Əliyevin ölkəni təcridə aparan modeli

ilhamaliyev-shekide1İnteqrasiyadan imtina edib inkişafı necə təmin etmək olar?

Hər dəfə etiraf olunur ki, bu hakimiyyət ölkəni işıqlı gələcəyə yox, qaranlıq keçmişə aparır. Ölkə başçısı Zaqatala səfərində də bu məqama bir daha aydınlıq gətirdi: “Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik. Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da ancaq daxili resurslar hesabına yaşamalıyıq”- deyə ölkə başçısı bildirdi.

Dəfələrlə qeyd etmişik ki, hakimiyyət komandası şəxsi maraqlar baxımından Avropaya tam inteqrasiya edib. Yəni istirahətləri, müalicələri, övladlarının təhsili, biznesləri, bahalı malikanələri Avropadadır. Hətta geyindikləri libaslar, istifadə etdikləri əşyalar da Avropa istehsalıdır. Sadəcə olaraq ölkə vətəndaşının da Avropa dəyərlərinə sahiblənməməsi, demokratik idarəçiliyə inteqrasiya etməməsi üçün antiAvropa kampaniyası aparırlar. Avropa Ittifaqına qoşulmamaq, DTT-yə üzvlükdən imtina etmək, NATO-dan qaçmaq da məhz ölkədə siyasi və iqtisadi azadlıqların boğulmasına xidmət edir.

Beləliklə, Ilham Əliyev açıq şəkildə bildirir ki, biz heç yerə inteqrasiya etməyəcəyik. Yəni dövləti və milləti basqı altında, avtoritar rejimin idarəçiliyində saxlayacağıq. Real vəziyyət isə belədir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır. Yəni idaxalın və ixracın böyük hissəsi Avropa ölkələrinin payına düşür. Təbii ki, Ilham Əliyev də bunu gözəl başa düşür və dəfələrlə Avropa liderləri ilə görüşdə bu faktları etiraf edib. Məhz bu səbəblərə görə açıq şəkildə “Avropayla əməkdaşlığı dayandırırıq” da deyə bilmirlər. Amma o mesajı verirlər ki, bizimlə iqtisadi sahədə əməkdaşlıq edin, siyasi inteqrasiya tələb etməyin. Tam olaraq Avropanı atıb Rusiyanın üstünə də yıxıla bilmirlər. Çünki, Rusiyanın zəiflədiyini, sanksiyalar altında əridiyini və perspektivsizliyini görürlər. Əks halda Avropadan birmənalı imtina edib siyasi və mənəvi baxımdan yaxın olduqları Rusiyanın bayrağı altına keçərlər. Iranla da münasibətlər  təxminən eynidir. Deyirlər ki, iqtisadi əməkdaşlığı davam etdirək, amma hansısa ilahiyyatçının şərlənməsinə, islama ləkə vurulmasına etiraz etməyin. Türkiyə ilə münasibətlər görüntü xarakteri daşıyır. “Vikiliks”in açıqlamasında da bəlli oldu ki, Ilham Əliyev Türkiyənin regional enerji mərkəzinə çevrilməsini istəmir. Yəni Türkiyə ilə münasibətlərin kökündə də “sən məni təriflə, mən də səni tərifləyəcəm” prinsipi dayanır.

Göründüyü kimi, hakimiyyətin xarici siyasətində heç bir möhkəm dayaqlar yoxdur və bütün münasibətlər şəxsi maraqlar üzərində qurulub. Dünyanın ən nəhəng ölkələri müxtəlif birliklər ətrafında birləşiblər və inkişaf üçün bunu zəruri hesab edirlər. Məsələn, Avropa Birliyinə üzv ölkələr dünyanın ən güclü ölkələridir. Amma öz qüdrətlərini artırmaq, dövlət maraqlarını təmin etmək üçün belə bir birlikdə yer alıblar. Türkiyə uzun müddətdi Avropa Birliyinə can atır. Gürcüstan, Moldova, Ukrayna Avropa Ittifaqı ilə Assosasiya Sazişini imzalamağa birmənalı şəkildə razılıq verdilər.

Yəni hökumətlər başa düşür ki, dövlətin inkişafı, vətəndaşın rifahı üçün Avropaya inteqrasiya etmək, demokratik idarəetməni təkmilləşdirmək əsas şərtdir.

Ilham Əliyev isə belə bir vaxtda “biz heç yerə inteqrasiya etməyəcəyik” söyləyir. Bəli, YAP hökuməti “hibrid” bir sistem yaratmaq istəyir. Görəsən, dünyada belə bir təcrübə varmı? Heç yerə inteqrasiya etməyib, dünyadan təcrid olunub, eyni zamanda inkişaf edən ölkə tanıyırsız?

Iran kimi nəhəng ölkə sanksiyaların vurduğu zərbəyə bundan artıq tab gətirmədi və Qərblə əməkdaşlığın qaçılmaz olduğunu dərk etdi. Rusiya qısa müddət ərzində sanksiyalardan milyardlar itirib və ekspertlərin proqnozuna görə, gələn ilin sounda Rusiyanın rezervləri tükənəcək. O zaman balaca Azərbaycan dünyadan təcrid olunmaqla nə qədər yaşaya bilər? Azərbaycanın belə bir potensialı varmı? Kortof-soğana olan tələbatını belə yerli istehsal hesabına ödəyə bilməyən bir ölkəni dünyadan təcrid etmək olarmı? Bu ölkəyə uzun illər ərzində 100 milyardlarla vəsait daxil olsa da, bu gün ölkənin 25 milyard xarici borcu var, neft və qazdan başqa dünya bazarına heç nə çıxara bilmirik. Ərzaqdan tutmuş, texnikaya qədər bütün ehtiyaclarımızı idxal hesabına ödəyirik. Ölkə sosial-iqtisadi böhranın ağuşuna atılıb və hər gün əhalinin vəziyyəti daha da pisləşir. Belə bir həssas vaxtda Ilham Əliyev vətəndaşı hansı daxili resurslar hesabına yaşatmaq istəyir? Deməli, 5-10 ailə xarici resurslardan bəhrələnməli, komfort həyat yaşamalı, milyonlarla vətəndaş isə olmayan daxili resurslarla qidalanmalıdır…

Açıq şəkildə ifadə olunur ki, bunların istəyi ölkəni Şimali Koreyaya, Afrika cəngəlliklərinə çevirməkdi. Çünki, Avropaya inteqrasiya seçki saxtakarlığına, korrupsiyaya, sifarişli məhkəmə ənənəsinə son qoya bilər. Çünki, Avropaya inteqrasiya edəndə monopoliyalar əldən çıxır, vətəndaşın sərbəst toplaşmaq, hakimiyyətdən hesabat tələb etmək hüququ bərpa olunur. Çünki, Avropaya inteqrasiya sülalə hakimiyyətinə “yox” deyir.

Bir sözlə, Ilham Əliyev 21-ci əsrdə həqiqətən də analoqsuz olan bir dövlət qurmaq istəyir. Dünyadan təcrid olunmuş, hibrid bir rejim yaratmaq arzusundadır. Reallıqda isə bu “arzu” cəmiyyəti keçmişə aparmaq, dövləti inkişafdan saxlamaq deməkdir.

Akif