Putin təyyarə məsələsində geri çəkilməyə məcbur oldu

putin-maraqliRusiya hökuməti qəzaya uğrayan təyyarədə bomba ola biləcəyi ilə razılaşdı

Oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan və havaya qalxandan 23 dəqiqə sonra qəzaya uğrayan Rusiya təyyarəsi ilə bağlı rəsmi təhqiqat davam edir. Misir hökuməti ilə yanaşı, bir neçə Avropa ölkəsi də qəzanın səbəblərini aydınlaşdırmağa çalışır.

Artıq ABŞ, Britaniya və Almaniya hökumətləri terror versiyasını istisna etmədiklərini bəyan ediblər. Təyyarənin “qara qutu”sundakı səsyazma qurğusu da ətrafa bomba səsinin yayıldığını müəyyən edib. BBC-nin məlumatına görə, Britaniya hökuməti apardığı araşdırmanın ilkin nəticələri ilə tərəfdaşlarını, həmçinin Rusiya tərəfini tanış edib.

Briataniya Xarici Işlər Nazirliyi bəyan edib ki, Sinay yarımadası üzərində uçan A321 təyyarəsinin bomba ilə partladıldığı ehtimalı olduqca yüksəkdir. Qurumdan bildiriblər ki, nəticələr Britaniya baş naziri Devid Kameron və xarici işlər naziri Filip Hommonda da göndərilib.

Medvedev: “Terror aktının olması mümkündür”

Qəzanın terror olduğunu ilk gündən inkar edən və bununla bağlı yayılan xəbərləri spekulyasiya adlandıran Rusiya hökuməti mövqeyindən geri çəkilməli olub. Rusiya baş naziri Dmitri Medvedev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib ki, Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində terror aktının baş verməsi mümkündür: “Terror aktı ehtimalı səbəblərdən biri kimi saxlanılır”. Baş nazirin sözlərinə görə, Rusiya hökuməti Misirə istirahətə gedən vətəndaşlarını iki həftə ərzində bu ölkədən çıxarmağı planlaşdırır.

Minlərlə rusiyalı turist Misirdən çıxarılıb

Rusiya artıq 11 min vətəndaşını Misirdən geri qaytarıb. Rəsmi Moskva cümə günü bəyan edib ki, təyyarə qəzasından sonra Misirdən Rusiyaya bütün uçuşlar dayandırılıb. Onlarla xüsusi təyyarə isə vətənə dönmək istəyən turistləri gətirməyə başlayıb. Qəzadan sonra Misirdə 80 minə yaxın turistin qaldığı bildirilirdi.

Britaniya isə 3500 vətəndaşını geri qaytarıb. Çəənbə günündən bəri Britaniyadan Şarm əl-Şeyxə və geriyə uçuşlar dayandırılıb. Rusiya və Britaniya ilə yanaşı, Hollandiya, Irlandiya və Fransa da Misirə uçuşları dayandırdığını rəsmən elan edib. Ukrayna baş naziri Arseni Yatsenyuk isə bildirib ki, Misirə uçuşların ukraynalılar üçün təhlükəli olacağı müəyyən edilərsə, məlum istiqamətə uçuşlar müvəqqəti dayandırılacaq. ABŞ hökuməti Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasından sonra ehtiyat tədbirlərini artırıb. Vaşinqton qəza sonrası ölkəyə gələn uçuşlarda təhlükəsizliyi gücləndirir. Xüsusən təyyarənin göyərtəsinə gətirilən əşyaların daha ciddi yoxlanılmasına qərar verilib.

ABŞ-a IŞID-lə bağlı məlumatları İsrail kəşfiyyatı ötürüb”

ABŞ xüsusi xidmət orqanlarından da bildiriblər ki, əldə olunan məlumatlar təyyarənin göyərtəsində bomba olmasından xəbər verir.

Istintaqa yaxın mənbələr araşdırmanın sonunda yekun nəticələrin fərqli ola biləcəyini də istisna etmirlər.

Wall Street Journal” adı çəkilməyən ABŞ rəsmisinə istinadən xeyli sualların hələ açıq qaldığını yazıb.

CNN isə bildirib ki, ABŞ və Britaniya xüsusi xidmət orqanlarının ələ keçirdiyi gizli danışıqların əksəriyyəti Israil kəşfiyyatı tərəfindən təqdim olunub. Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, Israil kəşfiyyatı uzun müddətdir ki IŞID silahlılarının danışıqlarını dinləməkdədir. Telekanalın məlumatına görə, Israil hökuməti bu xəbəri şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanları gizli dinləmə ilə IŞID-in Suriya qanadı ilə Misir qanadı arasında telefon söhbətindən xəbər tutduğunu açıqlamışdı. Açıqlamada deyilirdi ki, ABŞ kəşfiyyatındakı mənbə tərəflərin Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsi haqda danışıdığını öyrənib. Danışıqlarda IŞID-çilər A321 təyyarəsini məhv etdiklərini bildiriblər.ÿVə buna görə bayram ediblər. Cihadçılar söhbət zamanı tezliklə Sinay yarımadasında mühüm bir hadisənin baş verəcəyini də deyiblər.

Misirdə IŞID lideri öldürüldü

Bu arada, dünən Misirdə IŞID liderlərindən Əşrəf Əli əl-Harabli öldürülüb. Bu barədə Misirin Daxili Işlər Nazirliyi məlumat yayıb. Polis əl-Harablini saxlayarkən ona odlu silahdan atəş açıb. Öldürülən IŞID lideri qruplaşmanın Misir qanadının əsas fiqurlarından biri idi. Onun bu vaxta qədər Misirdəki bir sıra cinayətlərdə, həmçinin ABŞ və Xorvatiya vətəndaşlarının öldürülməsində əlinin olduğu bildrilir. Italiyanın Qahirədəki səfirliyində bu il baş vermiş partlayışın təşkilatçısı da əl-Harabli olub. Uzun müddətdir Misirdə axtarışda olan qruplaşma rəhbərinin Qahirədəki terrorların əsas təşkilatçısı Hişama əl-Əşmavinin sağ əli olduğu bildirilir.

Gültəkin