Noyabrın 13-də Fransanın paytaxtı Parisdə dəhşətli terror aktları törədilib. Hadisə yerli vaxtla saat 21 radələrinə təsadüf edir. Terrorçular Parisdə ölkə başçısı Fransua Ollandın da tamaşaçısı olduğu Fransa-Almaniya futbol qarşılaşmasının getdiyi stadionun yaxınlığında üç partlayış tərdiblər. Ümumilikdə Parisin müxtəlif yerlərində eyni vaxtda yeddi hücum təşkil olunub. Restoranlardan bir az aralıdakı konsert zalında da terrorçular içəri daxil olaraq 100 nəfəri girov götürüblər. Məlumatlara görə, konsert zalında 1500 nəfərədək adam olub.
Polis və təhlükəsizlik qüvvələri konsert zalını terrorçulardan azad etmək üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində terrorçular öldürülüb. Müxtəlif mənbələrin məlumatlarına görə, terrorçular girovların 60-nı və ya 100-nü də qətlə yetirib.
Yeddi terror aktı nəticəsində 100-160 arası ölü sayı barədə məlumatlar yayılıb. Çoxlu sayda yaralının olduğu və insan tələfatının arta biləcəyi də deyilir.
Teraktla bağlı məlumatları hissə-hissə təqdim edirik.
“Parisdəki terror aktlarının arxasında İŞİD dayanır”.
Bunu Fransa prezidenti Fransua Olland deyib.
Dövlət başçısı qeyd edib ki, bu, müharibə aktıdır və bu hücumların arxasında terrorçu ordu, İŞİD, cihadçılar dayanıb: “Onlar Fransanın, bizim bütün dünyada qoruduğumuz dəyərlərin əleyhinədirlər”.
Qeyd edək ki, Paris prokurorluğunun məlumatlara əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.
Ölkədə üç günlük matəm elan olunub.
***
Yaponiyanın baş naziri Shinzo Abe Parisdə 150 nəfərin ölümünə səbəb olan terror aktına münasibət bildirib: “Parisdə təşkil olunan zalım və mərhəmətsiz terror hadisəsində çox sayda insanın öldürülməsi dəhşətlidir. Səbəbi nə olursa olsun, Yaponiya olaraq terror hadisələrinin meydana gəlməsini önləmək üçün beynəlxalq aləmlə birlikdə çalışacağıq”.
***
AXCP sədri Əli Kərimli Fransanın paytaxtı Parisdə baş verən terror aktı ilə bağlı Fransa xalqına başsağlığı verib. Əli Kərimli Facebook səhifəsində yazır:
“Baxın, Paris elə müsəlmanlar üçün də, hüquq və azadlıqların təmin olunduğu, dünyanın ən yaşamalı şəhərlərindən biridir. Amma terror bu şəhəri də qan gölünə çevirdi. Dünən Parisdə təqribən eyni vaxtlarda stadionda, konsert salonunda, kafe və restoranlarda – 5 yerdə qanlı terror hadisəsi həyata keçirilib. Hələlik 153 nəfərin öldürüldüyü təsdiqlənib. 100-lərlə yaralı var. Ağır yaralılar çox olduğundan ölənlərin sayı arta da bilər. Paris və ətrafında fövqəladə vəziyyət elan edilib. Fransa xalqına və insanlığa dərin hüznlə başsağlığı verirəm. Terrorun həqiqətən də dini və milləti olmur. Hər cür terroru lənətləyirəm”.
***
İŞİD artıq internet vasitəsilə bəyanat yayaraq, Parisdə yaşananlara görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD bu hadisəni “Fransa üçün 11 sentyabr” adlandırıb.
