Vətəndaşların hüquq və azadlıqlarının qorunması hüquq mühafizə orqanlarının əsas vəzifəsidir. Qanunvericilklə hüquq mühafizə orqanlarına verilən səlahiyyətlər həmin vəzifənin yerinə yetirilməsinə xidmət etməlidir. Xüsusi xidmət orqanı, əməliyyat-istintaq orqanlarının səlahiyyətlərinin genişliyi onların üzərində mükəmməl nəzarət mexanizminin mövcudluğunu şərtləndirir.
Çünki, fəaliyyətlərin spesfikliyinə görə həmin orqanlar geniş informasiyaya sahib olurlar. Təcrübə göstərir ki, bəzən həmin informasiyalardan insanlara qarşı şantaj və təzyiq vasitəsi kimi istifadə olunur. Informasiya şəbəkəsindən istifadə edərkən qanunsuzluğa yol verilməməsi üçün əməliyat-axtarış faliyyətinin qanunvericilikdə tənzimlənməsi və həmin fəaliyyətin üzərində səmərəli hüquqi mexanizm zəruri amillərdir.
Son dövrlərdə mətbuatda yazıldığı kimi, MTN-də vətəndaşların, sahibkarların incidilməsi, onlar barəsində qanunsuz cinayət təqiblərinə yol verilməsi göstərir ki, əməliyyat tədbirləri üzərində prokuror və məhkəmə nəzarətində ciddi problemlər var.
Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlər tənzimlənir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemi müəyyən edilir.
Qanunda göstərilir ki, əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azdlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.
Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Eləcə də, həmin qanunda göstərilir ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qərarda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş Prokuroru və onun müvəkkil etdiyi prokurorlar həyata keçirirlər. Əməliyyat-axtarış fəaliyətinə məhkəmə nəzarəti Cinayət Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti müvafiq Qanunla və Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir. Və həmin orqanların fəaliyyətində qanunçuluğa nəzarət prokuror və məhkəməyə həvalə olunub. Lakin prokuror və məhkəmə nəzarətinin vaxtında, operativ formada işləməməsi çoxlu suallar doğurur və nəzarətin real mövcudluğuna şübhələr yaradır. Əslində prokuror və məhkəmə nəzarəti öz funksiyasını yerinə yetirmir, əməliyyat və istintaq orqanlarının fəaliyyətinin davamı kimi çıxış edirlər. Bu orqanlar arasında subardinasiya əlaqələri deyil, daha çox koordinasiya əlaqələri mövcuddur.
Misal üçün, istintaq orqanlarının təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barəsindəki vəsatəti avtomatik olaraq prokurorluğun təqdimatına çevrilir. Həmin təqdimat məhkəmənin həbs qətimkan tədbiri barəsindəki qərarı ilə tamamlanır. Praktikada bunun əksi mövcud deyil.
Beləliklə, təcrübədə əməliyyat və istintaq orqanları qarşılarında prokuror və məhkəmə nəzarətini görmürlər. Təbii ki, belə olan halda əməliyyat-istintaq orqanlarının sui-istifadəsi labüd olur, qanunlar işləmir, insanlar qanunsuzluqların qurbanına çevrilir.
Vəzifəli şəxsin hüquqi statusu özündə üç tərkibi ehtiva edir. Birincisi, vəzifəli şəxsin vəzifələri, ikincisi, hüquq və səlahiyyətləri, üçüncüsü, məsuliyyəti. Qeyd edilməlidir ki, vəzifəli şəxsin hüquq və səlahiyyətləri onun vəzifələrinə adekvat olmalıdır. Lakin yenə də təcrübədə vəzifəli şəxsin qeyd olunan səlahiyyətləri, vəzifələri, məsuliyyəti arasında adekvatlıq görünmür. Belə görünür ki, vəzifələri şəxslərin böyük səlahiyyətləri qarşısında məsuliyyətləri mövcud deyil.
Misal üçün, Cinayət Məcəlləsinin bir fəsli ədalət mühakiməsi əleyhinə olan cinayətlərdən bəhs edir. Həmin fəsildə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozma (maddə 302); Qanunusuz olaraq tutma, həbsəlama, həbsdə saxlama (maddə 292); təqsiri olmadığnı bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə (maddə 290); Sübutları saxtalaşdırma (maddə 294); Işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza (maddə 293). Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma (maddə 295) və s. Təcrübədə həmin maddələrin işlənməsinə rast gəlinmir.
