“Azərbaycandakı seçkini legitim saymayın!”

seckiNüfuzlu təşkilatlardan dünya birliyinə çağırış

“Hökuməti tənqid etdiyinə görə onlarla fəal həbsxanada saxlanıldığı bir vaxtda keçirilən seçki beynəlxalq standartlara uyğun ola bilməz”

Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərilə əlaqədar Norveç Helsinki Komitəsi və İnsan Haqları uğrunda Beynəlxalq Federasiya (FİDH) birgə bəyanat yayıb. Birgə bəyanatda deyilir:

***

Ötən həftə Azərbaycanda qanunverici orqana keçirilən seçkidə prezident Əliyevin rəhbərlik etdiyi hakim partiyanın qalib gəlməsi təəccüblü olmadı. Ölkədə anti-demokratik, repressiv siyasət davam etdiyi bir vaxtda Azərbaycandakı rejim seçkinin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün müxtəlif vasitələr axtarışındadır.

Bir sıra beynəlxalq təşkilatlar öz müşahidəçilərini Azərbaycandakı seçkini izləməyə göndərməkdən imtina ediblər. Azərbaycan hakimiyyəti də bu boşluğu kompensasiya eləmək üçün fərdi “müşahidəçilər” dəvət etmişdi.

 

FİDH və Norveç Helsinki Komitəsi israrla beynəlxalq ictimaiyyəti Azərbaycanda vətəndaş və siyasi azadlıqların pozulmasını pisləməyə, bu ölkənin vətəndaş cəmiyyətinə dəstək verməyə çağırır.

“Müxalifət fəalları, ölkədə seçki müşahidəsini həyata keçirən əsas şəxslər, hökuməti tənqid edən onlarla digər şəxslər həbsxanada saxlanıldığı bir vaxtda keçirilən seçki beynəlxalq standartlara uyğun ola bilməz”, – deyə FİDH-in fəxri prezidenti Suyer Belhassen bildirib.

Əsas müxalifət partiyaları seçkini boykot edib. Bir neçəsi də səsvermədən bir neçə gün əvvəl seçkidə iştirakdan imtina edib və ya nəticələri tanımayıb.

Müsavat başqanının müavini Tofiq Yaqublu beş il azadlıqdan məhrum edilib və hazırda da həbsdədir. REAL hərəkatının lideri də ona verilən 7 il azadlıqdan məhrumetmə cəzasını çəkməkdə davam edir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və bir sıra başqa hüquq müdafiələri, vəkillər, jurnalistlər həbsdədir. Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova və digərləri son vaxtlar saxta ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Bu ölkədə vətəndaş cəmiyyəti fəalları daim təqib olunur, hədələnir.

Azərbaycanın Seçki Məcəlləsindəki bir sıra müəddalar seçkiqabağı prosesin şəffaflıq və açıqlığını ciddi şəkildə məhdudlaşdırır, seçki dövründə hakimiyyətdə olmayan partiyalara əngəllərlə xarakterizə olunur. Məsələn, seçki komissiyalarının sədrlərinin namizədliyini parlamentdəki çoxluq irəli sürür. Çoxluq da hökumətyönlü partiyalardan ibarətdir. Bu da onların tərəfsizliyinə imkan vermir.

Bundan başqa, Seçki Məcəlləsinə edilən dəyişikliklə pulsuz efir vaxtı da məhdudlaşdırılıb. Seçkidə iştirak edən siyasi qüvvənin 60 dairə üzrə namizədi qeydə alınanda onlara pulsuz efir imkanı yaradılır. Bu tələbə də yalnız hakim partiya uyğun gəlir.

Noyabr seçkisi ərəfəsində yerli müstəqil müşahidəçilər müxalifətdən olan namizədlərə imza vermiş vətəndaşların hədələndiyini, həmçinin müxalif namizədlərə imza toplanması zamanı maneələr yaradıldığını bildirirdilər.

Avropa Şurası Parlament Assambleyasının 28 nəfərdən ibarət qısamüddətli müşahidəçi missiyası gördükləri pozuntulara, o cümlədən qutulara topa-topa bülletenlərinə atılması hallarına, səslərin sayılması prosesindəki çatışmazlıqlara baxmayaraq, noyabrın 2-də yaydığı bəyanatda Azərbaycandakı seçkini “azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində irəliyə doğru addım” kimi qiymətləndirib.

“Biz Azərbaycandakı seçki prosesinin əsassız olaraq tanınmasına görə son dərəcə məyusuq. Hökumətlərarası təşkilatları Azərbaycandakı çoxsaylı repressiyaları pisləməyə, bu ölkənin vətəndaş cəmiyyətini ciddi şəkildə dəstəkləməyə çağırırıq”, – deyə Helsinki Komitəsinin baş katibi Byorn Engesland bildirib.

Yeri gəlmişkən, AŞ PA-nın müşahidə missiyasına daxil olan 28 nəfərdən yalnız 16-sı həmin bəyanata imza atıb. Qalanı bu məzmunda bəyanatı imzalamaqdan imtina edib. Hətta onların üçü birgə sənəd yayaraq mövqelərini ifadə edib. Qeyd olunub ki, Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün şərait olmayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı seçkiyə müşahidəçi missiyası göndərməkdən imtina etdi. ATƏT-in Parlament Assambleyası da eyni qərarı verdi. Avropa Parlamenti də bu ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait olmadığını vurğulayaraq, müşahidəçi göndərməkdən imtina edib. Bununla belə, Avropa İttifaqına üzv olan bəzi dövlətlərin bir neçə fərdi deputatı Azərbaycan hökumətinin “seçki müşahidəçisi” adı altında ölkəyə gəlmək təklifini qəbul edərək, seçkiyə müsbət qiymət verib.

Avropa İttifaqı kökündən yanlış olan bu seçkini pisləmək əvəzinə, bundan sonra da Azərbaycanın hökumət strukturları, o cümlədən yeni parlamentlə əməkdaşlığı davam etdirəcəklərini bəyan edib.