Televiziyada azərbaycanlıların təhqir olunmasına etiraz edən onlarla soydaşımız həbs olunub, işgəncələrə məruz qalıb
Mənsur Həqiqətpur: «Bu səhlənkarlığa yol verənlər cəzalandırılmayana qədər bu işdən əl çəkməyəcəyik»
İran telekanalında Azərbaycan türklərinin təhqir olunmasına etirazlar dünən də davam edib. Təbriz Universitetinin yüzlərlə azərbaycanlı tələbəsi ali təhsil ocağının həyətində toplaşaraq, etirazlarını ifadə ediblər. “Günaz.tv”nin yaydığı məlumata görə, “Haray-haray, mən türkəm!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirən güneyli soydaşlarımız üzərində irqçilik əleyhinə şüarlar yazılmış plakatlar qaldırıblar. Tələbələr ölkədə Azərbaycan türklərinin vaxtaşırı dövlət televiziyasında təhqir olunmasını pisləyiblər.

Güney Azərbaycanın Meşginşəhr şəhərində isə azərbaycanlıların təhqir olunmasına etiraz edən 22 nəfər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan 4-nün yaşı 18-dən azdır.
Muğan əyalətində də həbslər həyata keçirilib. Təxminən iyirmi nəfər azərbaycanlı fəalın saxlanıldığı bildirilir. Məlumata görə, saxlanılanlar arasında azərbaycanlı yazar ÿElşən Böyükvənd də var. O, dünən parkda gəzərkən həbs edilib. Yaxınları ondan heç bir xəbər ala bilmirlər. Harada saxlanması haqda da məlumat verilmir.

Abbas Lisani həbsxanada aclıq edir
Ərdəbil şəhərində keçirilən etiraz aksiyaları da təhlükəsizlik qüvvələrinin zorakılığı ilə dağıdılıb. Məlumata görə, hazırda Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan tanınmış milli-mədəni fəal Abbas Lisaninin iki oğlu da rejim qüvvələrinin hücumuna məruz qalıb və döyülüb. Məlumata görə, bir neçə nəfər Atilla və Oqtay Lisaninin təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü görüb. Məruz qaldığı zorakılıq nəticəsində Atillanın bədəni göyərib və hazırda o, nəfəs çatışmazlığından əziyyət çəkir.
Bu arada, həbsxanada bir illik cəzasını çəkən Abbas Lisani İran televiziyasında azəri türklərinin təhqir edilməsinə etiraz olaraq keçirilən yürüşlərə dəstək vermək məqsədilə aclıq aksiyasına başlayıb.
Yeri gəlmişkən, Meşginşəhrdə etiraz aksiyasında tutulan və saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülən azərbaycanlı fəal Aydın Zakiri də aclıq aksiyası keçirir. Onun vəziyyətinin yaxşı olmadığı bildirilir.
Məlumata görə, Aydın Zakiri saxlanılarkən baş nahiyəsindən xəsarət alıb. Fəalı döyən təhlükəsizlik qüvvələrinin sayının azı 10 nəfər olduğu bildirilir.

Təhqir edənlərin cəzalanması üçün prokurorluğa müraciət
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur dünən jurnalistlərə açıqlamasında azərbaycanlıların dövlət televiziyasından yayımlanan bir proqramda təhqir olunmasına münasibət bildirib.
İranın Ərdəbil şəhərindən deputatlığa seçilən Mənsur Həqiqətpur deyib ki, məsələ ilə bağlı Tehran prokurorluğuna şikayət göndəriblər: “Biz ”Fitilə” proqramının hazırlanmasında əli olanların ciddi tənbeh edilməsini istəyirik və bununla bağlı Tehran prokurorluğuna şikayət məktubu da göndərmişik. Biz bütün türkdilli əhalidən səbirli olmalarını istəyir, onlara söz veririk ki, bu səhlənkarlığa yol verənlər cəzalandırılmayana qədər bu işdən əl çəkməyəcəyik.

Elə buna görə də türkdilli əhalidən xahiş edirik ki, iğtişaş yaranmaması üçün öz hisslərini cilovlasınlar. Aydın məsələdir ki, qarşıdurma və iğtişaş yaradanlar bilikli və dərrakəli türkdilli əhalidən deyillər. Mən bu barədə İranın Dövlət Radio-Televiziyasının rəisi Sərəfrazla danışmışam. O, bu işdən narahat və peşman olduğunu bildirib, bir neçə xətakar şəxsi işdən çıxarıb. Lakin biz həmin şəxslərə qarşı ciddi tədbir görülməsini tələb edirik. Buna görə də Tehran prokururluğuna məsələ ilə əlaqədar şikayət etmişik”.
Xatırladaq ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri təhqir edilib. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq, irqçiliyə qarşı etiraz aksiyaları keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada onlarla azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.
Onu da əlavə edək ki, hər cümə günü efirə gedən “Fitilə” verilişinin yayımı İranda yaşayan azərbaycanlıların şikayətindən sonra dayandırılıb. Bununla əlaqədar İranın Dövlət Televiziyası soydaşlarımızdan üzr istəyib. Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.
İnformasiya şöbəsi