Vətəndaşların, sahibkarların hüquq və azadlıqlarının qorunması və real təminatı üçün qeyd edildiyi kimi istintaqın çoxşaxəli sturkturu əvəzinə vahid istintaq orqanının yaradılması zərurəti mövcuddur. Istintaqın Nazirliklərin təşkilati tabeçiliyindən çıxarılması paralel olaraq onların əməliyyat subyektlərinin inhisarçılığından çıxarılması səbəb olacaqdır, bu isə özlüyündə istintaqın müstəqilləşməsinə, müstəntiqlərin göstərişlərə tabeçilikdən azad olunması şərait yaradar. Müstəntiqlərin fəaliyyətinin meyarlarının təkmilləşməsinə də böyük ehtiyac vardır. Əsas meyar cinayət işlərinin sayı deyil, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsindəki göstəricilər olmalıdır.
Ikincisi, məhkəmə, prokuror nəzarəti əməliyyat orqanlarının üzərində gecikdirlmiş tədbirlərdən qabaqlayıcı tədbirlərə istiqamətlənməlidir və məhkəmə-prokurorluq orqanlarının fəaliyyətinin qiymətləndirlməsinin ədalətli meyarları müəyyənləşməlidir.
Üçüncüsü, hüquq mühafizə orqanlarında kadrların seçilməsi, yerləşdirlməsi və xidməti yüksəlişinin ədalətli, elmi, obyektiv normativ hüquqi bazası yoxdur. Bu da özlüyündə çox ciddi problemlər yaradır. Həmin orqanlarda kadrların seçilməsi, xidməti yüksəlişində subyektiv mülahizələr, şəxsi sədaqət, dostluq, qohumçuluq əlaqəlari böyük rol oynayır. Hüquq mühafizə orqanlarında qohumçuluq əlaqələri o qədər genişlənib ki, burada artıq ailələrin şəbəkələri yaranıb. Təəssüfedici hal ondan ibarətdir ki, çox vaxt peşəkar və keyfiyətli kadrlar illərlə eyni vəzifədə işləməklə qocalır, xidmətini başa vururlar. Bəziləri isə himayədarlıq və qohumçuluq əlaqələrindən istifadə etməklə qısa müddətdə yüksək vəzifələrə təyin olunur və bir qayda olaraq belə kadrlar təkəbbürlük, ədabazlığ xəstəliyinə tutulur və sui-istifadələrə yol verirlər. Ədalətli meyarlar əsasında kadrların təyinat və bölgüsü hüquq mühafizə orqanlarının vətəndaşlara xidmət missiyasını yerinə yetirilməsində keyfiyyət dəyişikliyi yaradardı.
Dördüncüsü, vətəndaşların hüquq mühafizə orqanlarından yuxarı instansiyaların ünvanlandığı şikayətlərə baxılması praktikasında da ciddi qüsurlar mövcuddur. Müraciətlərin baxılması üçün şikayət edilən orqana göndərilməsi şikayət edilən orqanı daha qərəzli edir, məsələnin obyektiv həlli müşkül olur. Vətəndaşların ərizə, şikayət və müraciətləri hüquq mühafizə orqanlarının da fəaliyyətini xarakterizə edən əsas göstəricidir. Həmin şikayətlərin subyekti, obyekti və motivi üzrə mütamadi olaraq ümumiləşdirlməsi, vaxtında qabaqlayıçı tədbirlərin görülməsi, vətəndaşların ərizə, şikayətlər və müraciətlərinə baxılması qaydasının təkminləşdirlməsi qanunçuluğun təminatının mühüm istiqamətlərindən biridir.
Və nəhayət, ədalətli cəmiyyət hamı üçün, eyni zamanda hər kəs üçün faydalıdır, xeyirxah dəyərlərlə yaşayan və yaradan cəmiyyətdir. Buna nail olmaq üçün isə ədalət güclü, güc ədalətli olmalıdır.