Təbrizdə məni utandıran soydaşım

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Bir il öncə Təbrizə getdim. Açığını deyim ki, Güneylə bağlı məqalə və çıxışlarıma görə “getmə, həbs edərlər” deyib nigarançılıq keçirən yaxınlarımın əndişəsini görməzdən gəlib illərlə həsrətini çəkdiyim, getsəm özümü saxlaya bilməyib ağlayacağımı düşündüyüm Təbrizə üz tutdum.

Təbrizi xəyalımdakı kimi görmədim, qürurluydu, amma elə bil bu dünyada heç yerə aid deyildi – küskün, qəmli və üzgün… Və bu qürurlu, amma üzgün şəhərdə həyatımda utanmadığım qədər utandım.

Təbrizin tarixi bazarına getdik, Şəhriyarın məzarını və Ərk qalasının ziyarətdən sonra bizə tarixi yer kimi oranı nişan vermişdilər. Əlvan metaldan hazırlanmış müxtəlif qabların yanında dayanıb bir necəsinə baxdım. Əl işi idi hamısı, qədim şərqin ruhunu daşıyırdı və mən o anda indi də məni utandıracaq sualı verdim.

– İranın istehsalıdır bunlar?

– Yox, Güney Azərbaycan malıdır.

Ömrümdə yaşamadığım xəcalət hissini duydum. Satıcıya üzrxahlıq edib ona bu ruhu daşıdığına görə təşəkkür etdim. Güneyin sadə satıcısı, piştaxta arxasında oturan taciri Quzeyin vətənpərvər yazarına əslində, vətənpərvərlik dərsi vermişdi. Nə olursa olsun, harda olursan ol, vətənlə bağlı yanlış etməmək dərsi…

İndi, Azərbaycanın güneyində insanlar meydandadır və mən yenə utanıram…

Onlar, zindan və edam qarşısında təkçə özlərinin deyil, bütün türklərin qürurunu qoruyurlar. Neçə gündür ki, ən çox Güneylə bağlı xəbərləri izləyirəm – nigarançılıqla və qəzəblə… İçimdə həm qürur, həm də qəzəb var. “Niyə?”lər beynimi deşir.

Niyə bir olan millət bu qədər ikiləşib?

Niyə Azərbaycanın bir tərəfində xalq bir tv proqramının təhqirinə haqlı olaraq bu qədər həssaskən, bir tərəfində dövlət səviyyəsində təhqir olunarkən kimsədən səs çıxmır?

Niyə Təbriz bu qədər qürur və heysiyyatına düşkünkən, öz ləyaqətini qanı bahasına qoruyurkən, Bakı bu qədər yenik və əxlaqsız biri kimi hər kəsin üzünə irişir?

Niyə Güney dövlətsiz, dilsiz, məktəbsizkən orda fars şovinizminə meydan oxuya bilir, amma dövləti, məktəbi, dili olan Quzeyin dili susub, ləyaqətini əzdirib necə deyələr, hər gələnin qabağına yürüyür?!

Güneydə adi etiraz ən ağır məşəqqət, zindan və edamla sonuclana bilər. Buna baxmayaraq, orda insanlar öz milli qürurunu ucunda edam, işgəncə olsa belə, qoruyur.

Burda nə var? Polisin dəyənəyi və bir də Kürdəxanı həbsxanası… Kimsə deyə bilməz ki, burdakı məhbəs həyatı ilə Güneydəki məhbəs həyatı eynidir. Biz Bakının küçələrində yük qaldıran maşınların ucunda yellənən meyitlər görmədik. Amma Təbrizin hər küçəsi belə səhnələrə şahidlik edib.

Etirazının ucunda ölüm olan Güney təhqirə dözmür, amma torpağını işğal etmiş ermənilərin kilsəsinə pulsuz qaz verdiyini böyük iş görürmüş kimi deyən , ölkənin sərvətini erməniyə pay edib burda kəndləri təzəyin, kol-kosun ümidinə buraxan hakimiyyətin təhriqinə kimsə səs çıxarmır.

Dəfələrlə savaşıb məğlub edilmiş Təbriz ruhdan düşmür, amma bir dəfə xalq hərəkatı edib məyusluğa uğramış Quzey illərdir ki, özünə, laqeyidliyinə maska taxmaq üçün bir bəhanə uydurub: “Mübarizənin xeyri yoxdur!”

Azərbaycanın qüzeyi saxtalaşdırılmış seçki komediyasına, tv efirlərindəki bayağı müğənnilərin bazar söhbətlərinə, heç bir xəcalət hissi keçirmədən yalan danışıb onu təhqir edən məmurların hədyanlarına, hər seçki kampaniyasında ağlına gələni danışıb ətrafa yalan və əxlaqsızlıq toxumu səpən “siyasətçilərə”, orduda oğlunu öldürüb üstünə göndərən qatillərə şahidlik edir, amma susur.

22 ildir ki, Azərbaycanın Quzeyində hər kəs, özünü zahirən bir şey zənn edib yuxarıdan tutan iş adamından, sadə vətəndaşına qadər təhqir olunur, insan yerinə qoyulmur.

Güneydə “türklərin ağzından pis qoxu gəlir” deyib aşağılamağa çalışırlarsa və bunu fars edirsə, burda bizi öz dövlətimizin başında duranlar insan yerinə qoymur, amma yenə kimsədən səs çıxmır.

Bu üzdən də utanıram…

Utanıram və xatırlamağa çalışıram. Təbrizin küçələrində fars dili qulağa dəyirdimi? Yox… Amma Bakıda hələ indi də rus dilini mədəniyyət zənn edib bu dildə danışanlar var.

Bakı sovet dönəmində sovet, indisə öz kimliyi olmayan şit bir şəhərdir. Niyə?

Bəlkə ona görə ki, biz 21- ci yüz ilin başında hələ də milli kimliyimizdə var- gəl edib arada qalmışıq?!

“Biz türk deyilik” deyib qürur nümayiş etdirənlər “tatar”, “müsəlman milləti” adlandırılmasına heç bir etiraz etməyib, amma öz adı ilə çağırılmasına qarşı çıxır. Erməninin torpaq işğalını, iqtidarın Rusiyaya yıxılmasını ləyaqətsizlik saymırıq, amma öz adımızla çağırılmağı qürurumuza sığışdırmırıq.

İndi düşünün. Öz milli kimliyinə sahib çıxa bilməyib adını ərəb, fars, soyadını rus sonluğu ilə bəzəyən bir millət necə milli davaya qalxa bilər?!.