Orta Asiyanı ABŞ-la yaxınlaşmağa nə vadar edir?

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Azərbaycanın da Qərblə yaxınlaşması zaman məsələsidir»

ABŞ-ın dövlət katibi Con Kerrinin Orta Asiyaya səfəri və verdiyi bəyanatlar Vaşinqtonun yeni siyasi xəttindən xəbər verir. Qazaxıstan, Türkmənistan və Özbəkistana ciddi dəstək verən Kerrinin bu təşəbbüsünü bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi, bu artıq ABŞ-ın Rusiya ilə MDB məkanında mübarizəyə girişdiyini deməyə əsas verir. Digər tərəfdən, ABŞ türkdilli ölkələrlə əməkdaşlığını dərinləşdirmək prosesinə Türkiyəni də cəlb edib.

Qərblə əməkdaşlıqda vaxtilə Orta Asiyadan öndə olan Azərbaycan artıq liderlik mövqeyini itirib. Qərblə daha çox qarşıdurma xəttini seçən Azərbaycanın bu istiqamətdə gerilədiyi aydın görünür.

Bəs bu siyasət ölkə üçün hansı çətinlikləri yarada bilər? Azərbaycanın siyasi inkişaf xəttindən kənarda qalması ölkənin reytinqinə necə təsir edəcək?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, son dövrlər Azərbaycanda baş verən proseslər nə xalqın, nə dövlətin, nə də hakimiyyətin öz maraqları baxımından yaxşı heç nə vəd etmir. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan ABŞ-la strateji əməkdaşlıq sahəsində çox ciddi nailiyyətlər əldə edən ölkə idi. Amma hazırda Azərbaycanla ABŞ arasında terrorla mübarizə sahəsindəki əməkdaşlığı daha çox konfrantasiya ilə əvəzlənir. G.Hacıbəyli siyasi müstəvidə də münasibətlərin ürəkaçan olmadığını deyir: “Dünyada baş verən prosesləri görürük. Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyib. Rusiya Krım və Suriya məsələsində özünü tələyə saldı. Rusiya iqtisadiyyatının artıq bir ildən çox müqavimət göstərmək imkanları yoxdur. Rusiyanın maliyyə naziri özü də bildirib ki, ölkənin maliyyə resursları 2016-cı ilin sonuna qədər yetə bilər. Ona görə Rusiyanın Suriyaya müdaxiləsi təxribatdan başqa bir şey deyildi. Bu addım Qərbi danışıqlar masası arxasına dəvət etməyə xidmət edirdi. ABŞ bir qədər ləng də olsa inamlı, ardıcıl və sistemli addımlarla Şərqə doğru irəliləməkdə davam edir. Rusiya-ABŞ qarşıdurmasındakı qüvvələr nisbətinin Vaşinqtonun xeyrinə olduğunu hətta avtoritar Orta Asiya ölkələri də anlayır. Türkmənistan, Özbəkistan, Qazaxıstan rəhbərləri anlayırlar ki, Rusiya-ABŞ qarşıdurmasında Kremlin perspektivləri heç də uğurlu deyil”.

Azərbaycanın davranışına gəlincə, G.Hacıbəyli vurğuladı ki, ölkəmizin addımları ərköyün uşağın hərəkətlərinə bənzəyir. Çünki ölkə iqtisadiyyatının hər gün daha da geri getdiyi bir zamanda, bu cür siyasət yolverilməzdir: “Belə bir vəziyyətdə hakimiyyət Qərbə qarşı ağlasığmaz demarş edir, parlament seçkiləri saxtalaşdırılır. Hazırkı mərhələdə Qərb Azərbaycanla bağlı vəziyyəti gözəl anlayır. Qərbin Azərbaycanla bağlı heç bir narahatlığı yoxdur. Çünki proseslər Qərbin ssenarisi ilə həyata keəçirilir. Azərbaycanla bağlı heç bir problemi olmayan Qərb ölkəmizin üzərindən Orta Asiyaya keçir. Düşünürəm ki, Azərbaycanın da Qərblə yaxınlaşması zaman məsələsidir. Azərbaycan hakimiyyəti də Qərblə əməkdaşlıqda Putinin etdiyi kimi imitasiya tipli addımlar atırdılar. Amma ölkədəki daxili vəziyyət, regional durum hakimiyyətin dirənişi üçün heç bir baza yaratmır”.

Xəyal