Azad və cəsur TÜRK QADINIna ithaf

azad-qadinRubensin «Tomris əfsanəsi» rəsmində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması

MÜƏLLIFDƏN: Bu məqalə azad TÜRK QADINI – Azərbaycan qadınını vəsf etməkçün yazıldı. Bu məqaləni hər dəfə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində ərsəyə gətirməyi nəzərdə tutduqsa da, alınmadı. Nəhayət, 17 Noyabr – Milli Dirçəliş Gününə təsadüf etdi… Uğrunda Azərbaycan Qadınının da misilsiz fədakarlıq göstərdiyi bir gün!  Elə bu münasibətlə məqaləmizi mübariz Azərbaycan qadınlarına iftixarla təqdim edirik.

I yazı

Kişilər bir gün qəhrəmanlıq edir, qadınlar hər gün!

Azərbaycan Qadını gözəldir, sevimlidir, fədakardır, şəfqətlidir… Qadınların qəhrəmanlığı bitmir, istər çətin, istərsə də adi vaxtlarda – onlar hər əzaba qatlaşırlar.

Qadın dünyaya övlad gətirir, onu boya-başa çatdırır və hər zaman övladının yanında olur.

Yaşadığımız bu ağır illərdə də dolanışıq ucbatından intihar edənlərin mütləq əksəriyyəti kişilərdir, qadınlar yox! Kişilər ailələri qarşısında məhrumiyyətlərə dözməyib özlərinə qəsd edir, əslində isə ailələrini yalnız qoyurlar… Qadınlar isə ərsiz halda belə övladları üçün sonadək mübarizə aparırlar.

Ərlər-atalar var ki, sağlamlıq problemi olan xanımını da, uşağını da atıb gedir… Qadın isə həm yaxşı, həm də pis günlərdə ərinə və uşağına dəstək olur.

Kişilər də var, qadınını dəyərləndirə bilmir, başqası ona maraqlı görünür və… vəfasızlıq edir. Qadın isə ərini itirməmək – ailəsini qorumaq üçün mücadilə edir. Bütün səyləri nəticəsiz qalsa belə, ən sonda ləyaqətini ayaq altına atmır, ailəsinə özü sahib çıxır, başını dik tutur!

Bir sözlə, kişilər bir gün qəhrəmanlıq edir, qadınlar hər gün!

Qadın daha mətindir… Kişilər ailədə nəinki qadının, hətta uşaqların elementar davranışına dözmür, özündən çıxır, adamı xəstə edəcək tonla bağırır, acıqlanırlar; Ernest Heminquey “Əcəl zəngi”ndə yazdığı kimi, lap heyvan olurlar! Qadın isə nəinki övladının, həm də ərinin nazını çəkir, onların hər hərəkətini səbirlə qarşılayır, yoluna qoyur!

Düzdür, xoşbəxtlikdən Azərbaycan ailələrinin əksəriyyətində qadının xüsusi yeri var. Hətta deyə bilərik ki, bizim ailələrdə kişilərdən çox, qadınlar söz sahibidir, hökmrandır. Bu, Azərbaycan Qadınına etibardan və sayğıdan irəli gəlir!

Ümumiyyətlə, bizim ailələrdə Qadın kişinin başının tacı, Oğul övladı vuran əli, Qız övladı qurub-yaradan əlidir… Bizcə, bu, Azərbaycan-Türk mentalitetindən irəli gəlir. Ona görə də Türk və Islam aləmində ilklərə imza atan qadınlar sırasında Azərbaycan Qadını həmişə öndə olub!

Buradaca, tarixə qısa ekskurs edək, qəhrəman və azad ruhlu qadınlarımızı xatırlayaq.

Şübhəsiz, başda dünyanın ilk qadın hökmdarı Tomris Xatun gəlir; rəhbərlik etdiyi Massaget çarlığını (müasir Azərbaycan Respublikası ərazisində) fars Əhəməni hökmdarı II Kirin hücumundan qoruyan, onun qoşununu məğlub edən, öldürülən Kirin başını isə qan dolu qaba saldırıb “Həyatında qan içməkdən doymamışdın, indi nə qədər istəyirsən iç bu insan qanından” – deyən qəhrəman TÜRK QADINI!

Sara Xatun – Şərqdə ilk diplomat qadın; Ağqoyunlu hökmdarı Uzun Həsənin anası!

Məhsəti Gəncəvi – Şərqin ilk şairəsi! Azərbaycan intibahının parlaq nümayəndəsi!

Heyran xanım – Azərbaycanın azad ruhlu daha bir şairəsi!

