Seçki göstərdi ki… sahibkarlıq da inkişaf etməyəcək

sahveled_cobanogluŞahvələd Çobanoğlu

MTN-dəki quldurluqlar kimi bir seçkini arxada qoyduq. Bəli, proses və görüntü olaraq sakit və ölüvay bir seçki idi. Amma hələ bu cürünü görməmişdi Azərbaycan, əsl quldurluq idi. Hətta 4 dəqiqəlik seçki debatları dolayısı ilə qadağan olundu. Susun, danışmayın! Bu dəfə imzatoplama prosesi də təzyiq altında oldu. Müstəqil namizədə imza verənlər əksər dairələrdə təqib edildi. Dövlətə qarşı, qanuna qarşı, xalqa qarşı, vətəndaşa qarşı gerçək bir quldurluq həyata keçirildi. “Istədiyimi edəcəyəm, səsiniz çıxmasın!” deyə!

Əvvəllər səs oğurluğu idi, indi səslərin tamam kəsilməsi. Əvvəllər total seçki saxtakarlığı edirdilər, bu dəfə quldurluq idi. Yağmalanma idi!

Hələ səsverməyə qədər quldurluq öz işini görmüşdü. Vətəndaş cəmiyyəti yağmalanmış, qeyri-hökumət təşkilatları bağlanmış, çox sayda fəallar, siyasilər, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər həbs olunmuşdu. Seçki monitorinqi həyata keçirən təşkilatın qapadılması və onun rəhbəri Anar Məmmədlinin həbsə atılması da bu quldurluğun diqqət çəkən bir hissəsidir.

Gündəmi nəzərə alıb sormaq istəmirəm ki, bu cür seçkinin MTN quldurluğundan nə fərqi var. MTN quldurluğunun haradan törədiyini demək istəyirəm. Bütün rəzalətlərin, özbaşınalıqların başı budur – uzaqdan müəllimələrin murdar dəstəyi ilə keçirilən, əslində isə bütün qurumların var gücü ilə iştirak etdiyi seçki quldurluğu. Zor hesabına həyata keçirilən bir proses. Müşahidəçi səsini çıxarsa, polisə aparılar, namizəd sakit durmazsa, döyülə bilər…

Amma qətiyyən təəccüblənmədik də. Hər dəfə daha çox saxtalaşdırmağa ehtiyacın yaranması buna gətirməli idi. Il-ildən nüfuzunu itirən, bacarıqsız, xalqda heç bir rəğbət hiss oyatmayan saxtakarlar komandasına çevrilən bu hakimiyyət öz xoşuna da etmir bunu. Xalqdan səs ala bilmirlər. Xalqı səsverməyə də gətirə bilmirlər. Təsəvvür edin ki, bunların namizədi şou təmsilçisi olan, heyvanlara konsert verməsi ilə, poetik səviyyəsi və sənətkarlığı gülüş doğuran şeir cızmaqaraları ilə tanınan Elza Seyidcahana da qalib gələ bilmir.

Çox tanınmış ürək cərrahı var – Rəşad Mahmudov. 77 saylı seçki dairəsindən – doğulduğu bölgədən namizəd idi. Deputat oldu. Amma günlərdi həmin dairədən komissiya üzvünün topa bülletenləri seçki qutusuna doldurmasını və dalınca da muğam oxumasını göstərən video sosial şəbəkələrdə dövr edir. Kim olursan ol, bunlara yaxın getməyinlə xalq sənə səs vermir. Bu səbəbdən də YAP hakimiyyəti saxtakarlıq və quldurluq etmədən seçki keçirə bilmir. Ona görə də təəccüblənməyə də yer qalmayıb.

Amma maraqlı bir məsələ var. Neft və manat ucuzlaşandan, büdcə qayçılanandan sonra Ilham Əliyev yeni siyasi trend elan edib – sahibkarlıq inkişaf etməlidir. Açıq deyir ki, ölkənin inkişafı sahibkarlığın inkişafından asılı olacaq.

Indi sual yaranır. Seçkisi bu cür saxtalaşdırılan bir ölkədə sahibkarlıq necə inkişaf edə bilər? Varmı belə bir təcrübə? Saxta seçki saxta və bacarıqsız hökumət deməkdir. Özbaşınalıq, məsuliyyətsizlik, nəzarətsizlik deməkdir. Söz azadlığının boğulması, məhkəmələrin əldə oyuncaq olması deməkdir. Ayrı-seçkilik, tərəfkeşlik, haqsızlıq deməkdir.  MTN-də və digər nazirliklərdəki özbaşınalıqların baisi də seçkilərin saxtalaşdırılması və hakimiyyətin qəsb edilməsidir. Bina da buna görə yanır, faciələr də buna görə yaşanır. Səhiyyəmiz də ona görə ölüm platformasına dönüb. Təhsili də bu günə salan özül səbəb budur. Bütün oğurluqlar, əyriliklər, geriliklər bundan qaynaq alır.

Bu şərtlərlə sahibkarlıq inkişaf edə bilərmi? Belə bir təcrübə yoxdur.

İnkişaf etməyəcək!