“Otvyorka” sözünün dilimizə tərcüməsi…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin mərhum jurnalist Mahal Ismayıloğludan niyə üzr istədiyini yəqin ki, çoxlarınız bilir. Bilməyənlər üçün deyim ki, rəhmətlik bu addımı o vaxtkı daxili işlər nazirinin jurnalistə qarşı kobudluğundan sonra etmişdi.

Ədalət naminə, həmin nazir özü də Mahal Ismayıloğluya münasibətdə biganəlik eləmədi. Hətta rəhmətlik Mahal bəy zarafatla deyirdi ki, “bu, həyatımın ən xoş döyülməyi idi”.

MTN-nin sabiq şefi Eldar Mahmudov və onun dəstəsinin hər keçən gün bir iyrənc əməlindən xəbər tuturuq. Buraxın döyülməyi, var-dövlətini, sağlamlığını, hətta həyatını belə itirənlər var.

Kimsə, hətta hakimiyyətin yuxarı eşelonunda qərar tutan ikinci, üçüncü, beşinci, altıncı dərəcəli adam belə, bu dəhşətli 11 ilə görə üzrxahlıq duyurusunda bulunmadı. Mən hələ adamlara dəymiş yüzmilyonlarla maddi zərərin ödənilməsindən danışmıram. Ən azı, təsəlli etmək olmazdımı?

Əksinə, əllərinin altında olan resurslardan istifadə edərək, gündəmi dəyişməyə, hədəfi azdırmağa çalışırlar. Bu saat dəxli olan da, olmayan da, prezidentin Milli Elmlər Akademiyasındakı çıxışından “ruhlanaraq” elmimizə, dilimizə  qayğıdan danışır. Mənim üçün ən maraqlısı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun açıqlamaları oldu. Nazir obrazlı desək, quşu gözündən vurdu: “Burada vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır…”

Allah xatirinə, özünüz deyin, komandasının bir hissəsi həbsxanaya “axın etmiş” nazirin ümumiyyətlə, danışmağa haqqı varmı?

Adına iqtidar partiyası dediyimiz YAP, ən azı, siyasi etiket xatirinə ölkənin altını üstünə çevirən bu dəhşətli olaylara hansısa formada münasibət bildirməli idi. Lakin YAP-ın  ARTILLERIYASI başqa bir hədəfə tuşlanıb. Partiya iki həftədir ki, Elza Seyidcahandan qisas almaq eşqilə yanıb tökülür.

Ola bilsin ki, bu yazı çapa gedəndə artıq YAP-ın Elza Seyidcahan haqqında qəti qərarı məlum olacaq. Çox güman ki, ona ya şiddətli partiya töhməti verəcəklər, ya da canlarını birdəfəlik ondan qurtarmaq üçün partiyadan xaric edəcəklər. Ümid edək ki, YAP bu xanıma qarşı amansız olmayacaq. Ən azı, telekanallara çıxışına veto qoymayacaq. Çətin də olsa, ümid edək.

Əslində, YAP düz ayağına qədər gələn bu şansdan istifadə etməli idi. Elza Seyidcahanın Milli Məclisə deputat seçilməsilə (haqqının verilməsilə-X.Ə) seçkilərə ekzotik, hətta deyərdim, demokratik don geyindirmək olardı. Şəxsən mən müğənninin rəqibi olan YAP-ın namizədi, fəaliyyətdə olan depuat Tahir Süleymanovun varlığından ilk dəfə 2011-ci ildə xəbər tutmuşam. Elə bilməyin ki, o Milli Məclisdə hansısa təşəbbüs-filanla çıxış edib, qanun layihəsi hazırlayıb. Xeyr. Xəbər, sadəcə onun… düşdüyü avtomobil qəzasından yüngül xəsarətlə qurtarması haqda idi. Hətta bu yazını yazanda da tənbəllik etməyib, “Google”da axtarış verdim və bu “stajlı” deputat haqqında qəza və iki cümləlik tərcümeyi-halından başqa heç nə çıxmadı. Bu illər ərzində adam sanki ictimaiyyətdən nə işlə məşğul olduğunu gizlətməyə çalışıb. Hətta onun ixtisasca hansı peşənin sahibi olduğu da müəmmadır.

Belə bir mənzərənin fonunda dünənki “Yeni Müsavat” qəzetinin manşetini “müxalifətin böhranı”ndan bəhs edən “analitik” yazı bəzəməsəydi, razılaşın ki, darıxdırıcı olardı…

Son günlər gündəmdə olan digər məsələ isə dilimizə “qayğı”dır. Hazırda alimlərdən ibarət Terminologiya Komissiyası dilimizə yeni sözlər daxil etməkdədir. Komissiyanın rəsmi saytından oxudum ki, bizim bildiyimiz və əsasən varlı məmurların istifadə etdiyi “cakkuzi”yə uyğun gələn söz tapılıb. Bundan sonra rəsmi dildə ona “suçiləyici” deyəcəyik. Mən dilçi deyiləm, amma bu fikirdəyəm ki, bu yeni terminə xalq öyrəşənə qədər müvəqqəti olaraq, “türkün sözü” ilə işlədilsə, pis olmaz.

Yəqin ki, hörmətli alimlərimiz yaxın zamanda “otvyorka”nın da dilimizə necə tərcümə olunduğunu bizə deyəcəklər.