya, Iraqa – “müqəddəs müharibə”yə yollandı, sonda isə həlak olaraq arvadlarını yadlara buraxdılar…
Ümumiyyətlə, niyə, namus-qeyrət qoruyucusu rolunda yalnız kişilər çıxış etməlidir? Niyə, xəyanət üstündə yalnız kişilər qadınları cəzalandırmalıdır? Ailədə xəyanətlə üzləşən qadınlar niyə səbir etməli, bunu görməzdən gəlməlidirlər? Xüsusilə də nəzərə alınsa ki, kişilər qadınlara qarşı davamlı şəkildə xəyanət edir və ya ən azı xəyanətin bir addımlığında olurlar…
Qadına şiddət problemi ailədaxili məsələ kimi qarşılanmamalıdır. Bu məsələ həm ictimaiyyətin, həm də dövlətin gündəlik nəzarətində saxlanılmalıdır. Eyni zamanda, qadına-uşağa təcavüz edən, onları qətlə yetirənlərin vəhşiliyinə səssiz qalmamalıyıq. Ölüm cəzasının ləğv edildiyi ölkələrdə belə cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə tətbiq edilməlidir. Çünki, qadına-uşağa təcavüz ən iyrənc və bağışlanmaz cinayətdir. Qadın-uşaq qatili hər cür alçaqlığa gedər. Belə cinayətləri törədənlərin cəmiyyət arasında yaşamaq haqqı yoxdur.
Bu yerdə, gözü qızmış adamlara Islam Peyğəmbəri Hz.Məhəmmədin bircə nəsihətini xatırlatmaq kifayət edər: “Qadın elə incə məxluqdur ki, onu yarpaqla belə vurmaq olmaz”…
Şövkət Məmməd