Noyabrın 3-də ilahiyyatçı Tale Bağırzadənin Yasamal Rayon Polis İdərəsində fiziki zorakılğa məruz qalması haqda məlumat vermişdik. İdarə rəisinin ilahiyyatçıya qarşı davranışları ictimai etiraza səbəb olub. Azərbaycanı Avropa İttifaqında təmsil edən keçmiş səfir Arif Məmmədov hadisəni belə dəyərləndirib:
“Namaz vaxtı insana, ilahiyyatçıya hücum etmək heç bir insanlığa sığmır və ən böyük cinayətdir”,- deyə Arif Məmmədov bildirib.
Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev isə AzadXeber.az-a açıqlamasında baş verənləri belə dəyərləndirib:
“Mən hörmətli hacı Taleyin başına gələn müsibəti indicə oxudum və inanın ki, özümdə-sözümdə olmadım. Bu nədir? Bu nə vəhşilik, nə dərəbəylikdi? Belə də polis olarmı? Bəlkə onları bu işə götürəndə vicdanlarını, insaflarını, üstəlik əxlaqlarını kəsib tullayıblar? Axı biz hüquqi, demokratik bir məmləkətdə yaşayırıq! Belə görünür ki, hüquqi, demokratik kəlmələri dırnaq içərisində yazılmalıdır. Belə mənəviyyatsız adamlar bu sayaq ləyaqətsiz hərəkətləri ilə təkcə özlərini, öz natəmiz mahiyyətlərini nümayiş etdirmirlər. Onlar həmçinin ölkəmizin adına, imicinə, mənəvi və mental dəyərlərə xələl gətirirlər. Azərbaycanlı adına ləkə vuran adamları hüquq-mühafizə sistemindən kənar saxlamaq mütləqdir. Üstündə Dövlət atributları olan uniforma geymiş hər bir şəxs, istəsə də, istəməsə də bu Dövləti təmsil edir. Onların naqis və qeyri-qanuni, qeyri-insani hərəkətləri də birbaşa Azərbaycan Dövlətinə şamil edilir. Mən Hacı Taleyə qarşı edilən zorakılıq əməllərini qətiyyətlə pisləyir və bunu etmiş məmurların cəzalandırılmasını tələb edirəm”.
azadliq.info