Astaranın Pensər kəndi su altında qala bilər

astara-lovheKənd sakinləri ölkə rəhbərliyindən kömək istəyir

Astara rayonu Pensər kəndinin bir qrup sakini sel sularının yaratdığı fəsadlar və onun gələcəkdə yarada biləcəyi ağır təhlükələrdən narahatlıqlarını bildirərək ölkə başçısı və fövqaladə hallar nazirinə müraciət ünvanlayıb. Həmin müraciətin surəti redaksiyamıza da göndərilib. Pensərlilərin narahatlıqlarını təqdim edirik:

“Biz Talış dağlarının başlanan Təngərüdçayın sahilində yaşayırıq. Əcdadlarımızın məskunlaşdığı bu yerlər bizim üçün də doğma əzizzdir. Bu çay Pensər kəndini iki hissəyə ayırır. Yaz və payız aylarında yağan leysan yağışlar, eləcə də yazda dağlarda qarın əriməsindən əmələ gələn sel suları bizə böyük problemlər yaradır.

Bu ilin oktyabr, noyabr aylarında yağan güclü yağışlardan sonra daşan Təngərüdçay sahil kəndlərinə böyük ziyan vurub. Daşqın həyətyanı sahələri qalxaraq torpaqları yuyub aparıb. Artıq çayın məcrası yaşayış evlərinə yaxınlaşıb. Növbəti sel evləri apara bilər.

Biz dəfələrlə aidiyyatı qurumlara bununla bağlı şikayət etmişik, amma səsimizə səs verən yoxdur. Doğrudur bu ilin yayındaçayın sağ sahildə sahilbərkitmə işləri aparılıb. Amma sol sahil nədənsə yaddan çıxıb. Bizim dolanışığımız torpaqdandır. Həyətimizdəki sitrus meyvələri məhv olub gedir. Növbəti daşqınlar evlərimizi də apara bilər, insan tələfatı ilə nəticələnə bilər”.

Müraciəti imzalayan sakinlər sonda ölkə başçısından Təngərüdçayın Pensər kəndi ərazisindən keçən sol sahilində sahilbərkitmə işlərini aparılması barədə müvafiq təşkilatlara göstəriş verməsini xahiş ediblər.

azadliq.info