Hakimiyyət düşünən beyinləri necə təcrid edir?

Elmler AElmər Akdemiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə müxtəlif çıxışlar edildi, tövsiyyələr verildi. Biz əvvəlki yazılarımızda ölkə başçısının tədbirdəki çıxışına,  alimlərə çağırış etməsinə münasibət bildirmişik.

Amma tədbirdə keçmiş Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da çıxış edib və bir maraqlı məqama diqqət çəkib. Əli Abbasov deyib ki, beyin axını ölkədə saxlamaq vacib şərtdir: “Burada vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən, bu gün beyin axınının yeni bir formasının – onlayn beyin axınının qarşısını almaqdır. Yəni internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir”- deyə Əli Abbasov bildirib.

Düşündük ki, Əli Abbasovun bu fikirlərinə mütləq münasibət bildirmək lazımdı. Bəli, beyin axını ölkədə qalmalıdır. Amma  bu hakimiyyət dəyərli beyinləri ölkədən qaçmağa məcbur edib, ölkədə qalanları isə ləkələməklə məşğuldu.

Əvvəla, alimin ortaya samballı əsər qoyması, beynini elmə sərf etməsi üçün yüksək təminatı olmalıdır. 200-250 manat əmək haqqı alan elm adamı normal həyat yaşaya bilməz. Təbii olaraq belə adamlar öz dəyərini almaq üçün ölkədən qaçmağa, özünə karyera qurmağa məcbur olur. Alim başa düşür ki, bu ölkədə yüksəlmək üçün məddah, yaltaq olmalı, hakimiyyətin avtoritar siyasətinə boyun əyməli və öz zəhmətini başqaları ilə bölüşəmlidir.

Digər tərəfdən ortada nümunələr var və Azərbaycan üçün dəyərli olan şəxslərin necə ləkələndiyini hamımız görürük.

Məsələn, Rafiq Əliyev dünya şöhrətli alimdir və beynəlxalq tribunalarda Azərbaycanı layiqincə təmsil edir. Normal  ölkədə belə alim ən yüksək səviyyədə təmin olunardı. Amma Rafiq Əliyev “Ziyalılar Birliyi”nə qoşulandan sonra onu Universitetdən xaric etdilər. Bir-iki tənqidi fikirlərinə görə ona qarşı qaralama kampaniyası aparıldı. Dünya şöhrətli kinorejissor Rüstəm Ibrahimbəyov hakimiyyəti tənqid etdiyinə görə “vətən xaini” kimi təqdim olundu, mətbuat, telekanallar vasitəsilə bu şəxsə qarşı ən iyrənc ittihamlar səsləndirdi. Rəhbərlik etdiyi teatrın fəaliyyəti dayandırıldı, ona yaxınlığı ilə seçilən aktyorlar hədələndi və.s. Hansıki, Rüstəm Ibrahimbəyov “Oskar” mükafatına layiq görülüb, dünyada tanınır və Azərbaycanın imicinə müsbət çalar qata biləcək adamdı.

Tarixçi alim Cəmil Həsənlinin kitabları dünyanın ən mötəbər Universitetlərində dərs vəsaiti kimi istifadə olunur, ən mötəbər tədbirlərə bu adamı dəvət edirlər, kitabları müxtəlif dillərə tərcümə edilib və ciddi bir elm adamı kimi qəbul olunur. Amma Cəmil Həsənli də hakimiyyəti tənqid etdi, ölkədəki neqativ halları dilə gətirdi və bununla da “qara siyahı”ya düşdü. Indi hökumət mətbuatı bu adamla bağlı  iyrənc materiallar hazırlayır, ona qarşı şər-böhtan kampaniyası aparılır, ən səviyyəsiz adamların dilindən təhqir olunur və.s

Əslində belə nümunələr çoxdur. Bəstəkar Cavanşir Quliyevdən tutmuş, filoloq Kamil Vəliyə qədər yüzlərlə ictimai-siyasi xadimlər ölkədən getməyə məcbur olub. Müxalif mövqedə olduğu üçün, hakimiyyətə yaltaqlanmadığına görə yüzlərlə savadlı kadr işdən kənarlaşdırılıb, məhrumiyyətlərə düçar olub, ləkələnib. Bu gün şərlənərək həbs olunmuş Intiqam Əliyev, Leyla Yunus, Xədicə Ismayıl, Anar Məmmədli, Seymur Həzi və digərləri də Azərbaycanın tanınmış, ziyalıları, ictimai-siyasi xadimləri deyilmi?

Demək istəyirik ki, ölkədən beyin axınını hakimiyyət özü  zəruriləşdirir. Beyni ilə bu ölkəyə uğur gətirəcək adamlar ya həbs olunub, ya ölkədən didərgin salınıb, ya da susmağa məcbur olub.

Ona görə də elmin və alimin bu vəziyyətə düşməsinin günahnı Əliyev hakimiyyətində axtarmaq lazımdı. Bu hakimiyyət üçün  ölkəyə beyin axını yox, ciblərə pul axını lazımdı.  Məqsədyönlü şəkildə düşünən beyinlər sıradan çıxarıldı, sındırıldı. Yalançı ziyalılar, alimlər isə məddahlıq edə-edə  özlərinə komfort həyat qurdular.

Samir