Onlar 20 ildir seçki döyüşündən «sağ» çıxır
Bizim hökumət komandası “uzunömürlülər”dən ibarətdir. Daha dəqiq desək ölkəni “qocalar komandası” idarə edir. Heç kim yapışdığı kreslodan əl çəkmək istəmir. Nazirlər, icra başçıları, deputatlar əsasən eyni şəxslərdən ibarət olur. Hansısa nazirin, icra başçısının vəzifədən uzaqlaşdırılması inqilabi hadisə kimi dəyərləndirilir.
Noyabrın 1-də ölkəmizdə keçirilən seçkilərdə də “ənənə” dəyişmədi. Parlamentin əsas hissəsini köhnə kadrlar zəbt etdi. Amma bu kadrların içində bəziləri var ki, deputatlıq stajı 20-25 ildir.
Məsələn, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.
Ömrünün 20 ilini parlamentdə keçirmiş və bundan sonra da 5 il mandat gəzdirəcək şəxslər aşağıdakılardı
1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov
2 saylı Şərur seçki dairəsi – Isa Həbibbəyli
4 saylı Naxçıvan şəhər seçki dairəsi – Eldar Ibrahimov
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Ziyad Səmədzadə
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova
60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı
61 saylı Neftçala seçki dairəsi – Arif Rəhimzadə
66 saylı Biləsuvar seçki dairəsi – Xanhüseyn Kazımlı
74 saylı Lənkəran kənd seçki dairəsi – Hadı Rəcəbli
76 saylı Lənkəran-Astara seçki dairəsi – Ziyafət Əsgərov
116 saylı Qəbələ seçki dairəsi – Fəttah Heydərov
Axı bu adamlar hansı fövqəladə bacarıqlarına görə hər dəfə manadat alırlar? Seçici bu şəxslərin ictimai-siyasi fəaliyyətinə heyran qalıb?
Madər Musayev 25 ildir deputatdır və 25 dəfə səsin eşidən olmayıb. Əminliklə demək olar ki, bu şəxsi ölkə vətəndaşlarının böyük əksəriyyəti tanımır. Sanki, Milli Məclis sanatoriyadır və bu adam hər mövsümdə “putyovka” alır. Əslində bu adam qətiyyən siyasətə qarışmır və biznesmen kimi daha çox gündəmə gəlir. Ümumiyyətlə, onun mandata, deputat maaşına ehtiyacı yoxdur. Özünün də dediyi kimi, deputatlıqdan həzz alır.
Eyni fikirləri Hadi Rəcəbli haqqında da söyləmək olar. Onun cəmiyyətdə hər hansı nüfuz sahibi olduğunu, seçicinin simpatiyasın qazandığını demək olmaz. Bu adam sonuncu dəfə müəllimlər “yol göstərməklə” gündəmə gəldi. Belə ki, Hadi Rəcəbli müəllimlərin az maaş almasını təbii hesab etmişdi və onlara dərsdənsonra fəhləlik etməyi məsləhət görmüşdü. Demək istəyirik ki, seçicinin bu adamı toxunulmaz saxlaması üçün heç bir obyektiv səbəb yoxdur.
Vasif Talıbovla bağlı vəziyyət aydındır. Naxçıvanda bu adamdan icazəsiz quş da uça bilmir. Bugünə qədər onun haqqında müsbət fikir eşidilməyib. Əksinə, bu adam haqqında xeyli lətifələr yaranıb, qəddarlığından və intellekt səviyyəsinin aşağı olmasından danışılıb.
Ziyafət Əsgərova gəlincə, bu adamın millət vəkili kimi fəaliyyəti yayalnız parlamentdəki çıxışlardan ibarətdir. Onun sonuncu dəfə seçicilərlə nə vaxt görüşməsi haqqında məlumat yoxdur. Ümumiyyətlə, bu adamın seçildiyi dairədə hansı işlər gördüyünü bilən yoxdur. Məlum olan budur ki, bütün situasiyalarda hökumətin yarıtmaz işlərinə haqq qazandırıb.
“Uzunömürlülər” siyahısında olan digər şəxslər haqqında da eyni fikirləri söyləmək olar. Yəni, bu adamlar öz fəaliyyətlərində hansısa yeniliklərə imza atmayıblar və onların 20 il eyni kürsüyə həqiqətən də seçilməsi inandırıcı deyil. Bu adamlar 20 ildir seçki döyüşündən “sağ” çıxırlar, amma ölü sükutu sərgiləyirlər.
Hətta təyinatın da müəyyən bir ömür dərəcəsi olmalıdır. Milli Məclis susmaq və itaət etmək üçün deyil, millətə xidmət etmək üçündür.
Samir