Deyirlər azadlıq ən şirin nemətdir. Amma bəzən elə olur ki, bu şirin bal insana zəhərdən belə acı gəlir. İstəyirəm, bu dəfə o acı baldan məhrum edilənlərlə bağlı yazım. Xatırlayırsınızmı, bir neçə ay öncə bir gəncin dükandan çörək oğurlaması xəbəri gündəmi zəbt etmişdi. Bütün TV-lər, saytlar bu xəbəri tirajlayırdılar. Xatırlamayanlar üçün qısaca xatırlatma! Deməli, bir neçə ay öncə bir gənc dükanların birindən çörək oğurlayarkən, dükan sahibi onu görmüşdü. Daha sonra o, sahə müvəkkilinə zəng etmiş, bir manatlıq konturdan istifadə edərək, polisə bir gəncin onun dükanından 30 qəpiklik çörək oğurlaması barədə məlumat vermişdi. Polis də etməyib tənbəllik, dərhal əməliyyat-axtarış qrupu yaradıb və 10 manatlıq benzin yandırandan sonra cinayətkarı tapıb, həbs etmişdi. Daha sonra idarədə dövlət ittihamçısı ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci – oğurluq maddəsi ilə ittiham irəli sürmüşdü. 2 ay çəkən istintaqın yekununda gənc oğlanın cinayəti sübuta yetirilmiş və məhkəmə onun barəsində 1 il azadlıqdan məhrumetmə qərarı çıxarmışdı. Üstəgəl, məhkəmə xərclərinin ödənilməsi…
Xülasə, o qardaş hələ də həbsxanadadır. Təxminən 4-5 ay sonra yenidən azadlığa çıxacaq. Amma o da digər dustaqlar kimi sevinclə günlərini sayırmı? Çıxıb yenidən “bal”ın içində çörəyə möhtac yaşamağı arzu edirmi? Bax, bunu demək çətin məsələdir. O vaxt hadisə ilə bağlı sosial şəbəkələrdə də xeyli müzakirələr aparıldı. Bir çoxları 30 qəpiyə görə bir gəncin həyatını məhv edən sahibkarı haqlı saydılar. Anlayıram. Adam malı oğurlandığı üçün qanuna uyğun addım atıb. Amma görəsən, o sahibkar 20 ildir onun sərvətini xaricə çıxaran, onun pulu ilə lüks həyat yaşan nazirlərdən, məmurlardandamı haqqını belə tələb edir? Hər ay ondan haqq alan vergi müffətişiylədəmi belə qanunla danışır? Görəsən o sahibkar xalqı dükandan 30 qəpiklik çörək oğurlamaq həddinə gətirənlərə qarşıdamı bu cür davranır? İnanmıram… Aylar öncə baş verən bu hadisəni aylar sonra xatırlamağım da təsadüfi deyil. Dünən yolum Günəşli istiqamətinə düşdü. Avtobusdan düşüb, kontur almaq üçün üzbəüz dükana tərəf getdim. Dükanın qapısında heç rastlaşmadığım bir elana rast gəldim. Mağazanın qapısında ağ vərəqə böyük hərflərlə belə yazılmışdı: “Qonşular, üz vurmayın. Nisyə çörək verilmir”. Elanı görəndə dahi Əliağa Vahidin məşhur beytini xatırladım:
Üzü dönsün görüm o ağuya dönmüş çörəyi,
Yaxşı möhtac elədi əbləhə, oğraşa bizi!
Dəyərli yazarımız İlqar Kamil isə deyirdi ki: “Dilənçi milyonerlərin deyil də, öz dilənçi həmkarlarının bir tikə artıq payını qısqanar, dostum”. Necə də gözəl deyimdi… Bu fikri tamamlamaq da olar. Biriləri milyonların cibindən oğurlanan milyonların davasını aparır. Milyonlar da bunun fərqinə varmadan gündəlik çörək tapmaq dərdi ilə sürünüb gedir. Amma belə baxanda hər kəsin dərdi özünə bir dəvədir elə…




