Həyat yəhudilər üçün Azərbaycanda da gözəldirmi?

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Israilin keçmiş xarici işlər naziri, ölkənin ən nüfuzlu “Israil evimiz” partiyasının lideri Aviqdor Libermanın  Azərbaycandakı parlament seçkilərini şəffaf adlandırması cəmiyyətdə birmənalı qarşılanmadı.

Nəzərə almaq lazımdır ki, Liberman sıradan bir yəhudi deyil, ölkənin xarici siyasətinin başında durmuş birisidir və mümkündür ki, yaxın gələcəkdə yenidən iqtidara gəlsin. Israilin bu nüfuzlu siyasətçisinin bir az da irəli gedərək, insanların seçki fəallığını öz gözlərilə gördüyünü bəyan etməsini, yumşaq desək, heyrətlə izlədik. Bu nə deməkdir? Bunu Israil dövlətinin mövqeyi kimi qəbul etməsək belə, Knessetdə fraksiyası olan partiya sədrini ciddiyə almamaq da mümkün deyil.

II Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımından bəhs edən filmləri həyəcansız seyr etmək mümkün deyil. “Şindlerin siyahısı”, “Həyat gözəldir” və əlbəttə, “Pianoçu” kimi filmlər həqiqətən də milyonlarla insanın qəlbini titrədir, onlarda faşizmə, totalitarizmə qarşı nifrət oyadır. Yəqin mənimlə razılaşarsınız ki, Almaniya o vaxt demokratik olsaydı, yəhudilərin başına da bu müsibətlər gəlməzdi. Bu səbəbdən də dünyanın demokratikləşməsində ən maraqlı tərəflərdən biri məhz Israil və əlbəttə, yəhudilər olmalıdır.

Aviqdor Libermanın Milli Məclis seçkiləri haqda fikirləri nəinki həqiqəti əks etdirmir, hətta burada onun hansısa maraqları olduğunu çox aşkar şəkildə büruzə verir.

Ən yaxşı halda, bunu Azərbaycanda yaşayan yəhudilərə bir jest kimi dəyərləndirmək olar. Amma gəlin razılaşaq ki, Azərbaycanda yaxşı yaşamaq üçün ilk növbədə məmur olmalısan. Sadə yəhudi ilə sadə azərbaycanlı arasında elə bir fərq yoxdur. Birincilərin üstünlüyü ondan ibarətdir ki, onların Israil və ABŞ dövləti kimi hamiləri var, istədikləri vaxt gedib oralarda məskunlaşa bilərlər.

Məsələn, götürək elə Qubadan növbəti dəfə deputat olan yəhudi əsilli Yevda Sasunoviç Abramovu. Onun üçün həyat Azərbaycanda daha gözəl və asandır. Əliyevlər iqtidarı nə vaxtadək hakimiyyətdədir, sağlığı imkan verdiyi qədər o da Milli Məclisin deputatı olaraq qalacaq. Onun son bir neçə ayda söylədiyi iki məşhur fraza ilə yazıma davam etmək istəyirəm: “Qərb kiçik Heydər Əliyevdən qorxur” və “Elə bilirdik, prezidentin heç nədən xəbəri yoxdur”…

Yevda Abramovun ağızdolusu danışdığı “xidmət”lərdən biri də  ABŞ-dakı yəhudi lobbisinin Azərbaycanın maraqlarını müdafiə etməsi və onun bu prosesə verdiyi töhfədir. ABŞ-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti haqda geniş təsəvvürünüz olduğundan, bu haqda geniş danışmağa ehtiyac duymuram. Yeganə “irəliləyiş” ABŞ-dakı yəhudi lobbisinin nümayəndələrinin hərdən ölkəmizə səfər etməsidir.

Lobbini də qınamaq olmur, axı ABŞ demokratiya yolunu tutanların yanındadır. Obama rəsmi çıxışlarında Azərbaycanın adını bir neçə dəfə çəkib, onda da mövzu insan haqları və siyasi məhbuslar olub. Gülməlidir, deyilmi?

Aviqdor Libermanı “Azərbaycanın dostu” adlandıranlar da var. Unutmayaq ki, Qəzza bölgəsinə humanitar yardım aparan “Mərmərə” gəmisində törədilən qətliam zamanı o, xarici işlər naziri idi və ən başlıcası, Türkiyə səfiri məhz onun göstərişilə təhqir olunmuşdu.

Libermanın məlum seçki bəyanatından sonra məndə nədənsə, məşhur “Pianoçu” filminə yenidən baxmaq həvəsi yarandı. Libermanla pianoçu Şpilmanı müqayisə etmək fikrim olmasa da, bir məqam diqqətimdən yayınmadı. Varşava azad olunanda həyatı ilə risk edərək, uçuq binada gizlənən Şpilmanı acından və soyuqdan ölməyə qoymayan alman zabiti əsir düşür. Artıq bu zaman Varşava radiosunda piano çalmağa başlayan Şpilman xilaskarını unudur…

Vilhelm Hozenfeld adlı alman zabitinin onu axtardığından xəbər tutanda belə, o qədər də gec deyildi. Zabit yeddi il Sibirdə əsirlikdə olur və ölür…

Əlbəttə, bu bir filmdir, amma iqtidar bu haqda düşünsə, pis olmaz…