Aşıq Pəri  – Azərbaycanın ilk qadın aşığı; eləcə də Qarabağın ilk qadın şairi!

Xurşidbanu Natəvan – görkəmli şairə, xeyriyyəçi və mesenant, ictimai xadim; açıqfikirli və dəyanətli Azərbaycan xanımı!

Təsəvvür edin, adını çəkdiyimiz Azərbaycan qadınları hələ orta əsrlərdə və ya feodalizm dövründə yaşayıblar. Həm də şəriət qayda-qanunlarının hökm sürdüyü bir şəraitdə… Buna baxmayaraq, onlar öz sahələrində hətta kişilərlə çiyin-çiyinə çalışıblar! Bu, əlbəttə ki, zaman və məkana sığmayan Türk dünyagörüşünün nəticəsidir: Qadına yüksək münasibət!

Əlbəttə, haqqında bəhs etdiyimiz Azərbaycan qadınlarının həyat yolu hamar da olmayıb, onları çevrələrində başa düşməyənlər də var idi… Bununla belə onlar öz ideallarına sonadək sadiq qalıblar, istedad və bacarıqlarını nümayiş etdirib, qabaqcıl Azərbaycan qadınının nümunəsini yaradıblar!

Sonralar bu missiyanı davam etdirən – Azərbaycanın yeni tarixində ilklərə imza atan qadınlarımız da fədakarlıq göstəriblər. Elm-maarif və sənət yolunda üzləşdikləri maneələrin qarşısından geri çəkilməyiblər.

Budur: Nigar Şıxlinskaya – yeni çağırışlara səs verən, ali təhsil alan ilk Azərbaycan qadını və ilk azərbaycanlı şəfqət bacısı!

Sona xanım Vəlixan – Azərbaycanda ilk ali təhsilli həkim qadın!

Həmidə Məmmədquluzadə – Azərbaycanda oğlanlarla qızların birgə oxuduğu ilk məktəbin yaradıcısı!

Gövhər Qazıyeva – səhnəyə çıxan ilk azərbaycanlı aktrisa!

Şövkət Məmmədova – Azərbaycanın ilk peşəkar qadın müğənnisi!

Izzət Orucova – ilk azərbaycanlı kinoaktrisa (eləcə də ilk xanım neft mühəndisi və kimyaçı akademik); “Sevil” və “Almaz” filmlərində azad Azərbaycan qadınının obrazını yaradan xanım!

Leyla Məmmədbəyova – Azərbaycanda, Qafqazda, Cənubi Avropa və Yaxın Şərqdə ilk qadın təyyarəçi!

Qəmər Almaszadə – ilk azərbaycanlı balet rəqqasəsi!

Şövkət Səlimova – Azərbaycanın ilk qadın gəmi kapitanı!

Ağabacı Rzayeva – ilk azərbaycanlı qadın bəstəkarı!

Şəfiqə Axundova – Şərqdə ilk opera yazan bəstəkar qadın!

Bu, hələ tam siyahı deyil… Baxın, Azərbaycan Qadını təbiətən azad ruhlu olmasaydı, cəsur olmasaydı tarixin bütün mərhələlərində, bu qədər risklər önündə ilklərə imza ata bilərdimi? Bu ilklər isə təkcə Azərbaycanın yox, həm də Qafqazın və Türk-Islam dünyasının tarixinə yazılıb!

Bir sözlə, Azərbaycan Qadınının səsi bütün zamanlarda eşidilib: istər orta əsrlərdə, istərsə də yeni tarixdə. Biz hələ Azərbaycan folklorunun qadın qəhrəmanlarından danışmırıq; yarıəfsanə, yarırəvayət olsa da, bunlar da həyatdan götürülüb…

Təsadüfi deyil ki, Şərqdə və Islam dünyasında ilk dəfə qadına seçki hüququ da 1918-ci ildə milli istiqlaliyyətini elan edən Azərbaycanda verilib! Bu, azadlıq və bərabərlik uğrunda Azərbaycan Qadınının keçdiyi mübarizə yolunun məntiqli sonu idi… Amma, uzun çəkməyən bu istiqlaliyyət Azərbaycan qadınına da baha başa gəldi; hətta feodal münasibətlərin, cəhalət və mövhumatın hökm sürdüyü dövrlərdən fərqli olaraq, Azərbaycan Qadını siyasi baxışlarına görə ilk dəfə sovet quruculuğu illərində həbsə atıldı, sürgünə göndərildi, təhqir edildi…

1930-cu illərdə repressiya qurbanına çevrilən Azərbaycan qadınlarının dəyanəti qarşısında necə baş əyməyəsən?! Mübarizlik, döyüşkənlik Azərbaycan Qadınının ruhundadır…

Bu yerdə M.Ə.Rəsulzadənin xanımı Ümmbülbanunun həyat yoldaşına görə bir oğlunun güllələnməsinə, özünün isə qalan övladları ilə sürgünə göndərilməsinə baxmayaraq, ərindən imtina etməməsini, sonadək ona haqq qazandırmasını necə həyəcanla qələmə almayasan?

