Məhəmməd Talıblı
Niyazi Mehdinin “Fəlsəfədən diddiklərim” kitabında Avropanın məsələlərə soyuqqanlılıqla yanaşması ilə bağlı bir iqtibas diqqətimi çəkmişdi. Bu məqam Avropanın çətin seçim qarşısında qalaraq qərar vermək çətinliyi ilə bağlı idi. Demək, 2000-ci illərdə Sərhədsiz Həkimlər qurumuna məlum olanda ki, onların Əfqanıstana göndərdiyi dərmanlar müxtəlif yollarla qara bazarlara çıxarılaraq satılır, onda bu xəbər onları həm sarsıtdı, həm də vicdanlarını sınağa çəkdi. Artıq müzakirə bu həddə gəlib çıxdı: yardımları davam etdirək, yoxsa dayandıraq? Sonda bu düşüncə qalıb gəldi və bu fikir ətrafında konsensus yarandı. Arqumentləri çox lakonik idi: “Avropa dəyərlər sistemini mədəniyyətlərin fərqinə qurban versinlər və dərmanları yollamağa davam etsinlər.” Bu yanaşmanı Azərbaycanla bağlı belə əlaqələndirsək; Azərbaycanla korlanmış münasibətlərə nöqtə qoyaq, yoxsa strateji partnyorluq səviyyəsinə çatana qədər təkamül və səbrlə minimal əməkdaşlığı davam etdirək? Amma qarşılıqlı etimadsızlıq şəraitində əməkdaşlığın necə davam etdirməsi də çox çətin görünür. Dialoq mühiti qapanıb. Azərbaycan üzünü Avropadan çevirərək, Avrasiya İttifaqına döndərir. O Avrasiya İttifaqı ki, hələ təsis olunmasının hələ heç ili tamam olmayıb. Onun nəinki oturmuş strukturu və işlək mexanizmi var, hətta daxili prosedurları, missiyası və hədəfləri hələ detallı təsnifatlaşdırılmayıb. Yalnız bir cümlə ilə ifadə olunacaq dəqiq məqsədi sezilir: Rusiyanın çətərinin altına daha çox tərəfdaş ölkə toplamaq! Hələlik isə Avrasiya İttifaqına üzüyola və Rusiyanın vəssalı olan ölkələr qoşulub: Belarus, Ermənistan və Qazaxıstan.
Krımın ilhaqının geçəkləşdirilməsindən başlamış Suriyadakı hərbi əməliyyatlara qədər Rusiya ölkə sərhədləri xaricində pul xərcləyir. Dövlət büdcəsi kəsri ilin sonuna 41 milyard dollar proqnozlaşdırılır. Neftin qiyməti durmadan duşur. Rezervlərdən əldə olunan neft pullarının akkumlyasiya olunduğu ehtiyat fondunun aktivləri sürətlə azalır. Hətta 1-2 ilə bütün bunların tamamilə “əriyəcəyini” proqnozlaşdırmaq da olar. Təkcə əriyən Rusiyanın maliyyə ehtiyatları deyil, Putinizm bir çürük və inzibati terroru təşviq edən sistem olaraq da əriyir.
