aliyev-munich

Cənab prezident, sizə niyə inanaq?

aliyev-munichÖlkə başçısı ən biabırçı seçkini ən şəffaf seçki kimi təqdim edirsə…

Azərbaycanda müstəqillik dövrünün ən biabırçı seçkisi keçirildi. Həm beynəlxalq aləm, həm də ölkə ictimaiyyəti seçkini boykot etdi. Ən əsası isə kimlərin deputat olacağı haqqında öncədən məlumat yayıldı və bu məlumat təsdiqini tapdı. Üstəlik, seçki saxtakarlığını əks etdirən 100-lərlə foto-video material yayıldı, hətta hökumətə loyallığı ilə seçilən adamlar onlara təzyiq edildiyini, yüksək məbləğdə pul təklif olunduğunu icitmailəşdirdilər.

Bütün bu şəffaf seçki saxtakarlığından sonra ölkə başçısı Zaqatala sakinlərinə bunları söyləyir: “Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. Ilk növbədə qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib”.

Göründüyü kimi, ATƏT, Avropa Parlamenti, AŞ PA, ABŞ Dövlət Departamenti seçkiləri mənfi qiymətləndirsə də, ölkə başçısı beynəlxalq aləmin “əla” dediyini söyləyir. Üstəlik, bir müddət öncə ölkə başçısı bəyan etmişdi ki, ölkədə ictimai nəzarət güclənməlidir. Amma ictimai nəzarətin ortaya çıxardığı seçki saxtakarlıqları da ölkə başçısının optimizminə xələl gətirməyib. Qeyri-rəsmi 85, rəsmi 45 faiz seçici seçkini boykot edib, ölkə başçısı isə hər şeyin yüksək səviyyədə olduğunu söyləyir.

Analoqsuz saxtakarlığa möhtəşəmlik donu geyindirdikdən sonra ölkə başçısı korrupsiya ilə mübarizədən də danışıb: “Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək”- deyə Ilham Əliyev bildirib.

Indi biz bu sözlərə necə inanaq? Əgər ölkə başçısı biabırçı bir seçkini “şəffaf” adlandırırsa, korrupsiya haqqında dediklərini necə mötəbər hesab etmək olar? Yəni “ədalətli, şəffaf seçki keçirildi” deyən adam, həm də “qanun qarşısında hər kəs bərabərdir” deyir. Deməli, birinci deyilənin yalan olduğuna əminiksə, ikinci deyilənin həqiqət olmadığına da əminlik yaranır.

Qısası, adamların gözünün içinə baxaraq “bu seçki xalqın iradəsini ifadə etdi” demək mümkündürsə, deməli, istənilən yalanı həqiqət kimi danışmaqda məhdudiyyət yoxdur.