NİDA-çı gənc MTN-in onlardan götürdüyü 94 mini tələb edir

sahin-novruzlu7 mart 2013-cü il tarixində MTN əməkdaşları tərəfindən küçədə oğurlanmış, yaşadığı evə aparılmış, evdən MTN əməkdaşlarının evə qoyduğu narkotik maddə və “molotov kokteyli” “tapılmış”, bu qondarma ittihamlarla həbs olunmuş, 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində hökm oxunmuş və 6 il müddətində azadlıqdan məhrum edilmiş N!DA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun bəyanatı:

“Son günlər MTN əməkdaşları tərəfindən, xüsusən də, bu qurumun verdiyi səlahiyyətlərdən sui-istifadə edərək törədilmiş cinayətlər mətbuatda sadalanır. Mən ailəmizə, dostlarıma qarşı cinayətləri həmişə demişəm, cinayət işimin gedişi də daim ictimaiyyətin diqqət mərkəzində olub, amma hələ də hüquqlarımız pozulmaqda davam edir. 2013-cü ilin 7 martında MTN-nin hazırda qapısı möhürlənmiş idarəsinin – Anti-terror Mərkəzinin əməkdaşları tərəfindən atam İbrahim Novruzlunun evinə narkotik və Molotov kokteyli atılması ilə mən istintaqa cəlb olundum. Həmin idarənin əməkdaşları məndən işgəncə altında və aldadaraq, hədə-qorxu ilə ifadə aldılar, təqsirsizlik prezumpsiyası hüququmu pozaraq, bunu televiziya kanallarında dərhal yaydılar. İşgəncə zamanı 4 dişimi qırdılar.
Bunların bir hissəsi zamanla düzəlib, qalanları da bəlkə düzələcək. Amma bizim evdən atamın borc aldığı pulları talamalarının faciəli nəticəsi hələ də bizə çətinlik yaşatmaqda davam edir. Məhkəmə heç bir sübut olmadan bizim evdən MTN əməkdaşlarının taladığı 94 min azn pulu dövlət büdcəsinə köçürdü. Atam borcları ödəyə bilmədi, borclular da mütəmadi pullarını tələb etdilər. Nəticəsini bilirsiniz – 2014-cü il oktyabrın 14-ü atamın ürəyi partladı. Bundan 5 gün sonra mən əfv sərəncamı ilə azadlığa buraxıldım.
Amma bu, mənim bəraət almam deyildi, ona görə də tutulana qədərki hüquqi vəziyyətim bərpa edilmədi. Nəticədə evimizdən talanan pullar da geri qaytarılmadı. Yenə də borclular pullarını tələb etməyə davam edirlər. Anam müəllimə maaşı ilə bir övladının xaricdə təhsilini təmin edir və 2 övladına da yanında baxır. Bu ağır vəziyyətdə 94 min azn tələb olunması durumumuzu daha da çıxılmaz edir. Anamın da atamın taleyini yaşamaması üçün bu pullar qaytarılmalıdır.
Həmin pulun dövlət nəfinə keçirilməsi barədə məhkəmə hökmü tamamilə hüquqaziddir, onsuz da tezliklə Avropa İnsan Hüquqları Məhkəməsi bu rüsvayçı hökmün Konvensiyaya zidd olması barədə qərarını verəcək. Amma borclular Avropa Məhkəməsini gözləmirlər. Hazırda quldurluqları hər gün sübut olunan insanların evimizdən taladıqları pulların geri qaytarılmasını tələb edirəm”.

Bəyanat NİDA hərəkatının feysbuk səhifəsindən götürülüb.