Ticarət tərəfdaşları: Avropa və Rusiya
Azərbaycanın xarici ticarət dövriyyəsində də Avropa İttifaqı ölkələrinin payı az deyil. 2015-ci ilin 9 aylıq göstəricilərinə görə, idxal olunmuş məhsulların 30 faizi Avropa ölkələrinin, 22 faizi isə MDB ölkələrinin payına düşüb. 8,7 milyard dollarlıq ixracatımızın 5,3 milyard dollarlıq neft və neft məhsullarını avropalılara sata bilmişik. Yəni, ixracatımızın 60 faizini. MDB məkanına isə cəmi- cümlətanı 344 milyon dollarlıq məhsul ixrac edə bilmişik. İndi MDB ölkələri ilə idxal-ixrac əməliyyatlarının coğrafi bölgüsünə diqqət edək. İxracatımızın 3,4 faizini keçmiş SSRİ məkanına sata bilmişik. Bu cari dövrdə MDB məkanına 45 faiz səviyyəsində daha az məhsul ixracı deməkdir. Az qala yarıbayarı MDB ölkələri ilə ixracatımızda azalmalar var. Bu isə qeyri-neft sektorunun zəif inkişaf etməsini göstərir. Çünki, biz qeyri-neft ixracatımızı əsasən MDB ölkələri ilə əlaqələndirmişik. Halbuki, biz özəl sektorun inkişafını daha çox Qərb və Avropa şirkətləri ilə sıx əməkdaşlığına nail olsaq, bu bizə daha yaxşı inkişaf vəd edir. ABŞ və Aİ ölkələri ilə Avrasiya İttifaqının ideya müəllifi olan Rusiyanın iqtisadi gücləri arasında fərqləri aydın görmək olur. Rusiyanın təkcə bir dövlət olaraq deyil, eyni zamanda özəl sektoru da Qərb şirkətləri ilə müqayisədə güclü inkişaf mərhələsinə gəlib çatmayıb. Bu ilin (yanvan-sentyabr) iqtisadi göstəricilərinə görə, ABŞ-ın 500 ən iri şirkətlərinin ümumi gəliri 12,5 trilyon dollar təşkil etdiyi halda, Rusiyanın 500 şirkətinin gəlirləri isə cəmi 1,5 trilyon dollar səviyyəsində olmuşdur. Müasir texnologiyaların tətbiqi və rəqabətədayanıqlı sistemin üstünlükləri hesabına inkişaf trayektoriyası cızan Avropa və Qərb şirkətlərinin orbitindən kənarda yalnız inhisarçılıq və keyfiyyətsiz xidmət sektorları var. Seçim yenə bizdən asılıdır.
Avropanın enerji təminatında Azərbaycanın payı və rolu
Tez-tez təkrarlanan ritorikadır: “Qərbə bizim neftimiz lazımdır”, “Avropa bizimlə qaz almasına görə əməkdaşlıq edir”. ABŞ-ı hər zaman neftlə təhdid edib, onun enerji maraqlarını təmin etməklə hər şeyi edəcəyimizi düşünmüşük. Hər türlü “kaprizlərə” dözəcəklərini zənn edərək, orta səviyyəli bir seçki də keçirməmişik. Həmin Qərb və Avropa da həmin tamaşaları çox zaman “udublar” və bunu “demokratiya istiqamətində növbəti bir addım” kimi səciyyələndiriblər. Amma neft ixracatçılarının “kaprizlərinə” sonsuzluğa qədər dözmək mümkün olmadı. ABŞ özünün yeni texnologiyalar hesabına şist qazını və şist neftini hasil etməyə başladı. Bütün bu enerji “kaprizləri” beləliklə özünün əhəmiyyətini itirməyə başladı.
Bilirik ki, Azərbaycanın ixracatdan əldə etdiyi pulların demək olar ki, hamısını neft pulları təşkil edir. Hər 100 dollarlıq ixracatın 94,5 dolları neft və neft məhsullarının satışından əldə edir. Bu pulun mənbəyinin də demək olar ki, əhəmiyyətli hissəsi Avropadan gəlir. Azərbaycan 88 ölkəyə özünün ixrac etdiyi məhsullarını (əsasən neft və neft məhsulları, qaz) sata bilir. Bu sırada ən çox ixracatda pay alan ölkə Avropa ölkələridir. Onların sayı 45-dir. Azərbaycan ixrac etdiyi neftinin yarıdan çoxunu elə iki ölkə alır: İtalya (38%) və Fransa(17%). Yerdə qalan 15 faizlik payın isə digər Avropa ölkələrinin payına düşdüyünü nəzərə alanda, məlum olur ki, Azərbaycan ixrac etdiyi neftinin elə 3 payından 2-i elə Avropa ölkələri alır. Bu zaman Avropanı ticarət tərəfdaşı (kontragent) kimi yox, Avrasiya İttifaqı ölkələrini seçsək, nə olacaq? O, ölkələr ki, Rusiya və Qazaxıstan özü böyük həcmdə enerji ixracatçıları kimi bazar axtarırlar. Ermənistan və Belarus kimi bazarlar bizim neft-qaz ixracatımız üçün deyil. Ona görə, enerji maraqları da daxil olmaqla, istənilən dəyərləri bölüşmək baxımından Avropaya alternativ yoxdur. Yalnız militarist dövlət olmaq iddiası olan və dünyada hərbi-zorakı dildə danışmaq məqsədi olan dövlətin siyasi yolu Rusiya və onun ideya müəllifi olduğu Avrasiya İttifaqı ilə kəsişə bilər.
