Seçki hit – paradı

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

  1. Şahbuz – Babək seçki dairəsi üzrə müstəqil müşahidəçi, – “Əəə, bir – bir atın!”.

Fikrimcə, heç nə dəyişməsə, növbəti seçkilərə məhz bu şüarla getməliyik. Necə deyərlər, ibtidaidən aliyə doğru…

  1. Qənirə Paşayeva – “Tovuzda heç bir qurum deyə bilməz ki, Qənirə Paşayeva özü və ya ailə üzvləri bu 10 ildə Tovuzda 1 sot da olsa torpaq alıblar, özlərinə biznes qurublar, şəxsi xahişlər ediblər.

Desəm ki, bir kənd rayonundan seçilən subay xanım deputatın köməkçisi 250 min manata Bakıdan ev alıb, görəsən Qənirə xanım inanarmı?…

  1. Pənah Hüseyn – “Bilirsiniz, mən bir neçə gün əvvəl demişdim ki, Sabirabadda belə vəziyyətin olması təkcə Pənah Hüseyn amili ilə yox, onunla bağlıdır ki, insanlar inanıb ki, bu dairədə halal seçki olacaq“.

Elçibəy hakimiyyətinin qısa ömürlü olmasında başlıca rolu müharibə və xarici amillər oynasa da, unutmayaq ki, indikindən 23 yaş cavan Pənah Hüseyn əvvəl dövlət katibi, sonra da baş nazir postunda çalışıb…

  1. Elza Seyidcahan ( əməkdar artist, 54 saylı Siyəzən – Şabran dairəsindən namizəd) – ” “Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik deputat olacaq şəxslərin siyahısını da göstərdilər“.

Elza xanıma onu da deməli idilər ki, bunu açıqlamaq üzv olduğu Yeni Azərbaycan Partiyasının imicinə xələl gətirə bilər. Aydın Mirzəzadənin nəzərinə çatdırmaq istəyirəm ki, partiyada Elza Seyidcahanı “ciddi müzakirəyə” qoyanda bunları nəzərə almağı digər yoldaşların nəzərinə çatdırsın. Bildiyimə görə partiyada siyasi təhlil işlərinə o baxır…

  1. Elçin Mirzəbəyli ( namizədliyni geri götürən ) – ” Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm... İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim dövlətimdən tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqincə istifadə etmək imkanının tanınmasıdır”.

Bu “pafos” sahibinin kimin qabağından qaçmasını söyləmək zorundayam. Həmin adam Lənkəran qimnaziyasının direktoru Mənsur Ağayevdir. Rəsmi saytına bu günədək 33 nəfərin ( biri mənəm) giriş yapdığı bir şəxslə mübarizədən geri çəkilib, sonra dövlətdən “nəsə” istəməyə ən etik normalara sığan bir cavab tapa bilmədim.

  1. Azər Həsrət ( mandata həsrət ) – ” Avropa Oyunları zamanı Azərbaycana qarşı bir qətnamə, həmin ərəfədə ikinci bir qətnamə cəhdləri oldu və qəbul edildi. Bunlar niyə qəbul edilir? Ona görə ki, Azərbaycan parlamentinin 125 deputatı var, onların arasında 5 nəfər normal adam yoxdur ki, Avropa Parlamenti ilə işləsin. Amma mən Avropa Parlamenti ilə də, başqa qurumlarla da işləyəcək adamam.

Yadınızdadırsa, bir Elçin Xəlilov var idi, düz çıxmasa da həmişə zəlzələ proqnozu verirdi. O da deputat olmaq istəyirdi, amma alınmadı. Çox əsəbiləşmişdi, deyirdi bundan sonra gedin zəlzələnin nə vaxt olacağını deputatlardan soruşun…

  1. İmzasından imtina edən Sumqayıtlı seçici – ” biz elə bildik ki, Tünzalə Ağayevadır, sevdiyimiz müğənnidir, ona imza verdik, sonradan bildik ki, bu Tənzilə Rüstəmxanlıdır. Ərizədən imtinanı heç kəsin təzyiqi altında vermədiklərini qeyd ediblər”.

Necə deyərlər şərhsiz…

  1. Allahverən Əsədullayev ( 77 saylı Astara seçki dairəsində qutuya topa bülleten atıb, muğam oxuyan məntəqə katibi) – ” Məntəqədə seçki qanunun qanunun tələb etdiyi qaydada keçib, mən sadəcə qocaların unutduğu bülletenləri qutuya atmışam, muğamı seçki bitəndən sonra oxumuşam, o video isə, montajdır”.

Növbəti, 9 – cu “hit – sitat”ı səsverən Allahverənə beynəlxalq dəstək kimi qəbul etmək olar:

  1. Aviqdor Liberman (İsrailin keçmiş xarici işlər naziri) – ” “6 seçki məntəqəsində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçkilər şəffaf keçirilir. Seçicilərin fəallığı müşahidə olunur“.

FB – dəki bir yəhudi dostumdan öyrəndim ki, Aviqdor onların dilində də elə Allahverən kimi səslənir…

  1. Frank Şvabe (AŞPA müşahidə qrupunun Almaniyadan olan deputatı) – “Əslində, geriləmə olan yerdə inkişaf olduğunu deyə bizməzdik“…

Bu Frank Şvabe deyəsən, Az.TV-yə baxmır. Baxsaydı, yəqin ki, utandığından inkişafdan danışmazdı…