z qaralov

“Səidin dəstəsi” ilə bağlı Zakir Qaralova müraciət olundu

z qaralovEldar Mahmudovun uydurduğu və 14 nəfəri bədbəxt etdiyi bu «cinayət işi»

Said Dadaşbəylinin Müdafiə Komitəsi Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”a göndərilib. Müraciətdə ölkə başçısı Ilham Əliyevin 17 oktyabr tarixli sərəncamı xatırladılaraq bildirilir ki, 2007-ci ildə günahsız həbs edilən 14 gənc MTN-nin oğurluqla, soyğunçuluqla məşğul olan yüksək rütbəli məmurları sayəsində hələ də həbsdədirlər: “Səid Dadaşbəyli Ələkbər oğlu 13.01.2007-ci il tarixində ”Olimpik Star” kompleksindən, boiling oynarkən həyat yoldaşının yanından “səninlə bir saatlıq işimiz var” adı ilə MTN-in əməliyyat qrupu tərəfindən cinayət məhsuliyyətinə cəlb olunub.

Hər şey də bu həbsdən başlandı. Onu dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək, qanunsuz silah-sursat və narkotik maddələrin saxlanması ilə bağlı (şahidsiz, sübutsuz, əsassız olaraq, işgəncə verərək) cinayətdə təqsirli hesab edərək 14 il azadlıqdan məhrum ediblər. 10 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra məhkəmə prosesi 2 ay bağlı qapı arxasında keçirildi. Hakim Ənvər Seyidov proses zamanı valideynlərə heç bir köməklik edə bilməyəcəyini söyləməklə, oğlumla bərabər 13 gəncə ağır cəza verdi. Apelyasiya Məhkəməsi martın 3-də 2 saat ərzində şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin hökmünü təsdiqlədi. Mənim iddiamı təsdiq etmək üçün yalnız məhkəmə zamanı çəkilmiş kasetə baxmağınız kifayətdir. Həbsdən əvvəl oğlum Səid Dadaşbəyli 19 yaşlı psixi (17b) xəstəliyə görə hərbi xidmətdən azad olunan Əliyev Ramin tərəfindən şantaj edilmişdi. O, Səidə şantaj dolu məktublarla hədə-qorxu gəlirdi. Bildirirdi ki, guya Səid dövlətçiliyə qarşı çıxır və onun bu əməlləri haqda MTN-ə xəbər verəcəyi ilə hədələyirdi. Səid Dadaşbəyli dərhal MTN-nin anti-terror Mərkəzinin rəisi Elçin Quliyevə rəsmi müraciət edərək onu bu barədə məlumatlandırdı. Hörmətli Zakir müəllim, sual olunur, casus, dövlət çevrilişinə cəhd göstərən şəxs, evində və maşınında “silah-sursat və narkotik” saxlayan adam MTN-dən kömək istəyərmi? Bu hadisə 2006-ci ilin dekabrın əvvəlində, oğlumun həbsindən bir ay əvvəl olub. Istintaq nəinki buna hüquqi qiymət verməyib, hətta Ramin Əliyevi cinayət məsuliyyətinə belə cəlb etməyib. Halbuki, Ramin Əliyev ifadəsində Səiddən hədə-qorxu vasitəsilə 5 min manat, sonra isə 300 dollar tələb etdiyini etiraf etmişdi. Hətta onu buna MTN-nin vadar etdiyini də söyləmişdi. Ittihamda qeyd olunur ki, oğlumun avtomaşınında silah-sursat və narkotik maddə aşkar edilib. Bu həqiqətə uyğun deyil. Onu dəqiq bilirəm ki, onların göstərdiyi silah-sursat, narkotik maddə oğluma məxsus olmayıb. O zaman Səid Dadaşbəyli tibbi narkoloji ekspertizadan keçdi. Narkoloji ekspertiza Səid Dadaşbəylidə narkotik istifadəsinə dair heç bir şey aşkar etmədi. Ancaq bu rəy də istintaq tərəfindən nəzərə alınmadı. Açıq-aşkar görünür ki, narkotik maddələr də silah kimi onun maşınına əməliyyatçılar tərəfindən atılıb. Iş üzrə bütün dindirmələr onu göstərdi ki, Səid Dadaşbəyli dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxsdir. Silah-sursat, narkotik ittihamı bir daha onun və dostlarının xüsusi sifarişlə həbs olunduğunu sübut edir. Dövlətə xəyanət maddəsinin dispoziyası çox güman ki, istintaqa bəlli deyil. Səid Dadaşbəyli və 13 gənc hansı əməlləri ilə Azərbaycan Respublikasının suverenliyini, ərazi toxunulmazığını, dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini sarsıdıb, onların zərərlərinə hərəkətlər edib? Təəssüf ki, bu sual da açıq qalır. Cinayət işinin materiallarında istintaqın bu fantaziyasına dair heç bir sübut görmədik. Səid Dadaşbəylinin dini moizələri, dini yığıncaqları hakimiyyəti zorla ələ keçirtməyə xidmət edirmiş? Buna dair cinayət işinin materiallarında heç bir sübut və heç bir ifadə  yoxdur. Səidə qarşı ittihamda qeyd olunur ki, o, dünyada yayılmış bir-birinə zidd olan “Hizbullah”, “Hizbutəhrir”, “Həmas” təşkilatlarının ideyalarını, Islama dəxli olmayan “masonluğu” təbliğ edirmiş. O, bir-birinə zidd olan təriqətlərin ideyalarını necə təbliğ edə bilər, bunlardan necə bəhrələnə bilər? Iş materiallarından, şahid ifadələrindən, özünün ifadəsindən və bizim bildiyimizdən, Said Dadaşbəyli Iran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb”.

Komitə bütün sadaladıqlarını əsas gətirərək sual edir: “Səid Dadaşbəyli Irana necə işləyə bilərdi? Hansı ki, onun istəyi Azərbaycanı Avropa qaydasında, sivil görmək idi və ifrat radikal islamçıları sevmirdi. Konstitutsiyanın 48-ci maddəsində göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Səid Dadaşbəyli ziyalı mühitdə böyüyüb və tərbiyə alıb. O, ali təhsilli iqtisadçıdır. 5 dili mükəmməl bilir. Iki övladı var. 1998-ci ildən Azəri-Mi Drilling Fluids Amerika – Azərbaycan müştərək neft şirkətində koordinator vəzifəsində şərəflə çalışıb. 2004-cü ildə Kanadanın Toronto şəhərində oturum almışdı. 2007-ci ilin fevralın 12-də ailəsi ilə Torontaya getməli idilər. Onun həbsiylə paralel ailəsini təqib etməyə başladılar, yaxınlarının telefonlara hədə-qorxu gəldilər. Onun həyat yoldaşı MTN-ə müraciət etsə də, cavab verilmədi”.

Komitə baş prokurordan ədalətin bərpa olunmasını xahiş edir: “Sifarişlə şərlənmiş, oğurlanmış övladlarımızın tezlikə ailələrinə qayıtmasına vasitəçi olun”.