Gözqamaşdırıcı parad təntənəsini izləmək üçün böyük bir xalçanın üstünə cəmləşmiş yüzlərlə adam təsəvvür edin. Sonra qəflətən ayağı xalçaya ilişib yıxılan və müvazinətini itirən onlarla adamı yerə yıxan bir köntöyü. Bəlkə, buna talesizlik və ya tədbirsizlik də demək olar. Fərq etməz, məsələnin mahiyyəti başqadır. Odur ki, xırda bir ehtiyatsızlıq üzündən paradın bütün dadı-duzu qaçar. Yıxılan insanların pərtliyi də təsirsiz ötüşməz. Hələ ciddi xəsarət alanlar varsa, arada ciddi bir panika da yaşanar. Indi ölkə o durumdadır. Illərdir gözqamaşdıran paytaxt atəşfəşanlığının ortasına kabus girib. Ayağı xalçaya ilişən ilk adam hər kimdisə, xalça üzərindəkilərin hamısının kefini əməllicə qaçırıb. Yıxılan, əzilən, zədə alan şəxslərin sayı getdikcə artır. Hər kəs ürəyində həmin ehtiyatsız hərifi söyür bəlkə, amma günahın əsas ucu o xalçadadır. O ucu ki, adamın ayağına ilişib onu yıxmışdı. Elə həmin adamları o xalçanın üzərində bir araya gətirən də ortaq günahları idi. Etdikləri günahların paradını izlədiklərini də unutmuşdular o anda. Lakin görünür, ilahi bir qüvvə xatırlatdı ki, uçan xalça nağıl uydurmasıdır, əslində, azıb havalara uçmağın bir yerə uçulmağı da var…
Görün, o xalçanın ortasında nə oyunlar dönürmüş… Məsələn, həmin yıxılanlardan biri şəhərin yaşıllığını qırıb-töküb özünə şadlıq sarayı tikdirib. Buna əngəl olan gəncəcik bir jurnalisti də ölüm təhlükəsi qarşısında ölkədən çıxmağa məcbur edib. Hələ bu adamın illərdir çevirdiyi gizli dolabları Allah bilir. Amma indi bəndələrə də məlum olur ki, adamın xüsusi zindanı belə varmış. Zindanı olmaq öz hakimiyyəti olmaq kimi bir şeydir elə. Bəli, belə… Qanunun başına daş salınanda olacağı bu. Olacağı o ki, ölkənin təhlükəsiz bir qanadında özünə yuva qurub, əlindən gələn hər pisliyi edə bilərsənmiş. Kim bilir, belələrinin haqqına girdiyi məsum insanların sayı nə qədərdir… Nə qədər qanlara bais olublar. Nə qədər anaları ağlar, gəlinləri əli qoynunda, qapıları bağlı qoyublar. Kim bilir…
Biz bu qədər zülmə, həqarətə niyə dözürük? Bu qədər ədalətsizliyi necə sığışdırırıq özümüzə? Bu qədər əyilməyi, əzilməyi, alçalmağı necə qəbul edirik? Bu qədər gözüqıpıqlıq, başıqapazlılıq, boynubüküklük hardan işlədi qanımıza? Niyə özümüzün bu hala salınmağımıza yol verdik ki? Niyə səssiz qaldıq heysiyyatımızın bunca tapdanmasına və heçə sayılmasına? Niyə qorxacaq olduq belə? Əslində, qorxunu öldürmək çox asan bir şeydir, bilirmisiniz? Bəzən bunu bir köpək belə öyrədə bilər bizə…
Bir müdrik gölün başında susuzluqdan yanan köpəyin su içmək istədiyini görür. Baxır ki, köpək hər dəfə gölə əyilib tam su içəcəyi anda kənara qaçır. Diqqət edincə anlayır ki, köpək susayıb, amma hər dəfə gölə əyilib əksini görərək qorxduğundan, suyu içmədən kənara qaçır. Sonda köpək susuzluğa dayana bilmir və özünü gölə atıb əksini görmədən suyu içir. Müdrik: “Bir insanın istəkləri ilə öz arasındakı əngəl çox zaman öz içində böyütdüyü qorxulardır. Insan bunu aşarsa, istədiklərini əldə edə bilər… Bir də insan nə qədər müdrik belə olsa, bir köpəkdən öyrənə biləcəyi şeylər var…”- deyir öz-özünə.
Inan ki, gerçəkdən qorxunu enmək çox zor deyil. Yetər ki, haqqınıza sahib olmaq istəyiniz doğru və güclü olsun. Yetər ki, qətiyyət və inad göstərəsiniz. Yetər ki, başınıza gələn bunca bəlalardan dərs çıxarmağı bacarasınız. Yetər ki, bunları istəyəsiniz. Istəsəniz, bir köpəkdən öyrəniləcək şeylər də var gerçəkdən…