20 yaşlı Konstitusiyanın başına gələnlər

konstitusiya

Ana qanunumuz necə yetim qaldı?

Təbii ki, ədalətin, şəffaflığın, demokratiyanın olmadığı ölkədə heç bir qanunun dəyəri ola bilməz. Belə ölkələrdə yazılmamış qanunlar yazılmış qanunlara meydan oxuyur. Konstitusiya hər bir dövlətin ana qanunudur və bu qanunlar bir qayda olaraq dəyişməz qalır. Bəzən Konstitusiyalara əlavə və dəyişikliklər edilir ki, bu da mütərəqqi dəyişikliklər olur. Yəni bu dəyişikliklər oturuşmuş ənənələri ləğv etməyə, hakimiyyətlərin azadlığını artırmağa, şəxsi maraqları təmin etməyə yönəlmir.

Amma Azərbaycan tamam fərqli bir zehniyyətin idarəetməsində olduğu üçün Konstitusiya “qaralama dəftər”ə çevrilib. Hökumət istədiyi vaxt ana qanunumuza qarşı “nankor övlad” rolu oynaya bilir.

Bəli, Konstitusiyamızın birinci maddəsi “Hakimiyyətin mənbəyi xalqdır” olsa da, ilk növbədə bu maddə sıradan çıxarılıb. Çoxdandır ki, bu ölkədə xalq yalnız səfalətin, dərdin, ehtiyacların mənbəyinə çevrilib. Hökumət ölkə sərvətlərinin mənbəyinə o qədər bənd olub ki, xalqın mənbə olduğunu unudub. Elə xalq da, Konstitusiya da özü haqqında yazılanlardan bixəbərdi.

Bu illər ərzində Konstitusiyamıza çox “əlavə və dəyişikliklər” edilib. Bir neçə belə nümunəni yada sala bilərik.

Məsələn, möhtərəm və möhtəşəm hökumətimiz Konstitusiyaya dəyişiklik edərək proporsional sistemdən mojaritar seçki sisteminə keçdi. Təbii ki, belə bir dəyişiklikdə məqsəd seçkiyə can vermək yox, seçki sistemini xəstələndirmək idi.

Daha sonra Konstitusiyaya dəyişiklik edildi və Baş nazir postu təyinatlı oldu. Yəni baş naziri parlamentin deyil, prezidentin seçməsi məqbul sayıldı. Bu dəyişiklikdə məqsəd  Ilham Əliyevin baş nazirliyə gedən yoluna çıraq yandırmaq idi.

Konstitusiyaya ən “dahiyanə” dəyişiklik isə ömürlük prezidentliyə aparan yola “asfalt” döşəmək oldu. Bəli, bütün dünyada 2 dəfədən artıq prezident olmaq cəhalətin, avtoritarizmin, geriliyin simvolu hesab edilsə də, möhtərəm hökumətimiz bunu mütərəqqi addım kimi təqdim etməyə çalışdı. Beləliklə, Konstitusiyanı hörmətdən salıb, 2 dəfədən çox prezident olmaq arzusunu qanuniləşdirdilər.

Yeri gəlmişkən, bu ölkədə “Konstitusiya Məhkəməsi” də mövcuddur. Amma bu ölkədə “məhkəmə” anlayışı “məzhəkə” ilə əvəz olunduğu üçün, Konstitusiya Məhkəməsinin də heç bir mötəbərliyi qalmayıb. Devalvasiyadan sonra əhaliyə ciddi zərər dəydi və Konstitusiya Məhkəməsi xalqın zərərinə qərar çıxardı. Bir daha aydın oldu ki, Konstitusiya Məhkəməsi  Prezident Aparatının sifarişliərini yerinə yetirən qurumdur.

Konstitusiyamıza qarşı belə “soyqırım” faktları çoxdur. Sadəcə olaraq bir neçəsini xatırlatmaqla mənzərəni şəffaflaşdırmaq istədik.

Bəli, bayrağımız kimi, Konstitusiyamız da xoş gün görmədi.  Artıq sadə vətəndaş da başa düşür ki, ana qanunumuz yetimçiliklə böyüyür. Daha doğrusu bu “yetim”i böyüməyə də qoymurlar. Hər dəfə bir “orqan”ını dəyişirlər.

Demək istəyirik ki, xalqı hakimiyyətin mənbəyi kimi qərar verən ana qanunumuz, indi şəxslərin oyuncağına çevrilib. Indi Konstitusiyanın maddələrinə məhəl qoymadan adamları ağır maddə ilə həbs edirlər, sərbəst toplaşmaq azadlığından məhrum edirlər, hər hansı məsələdə şəxslərin “qanun”una istinad edirlər və s.

Bir sözlə, bu gün “Konstitusiya Günü”dür. Bayramınız mübarək olsun. Amma unutmayaq ki, bu günün qeydinə qalmadan, bu günü qeyd etməyin bir mənası yoxdur.

Biz ana qanunumuzun qanuni övladları olduğumuzu təsdiq etməliyik. Bu qanun kiminsə qarşısında titrəməməlidir, əksinə, qanunsuzluq edənlər Konstitusiya qarşısında tir-tir əsməlidir.

İlham