Hakim bir aydır ki, hökmü məhkumlara və onların vəkillərinə vermir; adamlar nə qədər cəza aldıqlarını da bilmirlər
Əsabəli Mustafayev: “Nurçularla mübarizə görüntüsü yaratmaq üçün bu işi quraşdırıblar”
Yalçın İmanov: “Vəkillik fəaliyyətimdə ilk dəfədir ki, belə əcaib qanunsuzluqla rastlaşıram”
“Nurçu” adı ilə həbs olunan beş nəfər – Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənov və Rəvan Fərzəliyevin barəsində bir ay əvvəl – oktyabrın 7-də Yasamal Rayon Məhkəməsində çıxarılan hökm indiyədək nə onların özlərinə verilib, nə də vəkillərinə. Bu barədə “Azadlıq”a Eldəniz Hacıyev və İsmayıl Məmmədovun hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil bildirib ki, hökmü görmədiklərinə görə, kimə nə qədər cəza verilməsi, bu cəzanın hansı rejimdə çəkilməsi kimi məsələlər də indiyədək qeyri-müəyyən qalıb.
Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsisilə ittiham olunurdular. Onlar keçən ilin aprelində həbs olunsalar da, təxminən beş saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Daha doğrusu, barələrində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Onlar istintaq başa çatana qədər, həmçinin məhkəmə dövründə azadlıqda olublar.
“Məcbur olub hökmü oxumadan apellyasiya şikayəti verdik”
Əsabəli Mustafayevin sözlərinə görə, hakim Aqşin Əfəndiyev hökmü oxuyarkən nə vəkillər iştirak edib, nə də təqsirləndirilən şəxslərin yaxınları. Çünki vəkillərə məhkəmə bu barədə məlumat verməyib, təqsirləndirilən şəxslərin yaxınları isə zala buraxılmayıb.
Vəkillər sonradan müvəkkillərindən öürənib ki, Rəvan Fərzəliyev 2 il, qalan dörd nəfər isə 5 il və ya 5 il 6 ay azadlıqdan məhrum edilib. Əsabəli Mustafayev deyir ki, vəkillər hökmü əldə etmədiklərindən, bu məlumatı da dəqiqləşdirə bilmirlər: “Nə təqsirləndirilən şəxslər, nə də onların vəkilləri cəzanın dəqiq müddətini bilir. Faktiki, bu adamlar hökm olmadan həbsdə saxlanılır. Hökmü almaq üçün dəfələrlə müraciət etmişik, nəticəsi olmayıb. Məlumdur ki, cinayət prosesində hökmdən sonra 20 gün müddətində apellyasiya şikayəti vermək olar. Müddət ötməsin deyə, şikayəti hökm olmadan tərtib edib göndərdik. Bütün bu pozuntular barədə Məhkəmə-Hüquq Şurasına və bir sıra dövlət orqanlarına məlumat verilsə də, hələ ki, heç bir dəyişiklik yoxdur”.
Əsabəli Mustafayev onu da qeyd edir ki, MTN təqsirləndirilən şəxsləri “nurçu” adı ilə həbs eləsə də, əslində, onların bu cərəyanla heç bir əlaqəsi yoxdur: “Onlar Fətullah Gülən tərəfdarlarından köklü surətdə fərqlənir. Sadəcə, “nurçularla mübarizə” görüntüsü yaratmaq üçün heç bir siyasi və ictimai fəaliyyəti olmayan bu şəxslər barəsində MTN-də “iş” quraşdırılıb. Təsəvvür edin, guya, 2014-cü ilin aprelində eyni gündə 3 nəfər MTN-ə və polisə ərizə yazıb ki, təqsirləndirilən şəxslərin yaşadığı evin qapısında saxlanılan avtomobillər onların hərəkətinə mane olub. Elə həmin gün MTN bu evdə genişmiqyaslı əməliyyat keçirərək, onları həbs edib. Onlar 5 ay həbsdə saxlanıldıqdan sonra gözlənilmədən istintaqın təşəbbüsü ilə onların barəsində həbs-qətimkan tədbiri dəyişdirilir və ev dustaqlığı ilə əvəz olunur. Bir ildən artıq idi ki, onlar azadlıqda idilər. Oktyabrın 7-də məhkəmə zalında həbs olundular. İstər ibtidai istintaq, istərsə də məhkəmə zamanı ittiham tərəfi heç bir sübut ortaya qoya bilmədi. Bu adamların məhkum olunması əsaslandırılmalıdır. Ortada da heç bir sübut olmayanda əsaslandırmaq mümkün olmur. Görünür, hakim də hökmü əsaslandıra bilmədiyi üçün hələ də tərtib eləməyib”.
Məhkəmə protokolları və hazırlıq iclasının qərarı da gizlədilir

Bu iş üzrə məhkum olunan şəxslərdən Rəvan Fərzəliyevin vəkili Yalçın İmanov da deyir ki, dəfələrlə Yasamal Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, hökmü ala bilmir. Bu səbəbdən Rəvan Fərzəliyeva verilən cəza da dəqiq məlum deyil. Digər təqsirləndirilən şəxslər vəkillərinə Rəvan Fərzəliyevin iki il azadlıqdan məhrum edildiyini deyiblər, onun özü isə müdafiəçisinə bu müddətin 1 il 6 ay olduğunu bildirib. Yalçın İmanovun isə bu məsələni dəqiqləşdirmək imkanı yoxdur: “Gah deyirlər, “hazır deyil”, gah deyirlər, “sabah göndəriləcək”, gah deyirlər, “iki günə göndəriləcək”. Bu cür müxtəlif bəhanələrlə yola verirlər”.
Vəkilin sözlərinə görə, bu iş üzrə məhkəmə prosesi təxminən bir çəkib. Məhkəmənin hökmü bir yana, təxminən bir il əvvəl olmuş məhkəmənin hazırlıq iclasının qərarını da indiyə qədər hakimdən ala bilməyiblər: “Məhkəmənin gedişində dəfələrlə bu məsələni qaldırmışıq. Amma hər dəfə bir bəhanə gətirdilər. İndiyə qədər hazırlıq iclasının qərarını almamışıq. Hökmdən bir müddət sonra məhkəmə iclas protokolları ilə tanış olmaq üçün Yasamal Rayon Məhkəməsinə yazılı müraciət etdik. Heç bir cavab gəlmədi. Protokollarda nə yazıldığı indiyə qədər bizə bəlli deyil. Nəticə etibarilə məhkəmə iclas protokolları ilə də tanış ola bilmədik. Məcburiyyət qarşısında qalıb, hökmü oxumadan, protokollarla tanış olmadan apellyasiya şikayəti yazıb verdik. Amma apellyasiya şikayətində qeyd yazdım ki, hökmlə tanış olmadan tərtib edilib”.
Yalçın İmanov deyir ki, vəkillərlə yanaşı, təqsirləndirilən şəxslərin yaxınları da müxtəlif dövlət orqanlarına bu biabırçılıqlarla əlaqədar müraciət ediblər: “Vəkillik fəaliyyətimdə ilk dəfədir ki, belə əcaib qanunsuzluqla rastlaşıram. Bəlli deyil ki, kimə nə qədər cəza verilib, həbs olunan şəxslər cəzanı hansı rejimli müəssisədə çəkməlidir, maddi sübutların taleyi necə oldu”.
Aytən Məmmədova



