muzeffer baxis

Ölkənin məhkəmə sistemində vəziyyət çox ağırdır

muzeffer baxisMüstəqil məhkəmə hakimiyyətinin qurulması üçün ciddi islahatlara ehtiyac var

Xəbər verildiyi kimi, prezident Ilham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində olub. Dövlət başçısı məhkəmə sistemində qərəzli yanaşmanın qəbuledilməzliyi, korrupsiya hallarına qarşı ciddi mübarizənin aparılmasının əhəmiyyətinə toxunub: “Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.

Prezident son vaxtlar sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktların üzə çıxdığını, bu hallara yol verən şəxslərin mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırıldığını bildirib.

Məsələylə bağlı fikirlərini “Azadlıq”a bildirən hüquqşünas Müzəffər Baxışov söyləyir ki, ölkə məhkəmələrində vəziyyət olduqca ağırdır. Məhkəmələrdə hər şeyin alınıb-satıldığını deyən vəkil, bəzi hakimlərin daha çox rüşvət verənin xeyrinə qərar verdiyini söyləyir: “Bu sahədə olduqca böyük problemlər var. Hakimlərin bilik səviyyəsi həddən artıq aşağıdır. Onlar siyasi hakimiyyətdə yüksək vəzifədə təmsil olunan şəxslərlə münasibətinə görə siyasi göstərişləri icra edirlər. Bu sistemə rəhbərlik Ədliyyə Nazirliyi Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova tapşırılıb. Ümumiyyətlə, hüquq-mühafizə sisteminə rəhbərlik ondadır. Fikrət Məmmədov da bu sahədə olduqca bəsit biliklərə malikdir. Bu sahədəki namizədlərin bilik-bacarığı hanısa bir rol oynamır. Yəni Fikrət Məmmədovun xoşu gələn kadr hakim ola bilər. Ona görə də bu sistemin düzəlməsi həddən artıq çətindir. Ölkədə müstəqil məhkəmə hakimiyyəti olmasa, heç bir sahədə qanunçuluq bərpa oluna bilməz. Məhkəmə bütün qurumlara örnək olmalı fəaliyyət göstərməlidir. Ölkədə ədalətli bir məhkəmə hakimiyyəti yaratmaq istəyirlərsə, onda bunun üçün çox ciddi təşəbbüslər göstərilməli və islahatlar həyata keçirilməlidir ki, müstəqil məhkəmə hakimiyyətinin qurulmasına nail olunsun”.

Nigar