3 milyon manata görə əhalini soyuqdan qırırlar

istilik“Azəristiliktəchizat”la “Azəriqaz” arasında qalmaqal yarandı

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 3 milyon manat borcu var. Noyabrın 15-dən 3 gün ötməsinə baxmayaraq, mənzillərə istilik sisteminin verilməməsinin səbəbi də məhz budur.

“Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az saytına “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu olduğunu təsdiqləyib:

“Doğrudur, borcumuz var. Amma “Azəriqaz”ın bilərək bu qədər gözləyib noyabrın 15-də bu borcu tələb etməsi, qazanxanalara verilən qazı kəsməsi doğru deyil. Bütün yayı harada yatmışdılar? Məhkəməyə verərdilər. Lap indi versinlər, problem də məhkəmə qaydasında həll olunsun. Hazırda qazı bağlayıblar, qazanxanalarımız işləmir. Ona görə də əhalinin çox hissəsinə istilik verə bilmirik”.

R.Əliyev deyib ki, problemin aradan qaldırılması üçün danışıqlar aparılır:

“Danışıqların nəticəsindən asılı olaraq, yəqin ki, qaz veriləcək. “Azəristiliktəchizat” olaraq borcla bağlı qazın bağlanmasına yaxşı münasibət bəsləmirik. Burda sakinlərin nə günahı var ki? “Azəriqaz” da dövlət təşkilatıdır, biz də.

Borc isə indinin deyil, Bakı İstilik İdarəsinin vaxtından yaranan borcdur. Demək olar ki, bizim yox, atalarımızın borcudur. O vaxt “Bakıistilik” də, “Bakqaz” da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində idi. Hər iki qurum hələ o vaxtı öz işlərini tənzimləyib. “Azəristiliktəchizat” yaranan ərəfədə isə borc artıq yığılmışdı. Doğrudur, cari borcları artmağa qoymamışıq, mütəmadi ödəmişik.

“Azəriqaz”ın bu gün köhnə borcları tələb etməsi düzgün deyil. Hazırda danışıqlar gedir, çox güman ki, razılığa gələcəyik”. (Modern.az)