Son günlər ölkənin valyuta bazarında ciddi bir canlanma müşahidə edilir. Artıq Mərkəzi Bank son 4 iş günündə ölkədəki kommersiya banklarına ümumilikdə 241 mln. ABŞ dolları satıb. Belə ki, ötən həftənin cümə günü 49 mln. dolllar, bu həftənin çərşənbə axşamı günü 94 mln. dollar, çərşənbə günü 37 mln. dollar, cümə axşamı isə 61 mln. dollar həcmində satış həyata keçirilib.
Satışın artmasına dünya bazarında dolların mövqelərinin möhkəmlənməsi prosesinin davam etməsi ehtimalları və neftin qiymətinin yenidən azalmağa başlaması amilləri səbəb kimi göstərilir. ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalının güclənməsi dollara olan tələbi artırdığından ekspertlər dollar/avro məzənnəsinin ilin sonuna qədər paritetə çatacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, keçən ilin bu dövründə də hazırkı mənzərə hakim idi. Həmin proses isə manatın dollar qarşısında dəyər itirməsiylə müşahidə edilən 21 fevral devalvasiyasıyla nəticələndi. Görəsən, son günlər dolların satışıyla bağlı müşahidə olunan bu vəziyyət hökuməti növbəti devalvasiya məcburiyyətində qoya bilərmi?
Iqtisadçı-ekspert Qadir Ibrahimli hesab edir ki, devalvasiya məsələsi ölkə üçün həmişə aktualdır və bu artıq dolların qiymətinin dəyişməsindən asılı olan məsələdir. Neftin qiymətinin 40-42 dollara enəcəyi təqdirdə, devalvasiya qaçılmaz bir proses olacaq:
“Amma bütövlükdə hələ ki, şirkətlər daxilində devalvasiya bir qədər az ehtimal olunur. Çünki hökumət bütün resurslardan istifadə edərək manatın kursunu sabit saxlamağa çalışır. Lakin bu yenə də nisbidir. Dünya neft bazarında qiymət enməsi baş versə, hökumət onda devalvasiyaya getməyə məcbur olacaq”.
Nigar