İlham Əliyevin ziddiyyətli Avropa siyasəti

aliyev ilhamÖlkə başçısı gah əməkdaşlıqdan danışır, gah da heç yerə inteqrasiya etməməkdən

“Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur”. Ölkə başçısı Ilham Əliyev bu fikirləri bir neçə gün əvvəl şimal rayonlarına səfəri zamanı səsləndirib. Lakin Ilham Əliyevin bu fikirlərə zidd bəyanatları da var.

Məsələn, 2015-ci ilin avqust ayında Ilham Əliyev Avropa Ittifaqı Şurasının prezidenti Donald Tuskla görüşdən sonra deyib: “Bu gün biz ikitərəfli münasibətləri və regional məsələləri ətraflı şəkildə müzakirə etdik. Azərbaycan-Avropa Ittifaqı əlaqələrində müsbət inkişafı görürük. Cənab prezident, Sizin səfəriniz bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim sıx siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik…

…Biz iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun edir. Xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı Avropa Ittifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa Ittifaqı ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa Ittifaqından daxil olur. Investisiyalar və digər iqtisadi fəaliyyətlər vasitəsilə bu əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensial mövcuddur”.

Ilham Əliyev Avropa Komissiyasının sədri Manuel Barrozo ilə görüşündə isə deyib: “Ötən il Brüsseldə mətbuat konfransında qeyd etdiyim kimi, Azərbaycan Avropa Ittifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır…

…Əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Cənab sədrlə biz bu gün çox səmimi və acıq müzakirələr apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə də olmalıdır. Çünki biz gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu da əlavə etmək istərdim ki, bizim Avropa Ittifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir”.

Göründüyü kimi hər iki görüşdə Ilham Əliyev faktiki olaraq Avropa ilə sıx əməkdaşlıqda, Avropaya inteqrasiyada maraqlı olduqlarını bildirir. Ölkə başçısının bu cür fikirləri çoxdur. Lakin zənnimzcə, bu iki fakt onun Avropa ilə bağlı ziddiyyətli siyasət yürütdünü sübut etmək üçün kifayət edər.