Ötən yazıların birində “Nobel” mükafatı alan qadınların sayının ildən-ilə artdığını yazmışdım. Hələ son beş ildə bu yüksək mükafatı qazananlar sırasında iki müsəlman qadının olması da bir başqa uğurdur. Deyəsən həqiqətən uzun tarixin dərin buzları əriyir və qadınların uğurları da görünməyə başlayır. Görünür ki, artıq dünyanın bütün qitələrində on illərlə görməzdən gəlinən bu bacarıqlara, əməyə, çalışqanlığa və cəsurluğa ehtiyac duyulduğunu anlayanlar tapılıb. Doğrudan da, indi yer üzünü örtmüş soyuqluğu, rəngsizliyi, düşkünlüyü və sıxıcılığı onlardan daha yaxşı kim canlandıra bilər? Kim rəng qata bilər bu yalnızlaşmış, bozlaşmış, sevgi və mərhəmət duyğusu silinməkdə olan dünyanın yaşam formuluna? Kim bu qədər qorxusuz, ürəkli və ağıllı şəkildə çıxa bilər onca cahilliyin, qabalığın və zorakılığın qarşısına? Yəmən xalq hərəkatının aparıcı simalarından biri Təvəkkül Karaman çıxdı. Əfqan xalqının mübarizə simvolu Malala çıxdı. “Nobel” onların halal haqqıydı. Elə Karamanla həmin sülh mükafatını paylaşan iki qadın fəalın, Liberiyanın ilk qadın prezidenti 73 yaşlı Elen Conson-Sirleaf və liberiyalı siyasətçi Leymah Qbovenin də.
İndi də dünya mediası günlərdir siyasi səhnəyə yeni çıxan gənc siyasətçi qadınlardan yazır. Və yenə də müsəlman qadınlardan. Bir az əvvəl 27 yaşlı müsəlman qadın Aida Hacıaliç İsveçdə təhsil naziri təyin olundu. Ardınca da Kanadaya illər öncə qaçqın kimi gəlmiş 30 yaşlı əfqan Maryam Monsefi Demokratik institutlar üzrə nazir vəzifəsini tutdu.
Maryam 31 üzvü olan Nazirlər Kabinetində ən gənc nazirdir. Əfqanıstanın Herat şəhərindəndir və uşaq yaşlarından atasını itirərək, anası və 2 bacısı ilə birlikdə Kanadaya qaçıb. Demək ki, dünyada gerçəkdən də, yaxşılığa doğru dəyişikliklər gedir. Problemin kökündə müsəlman və ya başqa inancın daşıyıcısı olmaq məsələsinin dayanmadığı həqiqəti üzə çıxır. Məsələ bir ölkənin, bir sistemin, bir cəmiyyətin inkişaf göstəricisindədir, şübhəsiz. İnsanın özünü reallaşdıra bilmək imkanları müstəsna rol oynayır istedadın üzə çıxması və parlaması üçün. Bu şərtlərin olmadığı ölkələrdə həmin dəyərlər naminə mübarizə aparan və qazanan insanlar isə gerçək qəhrəmanlardır. Belə qəhrəmanlardan biri Təvəkkül Karaman deyirdi ki, “bir gün insanlar yaşamağı arzu edərsə, tale hökmən onlara cavab verər…”
Bəli, zaman dəyişir və yaxşı ki, bu dəyişikliklər içində tarixin haqsızlıqlarını düzəltmək zərurəti də yada düşür. Bu haqsızlıqlar və əskiklər yavaş-yavaş yoluna düşüncə, qadınların önündəki qara pərdələr də qalxır. Aydın olur ki, dəyişmək üçün inanc fərqi heç bir halda əngəl deyil. İrəli getmək, müasirləşmək və dünyəviləşmək üçün sistemləri dəyişmək lazımdır. Yalnız və yalnız qanunun aliliyinə və ədalətin hökmünə tabe olan cəmiyyətlər qurmaq lazımdır. Elə cəmiyyətlər ki, baxışından, görüşündən, milliyyətindən, inancından asılı olmadan, hər kəs bərabər şəkildə bacarığını ortaya qoya bilsin. Kimsə bizdə olduğu kimi inanc və düşüncə fərqliliyinə görə dara çəkilməsin. Kimsə Leyla Yunus və Xədicə İsmayıl kimi mövcud rejimin eybəcərliklərini açıb-tökdüyü üçün zindanlarda əziyyət çəkməsin, işgəncəyə mərz qalmasın, böyük potensialını gerçəkləşdirmək imkanlarından məhrum edilməsin. Kimsənin haqqına, hüququna, hisslərinə toxunulmasın. Dəyişmək üçün zəruri olan bu şeylərdir. Elə fərqli inanca və baxışa malik insanların bir-birinə hörmət göstərməsi, haqqına girməməsi üçün də…