Seçki saxtakarlığı niyə cəzalandırılmır?

muzeffer_baxisMüzəffər Baxışov: «Nə qədər ki, hakimiyyət seçki saxtakarlıqlarının araşdırılmasında maraqlı deyil, heç kim saxtakarlığa görə cinayət məsuliyyətinə cəlb edilməyəcək»

Keçirilən son parlament seçkisiylə bağlı sosial şəbəkələrdə, mətbuatda kifayət qədər saxtalaşdırma faktları yer alıb. Hətta sabiq namizədlərin bir çoxu onlara namizədliklərindən geri çəkilmək üçün konkret məbləğin təklif olunduğunu bəyan ediblər. Amma bütün bu faktlar nədənsə müvafiq orqanların diqqətini cəlb etməyib. Bəs qanunvericilik bu cür hallarla bağlı nə deyir? Seçki saxtakarlığına yol verənləri hansı cəza gözləyir?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu hallarla bağlı seçki saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutulur. M.Baxışovun sözlərinə görə, saxtakarlıq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Bu işlərin istintaqını prokurorluq orqanları həyata keçirirlər. Bu saxtakarlıq faktları üzrə cinayət işləri başlamalıdır: “Istintaqın nəticəsindən asılı olaraq, saxtakarlıqları həyata keçirən şəxsin əməlləri hərtərəfli araşdırılandan sonra Seçki Məcəlləsinin 159 və 160 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Amma nə qədər ki, Azərbaycanın baş prokuroru Zakir Qaralovdur və nə qədər ki, hakimiyyət seçki saxtakarlıqlarının araşdırılmasında maraqlı deyil, kimlərsə seçki saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılmayacaq. Ola bilər ki, bir-iki nəfəri cinayət məsuliyyətinə cəlb etsinlər, bu da nadir hallarda ola bilər. Bu şəxsə azadlıqdan məhrum olmamaqla bağlı cəza veriləcək və bununla da məsələ bitəcək”.

M.Baxışovun sözlərinə görə, bütün seçki məntəqələrində eyni səviyyəli, eyni tərzdə verilən göstərişlərə əsasən rayon icra hakimiyyəti başçılarının tapşırığı saxtakarlıq həyata keçirilib. “Məndə olan məlumata görə, xalq ümumiyyətlə bu seçkilərdə iştirak etməyib. Hakimiyyət də seçkiləri saxtalaşdırmaq məcburiyyətində qalıb”, deyə M.Baxışov vurğuladı.

Hikmət