Yaxud, həyat yoldaşı, yazıçı Seyid Hüseynlə eyni ildə həbs edilən, əri güllələnən, özü isə sürgünə göndərilən istiqlal şairi Ümmügülsüm… Cümhuriyyətin ilk qadın şairi! 1937-ci ildə Bayıl həbsxanasında bolşevik rejimini ittiham edən şeirlər yazmış yeganə Azərbaycan şairi!

Eləcə də Əhməd Cavadın xanımı olduğu üçün həbs edilən, övladlarının və özünün təhlükəsizliyi üçün ərindən ayrılması təklifini alan, lakin “…mənim boşanma ərizəm ona güllədən də ağır olacaq” – deyib sürgün yolunu seçən, həyat yoldaşına sonadək sadiq qalan Şükriyyə xanım!

Nəhayət, həbsxanada “Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin…” – deyərək ruhi sarsıntılar keçirən Dilbər Axundzadə; Mikayıl Müşfiqin nazlı dilbəri!

Bütün bunlar azad Azərbaycan qadınının keçdiyi keşməkeşli və şərəfli yoldur. Ancaq Azərbaycan qadınının qəhrəmanlığı keçmişdə qalmayıb, bu gün də var! Mübariz Azərbaycan Qadınının bugünkü durumunu isə elə sovet repressiya illərindəki halı ilə müqayisə edə bilərik.

Əvvəlcə, onu bildirək ki, sovet rejimi Azərbaycan Qadınının milli vətənpərvər obrazını “zərbəçi əmək qəhrəmanı” ilə əvəzləmişdi. Yarıgerçək, yarıyalan “əmək qəhrəmanı” nümunələri yaradılmaqla Azərbaycan Qadını milli intibah yolundan “kommunizm quruculuğu” yoluna – kolxoz və sovxozlarda qul əməyinə sövq edilmişdi. Azərbaycan qadınları ictimai-siyasi həyatdan, eləcə də milli iftixar hissindən uzaqlaşdırılmışdı.

Şübhəsiz, Azərbaycanın ikinci dəfə milli istiqlaliyyətinə gedən yolda da ən vacib vəzifə milli mənlik şüurunu oyandırmaq və inkişaf etdirmək idi… Bunu elə Azərbaycan Qadını etdi, bu yolun bayraqdarı da elə Azərbaycan Qadını oldu!

Gültəkin Ananı xatırlayaq! 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatının ilk günlərində öz əlləri ilə tikdiyi üçrəngli bayrağımızı ilk dəfə Bakının indiki Azadlıq meydanına – mitinqə gətirən qəhrəman ana! O zaman heç kəsin bilmədiyi Milli Bayrağımızı geniş xalq kütlələrinə tanıtdıran, milli kimlik duyğularını alovlandıran qəhrəman qadın!

Əvvəlcə meydanda başlanan bu alov sonra hakimiyyət orqanlarını da bürüdü. Öncə sözünü meydanda deyən Azərbaycan Qadınının səsi sonra parlament tribunasından gəldi! 1991-ci il martın 7-də Ali Sovetdə Azərbaycanın müstəqilliyinə səs verən 43 “istiqlalçı deputat”dan ikisi cəsur qadınlar – Dilarə Əliyeva və Məryəm Həsənova oldu!

Təəssüf, Azərbaycanın ikinci müstəqilliyi də Azərbaycan qadınlarına asan başa gəlmədi… Daha doğrusu, 1992-1993-cü illərdəki milli hakimiyyətin devrilməsi və onun yerini YAP rejiminin tutması ilə Azərbaycan Qadını 1930-cu illərdə yaşadıqlarını yenidən yaşamalı oldu…

Bu, təsadüfi deyil. Axı, YAP hakimiyyəti faktiki olaraq sovet rejiminin varisidir… YAP hakimiyyəti dövründə Azərbaycan Qadını öncə müxalifətçi ərinin həbsi ilə sınağa çəkildisə, indi siyasi fəaliyyətinə görə özü də həbsə atılır?! Analar əvvəlcə həbsxanaya müxalif oğullarını ziyarətə gedirdilərsə, indi qızlarını da dəmir barmaqlıqlar arxasında ziyarət etməyə məhkumdurlar?! Stalin rejimi “xalq düşməni”nin övladını öz atasına qarşı qoyurdusa, YAP rejimində isə hətta ananı “vətən xaini” olan övladından imtina etməyə məcbur edirlər?!