***
Avropa Birliyinin sədri Donald Tusk: “Parisdə baş verənləri şok içində izləyirəm. Fransa xalqı və səlahiyyətliləri ilə tam həmrəyik və onların ağrısını paylaşırıq”
***
NATO-nun baş katibi Jens Stoltenberg: “Bu gecə Parisdə yaşanan dəhşətli hücumlardan şoka düşdüm. Düşüncələrim zərər çəkmiş uşaqların ailələri və Fransa xalqı ilədir. Terrorizmə qarşı mübarizədə birlik nümayiş etdirməliyik .Terrorizm demokratiyanı əsla məğlub edə bilməyəcək”
***
BMT Təhlükəsizlik Şurası Parisdə baş verənləri pisləyərək, onu “varvar və qorxaq terror aktı” adlandırıb. Qeyd edib ki, cinayətkarlar mütləq məsuliyyətə cəlb olunmalıdır. “BMT Təhlükəsizlik Şurasının üzvləri Fransa hökumətinə və ölənlərin yaxınlığına başsağlığı verir”.
***
Fransa prezidenti az öncə hadisə yerinə gələrək, jurnalistlərə açıqlama verib. Bildirib ki, baş verənlərə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb: “İndi onlar qarşılarında birləşmiş Fransanı görəcəklər”.
***
Futbol stadionunun ətrafında üç hücum təşkil olunub. Bunlardan ikisi canlı bomba, biri isə silahlı şəxs tərəfindən törədilib.
***
“SİTE” internet portalının baş redaktoru Rita Kats “Twitter”də yazır ki, İŞİD Fransaya terror aktı barədə xəbərdarlıq eləmişdi: “İŞİD üzvləri bildirmişdilər ki, “11 sentyabr ABŞ üçün nədirsə, 14 noyabr da Fransa üçün elə olacaq”
***
“Euronews”un yaydığı son məlumara görə, ümumilikdə ölənlərin sayı 100 nəfərə çatıb. Öldürülən terrorçuların sayının isə 4 nəfər olduğu bildirilir. Qətlə yetirilən vətəndaşların təxminən 60 nəfəri konsert zalında ölənlərdir. Təhlükəsizlik qüvvələrilə atışma zamanı konsert zalında 6-7 partlayış olub.
Lakin Paris meriyası ölənlərin sayının 140 nəfərə çatdığı barədə məlumat yayıb. Bildirilir ki, onlardan 100-ü konser zalında, qalan 40-ı isə digər terror aktları nəticəsində qətlə yetirilib
Türkiyə KİV-i də xəbər verir ki, konsert salonunda girov götürülən 100 nəfərin hamısı öldürülüb. Ümumi insan tələfatı 160 nəfərdir, amma tələfat arta bilər.
***
Türkiyənin baş naziri Əhməd Davudoğlu “Twitter” hesabından Parisdə baş verənlərə münasibət bildirib: “Parisdəki alçaq hücumun hədəfi bütövlükdə insanlıqdır. Türkiyə olaraq, bu hücumu nifrətlə pisləyirik. Terrora qarşı mübarizədə Fransa ilə birlikdəyik. Terror qurbanlarının yaxınlarına və fransız xalqına başsağlığı verirəm”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Parisdə yaşananlara münasibət bildirib. Ərdoğan fransız xalqına və həmkarı Ollanda başsağlığı verərək əlavə edib ki, terrorun irqi, milləti, vətəni yoxdur: “Terrorçuların hamısı pisdir. “Mənim terroristim yaxşı, səninki pisdi” məntiqini bir kənara qoymaq lazımdır. Terrorun öz məqsədini və var olma səbəbini düzgün dəyərləndirmədikcə, bunun öhdəsindən gələ bilməyəcəyik”.
***
Baş verənlərlə əlaqədar Fransua Olland Türkiyədə keçiriləcək “G-20” sammitində iştirakını təxirə salıb. Sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək.
***

***
Şahidlərin sözlərinə görə, “Bataclan” konsert zalında tamaşaçılara təxminən on dəqiqə ərzində “Kalaşnikov” avtomatından atəş açılıb. Şahidlərdən biri Amerikanın CNN telekanalına bildirib ki, cinayətkarlar üzlərini gizlətməyiblər. Xarici görünüşünə görə, onlar təxminən 20-25 yaşlarında olub. Cinayətkarların adamları girov saxladığı zaldan qaçmağı bacaran şahid onu da qeyd edib ki, o, qaçanda zalda təxminən iyirmi nəfər ölü və onlarla yaralı vardı.
