Hakimiyyət MTN-i bölüb yeni nazirlik yaratmaq istəyir
Əli Abbasov rəhbərlik etdiyi qurumda aparılan həbslərin «MTN işi» ilə əlaqəli olmadığını bəyan elədi
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) səlahiyyətlərinin əhəmiyyətli hissəsi Daxili Işlər Nazirliyinə (DIN) veriləcək. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, hakimiyyətdə MTN-in yalnız əks-kəşfiyyatla məşğul olması, digər səlahiyyətlərinin isə DIN-ə verməklə Daxili Təhlükəsizlik Nazirliyinin yaradılması barədə müzakirələr aparılır. Məlumatda bildirilir ki, dinləmə səlahiyyətinin DIN-ə verilməsi də buna hesablanıb.
Redaksiyamıza daxil olan başqa bir məlumatda isə bildirilir ki, “Texnika Bank”ın rəhbəri Etibar Əliyevə Eldar Mahmudovla qudası Cahangir Hacıyevin bu bankda həyata keçirdiyi maxinasiyaların araşdırılması tapşırılıb. Məlumat üçün deyək ki, MTN-in “Texnika Bank” əməliyyatından sonra bu bank Eldar Mahmudovun nəzarətinə keçmişdi. Bankın idarəçiliyi isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə tapşırılmışdı. Həmin dönəmdə “Texnika Bank”da vətəndaşların pulları mənimsənilib. Pullarını tələb edənlərə isə hədə-qorxu gəlinib. Hətta onlardan bəzilərinin MTN-ə aparıldığı barədə məlumatlar var.
Bu arada “Trend” agentliyi məlumat yayıb ki, MTN-in daha bir məsul əməkdaşı saxlanılıb. Məlumata görə, MTN-nin Baş Əks-kəşfiyyat Idarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov daxil olan şikayətlər əsasında Baş Prokurorluq tərəfindən saxlanılıb. Hazırda araşdırma aparılır.
Bundan başqa keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir qohumu MTN-də tutduğu vəzifədən azad edilib. Aznews.az xəbər verir ki, 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib.
Vüqar Allahquliyev 2015-ci ilin mart ayının 27-də general-mayor rütbəsiylə təltif edilmişdi. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. Vüqar Allahquliyevin atası Zülfüqar Alllahquliyev Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə Zülfüqar Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.
“Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin (BTRIB) maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır”. Bunu isə APA-ya rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “MTN işi” ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Əli Abbasov qeyd edib ki, bu, ilkin araşdırmalardır və bununla bağlı digər müəssisələrdə də araşdırma aparılır: “Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.
Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: “Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.
Əli Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, BTRIB-in həbs olunan rəisi Beytulla Hüseynov Eldar Mahmudovun qohumudur. Ümumiyyətlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan həbslərin “MTN işi” ilə əlaqəli olduğu iddia edilir”.