Son illər ölkədə hökumət qurumlarının rəsmi siyasətində ciddi səhvlərə imza atması halları daha çox müşahidə edilir. Artıq elə bir psixoloji vəziyyət yaranıb ki, toplum bunu adi qarşılayır. Vətəndaşlar hökumətin doğru qərar alacağına ümidini itirib. Az bir qism yüksək səslə, böyük əksəriyyət isə pıçıltı ilə olsa da bunu deyir. Bu səhvlər bütün sahələrdədir. İqtisadiyyat, siyasət, qanunçuluq, diplomatiya, din və başqa sosial-ictimai sahələrdə özünü qabarıq göstərir. Ən çox narahat edici məqam isə budur ki, bilmirsən hökumət öz yanlışını görmək imkanını itirib, ya hansısa məcburiyyət onları bu istiqamətə sürükləyir, ya da bu yanaşma düşünülmüş rəsmi siysətin tərkib hissəsidir? Elə absurdlar baş verir ki, sanki dövlət idarəetmə təfəkkürü tamamilə itirilib. Bəzən istəməsək belə, baş verən bu absurd olaylara fəal vətəndaş münasibəti ifadə etmək zərurəti yaranır. Belə biabırçılığa fikir bildirməmək cəmiyyət qarşısında mənəvi məsuliyyət yaradır. Bəlkə kimlərisə hansısa yanlış addımdan çəkindirməyə xidmət etmiş olarıq.
Bu gün yenidən hökumət qurumu tərəfindən qanunlar, təməl hüquqlar ayaqlar altına atıldı. Qanunçuluğu qorumaq, onu toxunulmaz dəyər halına gətirmək vəzifəsi daşıyan rəsmi orqan, siyasi mülahizələrlə qanunu lazımsız kağız parçası halına gətirmək iradəsi sərgiləyir. Ədliyyə Nazirliyi heç bir əsas yox, hətta ağılabatan bəhanə də olmadan AXCP-nin qurultayının nəticələrini təsdiq etməkdən yayınıb. Rəsmi dövlət qurumu qanunlara hörmətsizlik etmək bir yana, həm də çox pis ənənənin bünövrəsini qoyur. Sabah 5-6 nəfər toplaşıb YAP və ya hansısa başqa bir partiyanın siyasətini bəyənmədiyi üçün həmin adla yeni partiya yaradacağı təqdirdə bu presedentə əsaslanmayacaqmı? Mən çox təəssüf edirəm ki, ölkədə siyasi münasibətləri, hüquqi dəyərləri dağıtmaq istiqamətində təhlükəli addımlar atılır. Qanunlara sayğısızlıq edən qurumlar vətəndaşlara necə nümunə ola bilər. Bu gün güclü də ola bilərsən, qanunları da tapdaya bilərsən, insanları da əzə bilərsən, lakin bunun əbədi olacağı qənaətinə gələnlərin amansız faciələrə sürükləndiyini unutmaq lazım deyil. Zorbalıqla idarə edənlər həm özlərinə, həm də xalqlarına misilsiz bədbəxtliklər gətırib.

AXCP ilə bağlı qərar zərərli presedent yaradacaq
•
•