Ərdoğandan gözlənilən gediş

erdogan-3Prezidentlik məsələsi referenduma çıxarıla bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının 1 noyabr seçkilərində qələbə qazanmasından sonra Konstitusiyaya dəyişiklik mesajını verib. Ərdoğan Konstitusiya dəyişikliklərinin qaçılmaz olduğunu, buna qarşı çıxan hər kəsin əvəz ödəməli olacağını bildirib:

“Millətimizin yeni Konstitusiya tələbi qarşısında müqavimət göstərən hər kəs, bunun hesabını dörd il sonra keçiriləcək seçkilərdə verəcək”. BBC-nin məlumatına görə, Ərdoğanın sözçüsü Ibrahim Kalın da ölkənin prezidentlik sisteminə keçməsinin referenduma çıxarıla biləcəyini istisna etməyib. Prezident səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan Konsitusiya dəyişikləri barədə müzakirələr AKP-nin 7 iyun seçkisindəki məğlubiyyətindən sonra gündəmə gəlməmişdi. Lakin 1 noyabr seçkilərində AKP-nin qələbə qazanması mövzu ətrafında yeni müzakirələrə təkan verib.

Ibrahim Kalın bildirib ki, prezidentlik sisteminə keçid və bu məsələnin referenduma çıxarılmasını Ərdoğanla bağlamaq düzgün deyil: “Ərdoğan onsuz da tarixə keçmiş bir liderdir. Müzakirə ən səmərəli siyasi quruluş ətrafında aparılmalıdır”.

Xatırladaq ki, ötən bazar günü keçirilən seçkidə AKP iyun ayında itirdiyi parlament çoxluğunu qaytarmağa nail olub. Lakin prezidentlik sisteminə keçidlə bağlı referendumun elan edilməsi üçün 330 səs tələb olunur. AKP isə seçkilərdə 316 mandat qazanıb.

Seçkilərdən sonra ilk geniş nitqində Ərdoğan prezident səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan Konstitusiya dəyişikliyinin zəruriliyi barədə danışıb.

Ankarada çıxış edən Türkiyə lideri məsələ ilə bağlı baş nazir və müxalifət liderləri arasında məsləhətləşmələrin aparılacağını deyib.