YAP rejimi öncə siyasi baxışlarına görə kişiləri intim görüntülərlə şantaj edirdisə, indi qadınların da yatağına göz qoyur?! Artıq siyasətçi atalara görə oğullardan yox, hətta qız övladlarından da qisas alırlar?! Bu gün “əri gəlməyincə, arvadının polisə aparılacağı” hədəsi ilə, yaxud müxalifətçi qadını hətta tualetdə izləməklə nakişiliyin ən alçaq üsuluna əl atırlar?!

Bu iyrənc hərəkətlərin sahiblərini Azərbaycan Kişisi saymaq olarmı? Onları öz millətimizdən hesab edə bilərikmi? 1930-cu illərin repressiyası zamanı “bədənini murdarlayıb rus hərbçilərindən namusunu qoruyan” Azərbaycan Qadınını bu gün “özümüzkülər” nümayişkaranə şəkildə necə alçaldıla bilər?!

Bu gün əyilməzlik simvolu olan Yaqublular ailəsinin çəkdiyi acılar da mübariz Azərbaycan Qadını və Ailəsinə qarşı çox vicdansız – bəlkə də ən vicdansız rəftarın nəticəsidir… Son 4 ildə bu ailə nələr yaşamayıb?! 2012-ci ildə ailənin gənc üzvü Nigar, 2013-cü ildə isə onun atası Tofiq bəy siyasi sifarişlə həbs edilirlər… 2014-cü ildə ailənin digər gənc üzvü Nərgiz və onun anası Maya xanım ailə başçısının məhkəməsindən evə dönərkən avtomobil qəzasına düşürlər… 2015-ci ilin aprelində isə… Nərgiz Yaqublu ağır xəstəlikdən vəfat edir; onun nə nişan və toy günündə, nə də xəstəlikdən əziyyət çəkdiyi son günlərində yanında atası olur?! Ölümündən 1 həftə əvvəl isə oğlu dünyaya gəlir…

Doğrudan da, zülm başqa necə olur?

Ancaq bir ailənin çəkdiyi bu qədər acı hakimiyyəti yumşaltmadı! Yalnız övladının dəfn və yas mərasimində iştirak etmək üçün 7 gün azadlığa buraxılan ata yenidən həbsxanaya qaytarıldı… Zalım başqa necə olur?!

Digər nümunələrə keçək… 2011-ci ilin aprelində müxalifətçi xanım Gözəl Bayramlının 5 sutka müddətinə azadlıqdan məhrum edilməsi o zamanadək bu kimi nadir hadisələrdən sayılırdı. Etiraz aksiyasında iştirakına görə inzibati həbs cəzası alan bu mətin qadın isə “Düşünməsinlər ki, məni sındırdılar. Əksinə, növbəti mitinqdə daha da coşqu ilə lap öndə gedənlərdən olacam” – deyərək silahdaşlarını da sınmamağa çağırdı.

2014-cü ilin mayında digər müxalifətçi xanım Kəmalə Bənənyarlının eyni səbəbə görə 30 sutka müddətinə azadlıqdan məhrum edilməsi isə ilk belə hadisə oldu. O tarixədək, yəni Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən sonrakı 23 il ərzində heç bir qadına 30 sutka inzibati həbs cəzası tətbiq edilməmişdi… Üstəlik, saxlandığı polis idarəsində silahdaşları əleyhinə ifadə verməsi üçün bu qorxmaz qadınla amansız davranmışdılar. Işgəncələrə baxmayaraq onun sözü isə bir olmuşdur: “Mənim kitabımda satmaq və satılmaq yoxdur!”

Cəmiyyətimiz bu hadisələri “hakimiyyətin Azərbaycan qadınına və anasına qarşı mənəviyyatsız davranışı” kimi qiymətləndirdi. Göründüyü kimi, Azərbaycan Qadını tarix boyu öz ölkəsinin tərəqqisi naminə bir çox yeniliyə damğasını vurduğu halda, YAP hakimiyyəti isə Azad Azərbaycan Qadınına qarşı mənəviyyatsız davranışı ilə “ilk”lərə imza atdı…

Ancaq, bu da son deyilmiş, daha dəhşətlisi qabaqdaymış?!

Şövkət Məmməd