Tanınmış YAP-çı adminstrasiya rəhbəri barədə yazdığı yazını yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyini deyib
«Getsin otursun evində, dincəlsin. Daha kamil, daha bacarıqlı və köhnə təfəkkürdən uzaq olan bir şəxs gəlsin otursun orada, işləsin»
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbərinin fəaliyyətini tənqid edib. O, bildirib ki, Ramiz Mehdiyev barədə yazıb və bu yaxınlarda həmin yazını ictimailəşdirəcək: “Bir problem yoxdur. Çalışdım ki, Mehdiyevin obrazını qismən də olsa yarada bilim.
Çünki bu şəxs o dərəcədə mürəkkəb və qapalı xarakterə sahibdir ki, onu tam olaraq bütün çalarları ilə canlandırmaq asan məsələ deyil. Ancaq elə bilirəm ki, hədəfə yaxınlaşa bilmiş, bu bənzərsiz intriqa ustasının portret cizgilərini yarada bilmişəm. Problemi başqa bir yerdə axtarmaq gərəkdir. Ölkə mətbuatının böyük bir qismini öz maraqları çərçivəsinə salan bu adamın tənqidi barədə yazı dərc etdirmək müşkülə çevrilib. Təsəvvür edin, qorxudan yaxın düşə bilmirlər. Mən onları da başa düşürəm, neyləsinlər, addım atmış olsalar həmən başları üzərində ”Domokl qılıncı” kimi Ramiz Mehdiyevin dayandığını görəcəklər. Amma başa düşə bilmirəm, nədən bu toxunulmazlıq yalnız ona verilib.
Dövlət başçısını, digər yuxarı məmurları tənqid etmək olar, onu isə yox. Bu çox biabırçı və dərk edilməsi çətin olan bir haldır. Mən bunun canlı şahidiyəm. Yaxın günlərdə onun barəsində epizodik olsa da bir-iki fikir söylədim, dərhal üzərimə hücuma keçdilər və səviyyə ölçülərini gözümə soxmağa başladılar. Dəhşət də burasıdır, o hansı səviyyədir elə. Bəlkə başqaları üçün məqbuldur, mənim üçün məqbul deyil. Mən onu çox gözəl bilirəm, savadına da imkanlarına da bələdəm. Öz düşündüyüm tərzdə də onun siyasi obrazını yaratmağa çalışmışam. Bunu ictima fikrə təqdim edəcəm. Amma, bunun çapı məsələsi məni gecə-gündüz düşündürür. Kim bunu dərc edəcək, kim bu cəsarəti göstərəcək, bax onu deyə bilmirəm”.
Eldar Sabiroğlu deyib ki, onun Ramiz Mehdiyevlə bağlı heç bir qərəzi yoxdur: “Sadəcə olaraq bu adam haqqında öz düşüncələrim var. Bunu mənə heç kim qadağan edə bilməz ki, bu məsələni ictimailəşdiməyim. Bu adam uzun illərdir ki, böyük vəzifələrdə kök salıb və zənnimcə ölkədə intriqa məsələlərinin yaradıcısı və aparıcı şəxsi kimi onun işləməsi daha bəsdir. Getsin otursun evində, dincəlsin. Daha kamil, daha bacarıqlı və köhnə təfəkkürdən uzaq olan bir şəxs gəlsin otursun orada, işləsin. Niyə başqaları üçün bu ola bilir, onun üçün qadağandır. O nə qədər Heydər Əliyevə sadiq olan adamları vurub sıradan çıxarıb. Soruşmaq lazımdır? Bunları nə üçün edibsən? Bütün tələləri qurmaqda o aparıcı rol oynayıb, sonradan kənara çəkilib. Ictimaiyyətə də belə təqdim ediblər ki, bunun heç nədən xəbəri yoxdur, hər şeyi birinci şəxs edir. Ayıbdır belə şeylər. Səmimi olaraq bir fikrimi də çatdırmaq istəyirəm ki, bu məsələdə onun haqqında siyasi hekayət yazmaq fikrinə düşməkdə onun siyasi cocuqlarının mənə qarşı atdığı böhtanlar da böyük rol oynadı. Yoxsa belə hərəkət etməzdim. Ona görə də mən, o cocuqlar barədə yox, onun özü barədə siyasi hekayətimi oxucuların nəzərinə çatdıracam. Kim nə düşünür-düşünsün, mənim bir yolum var: Bu yol Heydər Əliyev yoludur. Beş il 2000-ci il parlament seçkilərindən sonra işləmədim, iki il indi işsizəm. Heç bir iş də istəmirəm, umacağım da yoxdur. Ancaq bəziləri bir-iki ay belə işləməsə idi səsləri hansı cəbhədən gələcəkdi, onu bir allah bilir. Vəzifə elə bir pis şeydir kənara çəkilin, deputatlığı, icra katibliyini qoyun yerə. Qoyun, çəkilin kənara, başqası gəlib işləsin, daha siz çalışdınız, yoruldunuz, zəhmətinizə görə də çox sağ olun. Mən belə başa düşürəm ki, bu gün prezidentə maneçilik törədənlər məhz dövlət hakimiyyətinin içərisində olanlardır. Onlar müxalifətdən daha təhlükəlidir”.