***
Hazırda təhlükəsizlik qüvvələri 100-ə qədər adamın girov saxlanıldığı konsert zalından adamları xilas etmək üçün ora daxil olmağa çalışır
***
Almaniyanın xarici işlər naziri Ştanmayer, Fransa prezidenti Fransua Olland da Fransa və Almaniya arasındakı yoldaşlıq oyununda iştirak edib. Onlar hadisədən dərhal sonra xüsusi mühafizə altında stadiondan çıxarılıb
***
Rusiya prezidenti Vladimir Putin də fransız xalqına və həmkarı Fransua Ollanda başsağlığı verib. Putin Parisdə baş verənləri “vəhşi terrok aktı” adlandırıb və Fransaya dəstəyini ifadə edib.
***
Almaniya kansleri Angela Merkel də Parisdəki terror aktları ilə bağlı açıqlama verib: “Parisdən gələn xəbərlərdən və izlədiyim fotolardan dəhşətə gəlmişəm”. Kanslerin sözlərinə görə, Almaniya hökuməti Fransa hökumətilə daimi əlaqədədir. Angela Merkel fransız xalqına başsağlığı verərək, Almaniyanın Fransa ilə həmrəy olduğunu bildirib və dəstəyini ifadə edib.
***
Hücumlar Fransa-Almaniya futbol komandaları arasındakı keçirilən oyunun davam etidiyi vaxta təsadüf edir. Hələlik insanların stadiondan çıxmasına icazə verilmir. Oyunu izləyən Fransa prezidenti Ollandın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.
İlk partlayış oyun başlayandan təxminən bir saat sonra stadionun C çıxışında baş verib. İkinci partlayış isə digər çıxışda.
Hücumların kim və ya kimlər tərəfindən edildiyi hələlik məlum deyil.
***
Şahidlərin sözlərinə görə, terrorçular “Bu sizə Suriyaya görədir” deyə qışqırıblar.
***
ABŞ prezidenti Barak Obama dərhal baş verənlərə münasibət bildirib. ABŞ prezidenti baş verənləri “bəşəriyyətə qarşı terror ” adlandırıb. Obama fransız xalqına başsağlığı verməklə yanaşı, həm də dəstəyini ifadə edib.
“Bu, yalnız Parisə istiqamətli, Fransa xalqına istiqamətli bir hücum deyil, paylaşdığımız insanlıq və universal dəyərlərə qarşı bir hücumdur. Fransız xalqı tarix boyu bir neçə dəfə ABŞ-la çiyin-çiyinə durmuşdur. Bunu çox dəqiq vurğulamaq istəyirəm, terror və şiddətə qarşı döyüşdə onlarla birlikdəyik. Bir daha günahsız vətəndaşları qorxutmağa istiqamətlənmiş çirkin bir təşəbbüsə şahidlik etdik. Fransa xalqı, onların müdafiə etdiyi dəyərlər üzərində qorxu yaradacağını düşünənlər yanılır”, – deyə Obama bildirib.
Hazırda Suriya danışıqları ilə əlaqədar Vyanada olan ABŞ Dövlət katibi Con Kerri də fransalı həmkarı ilə əlaqə saxlayıb.
***
Baş verən terror aktına Britaniyanın baş naziri Devid Kameron da münasibət bildirib. Cameron Twitter hesabında yazıb:
“Bu hadisədən sonra mən şok vəziyyətindəyəm. Bütün dualarımız fransız xalqı üçündür. Əlimizdən gələn hər cür yardımı göstərəcəyik”.
***
Artıq Fransa prezidenti Fransua Olland təşkil olunan dəhşətli terror aktına münasibət bildirib:
“Çoxlu sayda ölən və yaralanan var. Baş verənlər dəhşətdir. İndi biz hökumətin təcili müşavirəsinə başlayırıq. Parisdə bir çox yer və yollar bağlanıb. Biz sərhədlərin bağlanmasından danışırıq. Biz növbəti dəfə cinayətkarların, terrorçuların hədəfi olduq. Bu qədər çox adamın ölümündən sarsılmışıq. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Bunu törədənlər qorxmağımızı istəyirlər. Qorxmağa əsas da var. Amma millər olaraq özümüzü müdafiə etməliyik və edəcəyik. İndi biz Yaşasın bizim respublika! Yaşasın Fransa!”
azadliq.info