abs-azerbaycan2

Qərb hakimiyyətlə necə əməkdaşlıq edəcək?

abs-azerbaycan2Bu demokratiyadan imtinanın yox, «döyüş»ün davam etdiriləcəyinin anonsudur

Əvvəlki yazılarımızda da geniş izahat vermişdik ki, Azərbaycan hakimiyyəti seçkidən sonra ciddi pərtlik yaşayır. Nə qədər birtərəfli təbliğat aparsalar da, nə dünyada, nə də ölkədə parlament seçkilərini ciddi qəbul etmirlər. ATƏT, Avropa Parlamenti, AŞPA, ABŞ Departamneti seçkilərə mənfi qiymət verdi. ATƏT və Avropa Parlamenti ümumiyətlə seçkidən əvvəl boykot qərarı vermişdilər.

Amma son günlər hökumət bir məqamı əsas tutaraq yenə də təbliğat küləyi əsdirməyə başlayıb. Arqumentləri də budur ki, beynəlxalq aləm Azərbaycan hökuməti ilə əməkdaşlıq edəcək. Bəli, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ABŞ Azərbaycan parlamenti ilə əməkdaşlq edəcək. Yaxud, Avropa Birliyinin hansısa rəsmisi Azərbaycan cəmiyyəti və hakimiyyəti ilə əməkdaşlığın davam edəcəyini bildirib. Hökumət də bu fikirləri tirajlamaqla cəmiyyətə göstərmək istəyir ki, hətta biabırçı seçkidən sonra da dünya bizimlə əməkdaşlıqda həvəslidir.

Ona görə də hesab edirik ki, bu məsələyə aydınlıq gətirmək, cəmiyyəti çaşqınlıqdan qurtarmaq lazımdı. Bəli, ABŞ və digər dövlətlər Azərbaycanla əməkdaşlığı davam etdirəcək. Amma “əməkdaşlığı davam etdirəcəyik” mesajı “münasibətlər düzəldi” anlamına gəlmir. Bundan sonra da Azərbaycan hakimiyyəti beynəlxalq tədbirlərdə tənqid atəşinə tutulacaq, demokratik tələblər artacaq. Diqqət etsək görərik ki, Ilham Əliyevin Almaniya səfərini uğur kimi təqdim edən hökumət mətbuatı, səfərdən sonra Almaniyanı topa tutmağa başladı. Yaxud, Donald Tuskun Bakı səfərindən sonra Avropa Birliyinin ünavanına ağır ittihamlar səsləndirməyə başaldılar. Son günlər isə Avropa Parlamentinin prezidenti Martin Şultsun ünvanına ən ağır ittihamlar səsləndirilir. Çünki, artıq əməkdaşlığın qəlibi dəyişib və əsas şərt demokratiyadır.

Uzun müddətdir Belarusa sanksiyalar tətbiq edilib, Lukaşenko Avropa ölkələrinə buraxılmır. Amma Belarus ilə Qərb dairələri əməkdaşlıq edir. Yaxud, Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, Qərbin Rusiya ilə münasibətləri gərgindir. Amma Rusiya ilə də əməkdaşlıq edilir. Hətta dünyanın imtina etdiyi Bəşər Əsədlə də danışıqlar aparılır. Uzun müddət Irana qarşı embarqo qoyulmuşdu, amma Iranla da Qərb əməkdaşlığı var idi. Amma Iran başa düşdü ki, belə əməkdaşlıqla çox uzağa getmək olmaz.

Demək istəyirik ki, hakimiyyətin həvəslə bizə təqdim etdiyi “əməkdaşlıq” ölkəni inkişafa aparmır. Əksinə, ölkədə saxta seçkilərin keçirilməsi, Rusiyanın himayəsinə sığınmaq, Qərblə konfrontasiya həm ölkədəki sosial-iqtisadi vəziyyətə, həm Qarabağ münaqişəsinin həllinə, həm də ölkənin gələcək perspektivlərinə mənfi təsir göstərir. Bir məqamı qeyd edək ki, bu gün Orta Asiyanın bütün ölkələrində ATƏT-in ofisi fəaliyyət göstərir. Azərbaycanda isə ATƏT-in ofisi bağlanıb. Təkcə bu fakt onu göstərir ki, münasibətlər tamam pozulub. Ötən gün ABŞ Konqresində keçirilən dinləmədə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar açıq şəkildə ifadə etdi ki, Azərbaycan-ABŞ münasibətləri pozulub. Yeri gəlmişkən Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etməsi hakimiyyətlə münasibətlərin hansı səviyyədə olmasının açıq göstəricisidir.

Demək istədiyimiz budur ki, cəmiyyət saxta təbliğata, kontekstdən çıxarılmış fikirlərə aldanmamalıdır. Hakimiyyətlə əməkdaşlıq etmək, hələ hakimiyyətlə yaxşı münasibət qurmaq anlamına gəlmir. Rinqə çıxan döyüşçülər əvvəlcə görüşürlər, amma ardınca bir-birinə ağır zərbələr endirməyə başlayırlar.

Bu mənada Qərbin “əməkdaşlıq edəcəyik” bəyanatı, yeni “döyüş”ün anonsudu. Nə qədər ki, hakimiyyət mövcud siyasəti davam etdirəcək, ölkənin böhranlı vəziyyətdən çıxması mümkünsüz olacaq və vəziyyət daha da ağırlaşacaq. Yürüdülən siyasət faktiki olaraq ölkəni dünyadan təcrid edir və Azərbaycanın imicini zədələyir.

Ilham