Ölkəni ixtisarlar dalğası bürüyüb

ixtisarYaxın 6 ayda bu proses daha  böyük vüsət alacaq

Ölkədə kütləvi ixtisarlar  prosesi baş verir. Bir müddət öncədən başlayan ixtisarlar dalğası əksər qurumların əməkdaşlarının kütləvi şəkildə işdən çıxarılmasıyla nəticələnib. Xatırladaq ki, “Azəriqaz” və  “Azərkimya” SOCAR-a birləşdirilməmişdən əvvəl, neft şirkətində 73 min işçi çalışırdısa, hazırda  SOCAR-ın işçilərinin sayı təxminən 52 min nəfərdir. Bundan başqa, ölkənin bank sektoru ciddi ixtisarlarla üzbəüz qalıb. Bu sektorda ÿvəziyyət heç də ürəkaçan deyil.

Belə ki, bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı – 6,3 milyard manat həddinə düşüb. Həmçinin, kredit qoyuluşu,  ən əsası da milli valyutada verilən kreditlərin həcmi kəskin şəkildə azalıb.  Ölkə əhalisinin  ən çox əziyyət çəkdiyi problemli kreditlərin həcmi isə 1,4 milyard manata çatıb.  Vəziyyət göründüyü kimi, heç də müsbət nəticə vəd etmir. Bu ilin  üçüncü rübündə özəl banklara məxsus 6 filialın bağlandığını nəzərə alsaq, ləğv edilməsini gözləyən bankların sayının da  yeddiyə çatacağı proqnozlaşdırılır.

Ölkə əhalisinin 2,5 milyon nəfərinin  banklara borclu olduğu halda, necə bir çətin vəziyyətin yarandığını müşahidə etmək  çox asandır. Ixtisarların getdikcə artması əhalinin sosial-iqtisadi durumunun heç də yaxşı olmayacağını deməyə əsas verir. Təhsil sektorunun 60 faizinin ödənişli, əhalinin banklara külli sayda borclu olması ixtisarların fonunda ölkədə daha acınacaqlı vəziyyət yaradacaq.

Belə bir durumda ekspertlər hesab edir ki, dövlətin gəlirləri azaldıqca müəssisə və özəl şirkətlərin də gəlirləri azalır. Belə vaxtda da ilk növbədə  xərclərin optimallaşdırılması zərurəti  ortaya çıxır. Xərclərin optimallaşdırılması şərtlərindən biri isə işçilərin ixtisar edilməsi, işçi qüvvəsinin minimuma endirilməsidir:

“Bu zaman təbii ki, ixtisarlar qaçılmaz bir prosesə çevrilir. Yaxın 6 ayda ixtisarlar həm şirkətlərdə, həm də dövlət müəssisələrində davam edəcək. Çünki  gəlirlər kəskin şəkildə azaldığından başqa variant da qalmır. Ona görə də ölkədə ciddi ixtisarlar dövrü başlayır”.

Nigar