Asif Lətifovun səhhətində problem yaranıb

asif-letifovVicdan məhbusunun valideynləri Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin baş həkimindən şikayətçidir

Hazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin Betta dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə məlumatı redaksiyamıza Asif Lətifovun anası Gülnaz Lətifova verib. Gülnaz Lətifovanın sözlərinə görə, Asif Lətifov iki həftə ərzində 25 kiloqram çəki itirib: “Buna görə Asifi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıblar.

Lakin orada onu yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Halbuki Asifin zobu var və çəkiitirmə də bununla bağlı ola bilər. Yəni, ilk növbədə bu yoxlanmalı idi. Amma Müalicə Müəssisəsinin baş həkimi Bəyalı Məmmədov məqsədli şəkildə belə edib. Bu adam hansısa səbəbdən Asifə qarşı qərəz nümayiş etdirib. Axırda iş o yerə çatıb ki, Asif Müalicə Müəssisəsini tərk edərək yenidən həbsxanaya qayıdıb”.

Gülnaz Lətifova bildirib ki, həbsxanada Asif Lətifovun heç bir problemi yoxdur: “Orada hər yer şey normaldır. Bizim narazılığımız yoxdur. Lakin Müalicə Müəssisəsinin baş həkimindən şikayətçiyik. Oğlumun səhhətində ciddi problem olduğu halda bu adam ancaq öz maraqlarını güdür, qərəz nümayiş etdirir. Onun əməlləri ilə bağlı müvafiq qurumlara şikayət edəcəyik. Təsəvvür edin, Asif deyir ki, mən uzun illər prezidentə xidmət etmişəm. Indi bir işdi olub, həbsxanaya düşmüşəm. Deyir, mənə dəxli yoxdur sən kimə xidmət etmisən. Biz demirik ki, Asifi hansısa xidmətlərinə görə digər məhbuslardan fərqləndirsinlər. Bizim tələbimiz odur ki, baş həkim üzərinə düşən vəzifəsini yerinə yetirsin. Asifin xəstəliyinə uyğun müalicə aparılsın”.

Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.