Avropanın bizim qaza möhtac olması haqqında təkəbbür nağılığını ciddi adamlar danışmaz. Bunun çoxlu səbəbləri var. Amma bir neçə rəqəm təsəvvürlərimizin daha dəqiq sərhədlənməsinə yardımçı olar. Avropanın illik qaz ehtiyacı 600 milyard kubmetrdir. Azərbaycan isə ildə cəmi 30 milyard kubmetr hasil edə bilir. Yaxın illərdə qaz ixracatının artmasından sonra belə bizim Avropanın qaz təminatında payımız 2 faizdən çox olmayacaq. İki faizlik paya görə, belə əvəzolunmazlıq təkəbbürü yerində görünmür. Belə davranış ən yaxşı halda Rusiyaya məxsus ola bilər. Çünki, Avropanın illik qaz ehtiyacı Rusiyanın qaz ixracatı qədərdir. Amma burada da məsələ təkcə yenə enerjinin çoxluğunda yox, ondan daha səmərəli istifadə siyasətindədir. Avropa enerjidən asılı olaraq eyni zamanda ondan daha da qənaətlə və səmərəli istifadə üzrə də yaxşı göstəricilərə malik olan ölkələr birliyi sayılır. Əgər enerji itksinə görə 2014-cü ildə Azərbaycanda bu göstərici 10-12 faiz təşkil edirsə, Avropa məkanında bu rəqəm cəmi 1 faizdir. MDB məkanında isə bu rəqəm 2 faiz olub. Yalnız enerji təminatı aspektində yox, eyni zamanda iqtisadiyyatın digər sektorları üzrə müqayisələr də Avropanın üstünlüyü fonunda baş verir. Bu mənada Avropaya yalnız qaz idxalçısı kimi baxmaq da doğru deyil. Yüksək texnologiyalar, keyfiyyətli elektotexnika məhsulları və digər malları idxal edirik.
Avropanı Rusiyaya necə dəyişmək olar?
Avropa ÜDM adambaşına bölgüsünə görə dünyada birincidir. Avropa yüksək həyat standartları, sosial rifah səviyyəsi və keyfiyyətli yaşam meyarlarına görə çox öndədir. Avropa bu inkişaf səviyyəsinə resurs “lənətinə” və ya təbiətin hədiyyəsinə görə gəlib çatmayıb. Onun bir sistem olaraq üstünlüyü insana verdiyi dəyər və onun yaratdıqlarına görə lotoreya uduşundan qazananlardan tam fərqli bir siyasi və iqtisadi məkan olması ilə bağlıdır.
Avrasiya İttifaqı amorf siyasi birlik kimi düşünülsə də, Avropa İttifaqı strukturlaşmış və qarşılıqlı sərmayə axınına görə sıx əməkdaşlıq formatıdır.
Avrasiya İttifaqı ölkələrində devalvasiya hər gün demokl qılıncı kimi başlarından asılı qalır, Avrozona isə 13 ildir bazarda olan valyutaları olan avronu dünyada ikinci əsas valyuta olaraq dəyərini qoruyub-saxlayır.
Dünya ticarətinin 20 faizdən çoxu Aİ ölkələrinin payına düşdüyü halda, Avrasiya İttifaqında hələ yenicə ticarət tərəfdaşları formalaşdırmaq istəyir.
Avrasiya İttifaqının əsas mühərərriki sayılan Rusiya sanksiyalardan üzülərək xarici borclanma üçün mənbələr axtarır, Avropa İttifaqı isə təkcə dünyada toplam yardımların 50 faizini təmin edir.
Bütün parametrlər üzrə Aİ və Avrasiya İttifaqının müqayisə olunmayacaq üstünlükləri bizi daha çox rasional-praqmatik maraqları müdafiə etməyimizi zəruri edir.