Nemət Əliyev: «Manat üzən kursa buraxılarsa, məzənnə 20 faizə qədər dəyişə bilər»
Manatın kursu ilə bağlı yaşanan qeyri-müəyyənlik vətəndaşlarda ikinci devalvasiyanın yaxın zamanlarda gerçəkləşəcəyi fikrini artırır. Belə ehtimal olunur ki, qısa müddət ərzində manatın dollara nisbətdə kursunun 5 qəpik bahalaşması əslində Mərkəzi Bankın manatı üzən kursa buraxmaq niyyəti ilə bağlıdır. Bəs manatın kursu sərbəst buraxılarsa, məzənnə hansı səviyyəyə qədər arta bilər.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, manatın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik və ajiotaj yalnız valyutadəyişmə məntəqələrində aktivliklə hiss olunmur. Eyni zamanda Mərkəzi Bankın gündəlik məzənnələrində də bu hiss olunur. Gündəlik olaraq avronun məzənnəsində ucuzlaşmanın müşahidə olunduğunu deyən N.Əliyev bildirdi ki, manatın avro ilə fərq məzənnəsi 1.19-dan 1.13-ə düşüb: “Bu, altı faizə yaxın azalma deməkdir. Son üç gün müddətində rəsmi məzənnəni nəzərdən keçirsək, o zaman biz artan dinamikanı müşahidə edəcəyik. Rəsmi məzənnə bir günün içində 1.0498-dən 1.0501-ə qədər qalxdı. Daha sonra isə bu məzənnə 1.0504 oldu. Əlbəttə, bu cüzi artım olsa da, Mərkəzi Bankın manatın dollara olan məzənnəsində tərpənişin baş verdiyini göstərdi. Bu mənzərənin özü onun əlamətidir ki, Mərkəzi Bank bir yerdə dayana bilmir. Yəni bu o deməkdir ki, Mərkəzi Bankın ipinin üstünə odun yığmaq mümkün deyil”.
Dövlət büdcəsində ciddi çatışmazlıqların olduğunu deyən N.Əliyev vurğuladı ki, ilin başa çatmasına iki aydan da az müddət qalıb. N.Əliyevin sözlərinə görə, Mərkəzi Bank manatı kağız parçasına çevirmək hesabına büdcədəki kəsirləri qapaya bilər: “Hakimiyyət problemi qeyri-neft sektorunu inkişaf etdirməklə həll etmək niyyətində deyil. Ona görə Mərkəzi Bankın dollar qarşısında manatın məzənnəsinin aşağı salınması istiqamətində fəaliyyəti davam edəcək. Manatın hazırda müşahidə olunan yumşaq məzənnə dəyişikliyi ayın sonunda daha sürətli ola bilər”.
Bəs manatın üzən kursa buraxılması məzənnəni necə dəyişə bilər? N.Əliyev vurğuladı ki, manat üzən kursa buraxılarsa, məzənnə 20 faizə qədər dəyişə bilər. Bu addım atılmazsa, deməli, hökumət dövlət büdcəsi ilə üzərinə düşən öhdəlikləri 30-35 faiz icra etməyəcək.
Xəyal



