Hakimiyyətin seçki pərtliyinin səbəbi nədir?

fuad-qehremanli-enyeniFuad Qəhrəmanlı: «Bu seçkinin nəticəsi beynəlxalq birlik tərəfindən qəbul olunmur»

ATƏT-in Azərbaycanda keçirilmiş parlament seçkisini müşahidə etməkdən imtina etməsindən dərhal sonra hakimiyyətin təşkilata qarşı ittihamları artmağa başladı. Iqtidarın narahatlığı seçki günü yaxınlaşdıqca daha da artmağa başladı.

Bu narahatlığın ifadəsi kimi hakimiyyətin ATƏT-ə müşahidə missiyasını göndərməklə bağlı dəfələrlə təkrar müraciətlərini göstərmək olar. Seçkidən sonra isə dövlət başçısı və yüksək çinli məmurlar ATƏT-in ünvanına daha sərt bəyanatlar səsləndirməyə başladılar. Hətta I.Əliyev keçirdiyi görüşlərdə belə ATƏT-in müşahidə missiyası məsələsinə toxunmağı unutmur.

Hakimiyyətin bu cür reaksiyası isə təsadüfi deyil. Çünki seçkidən sonra gələn rəylərdə əksər mötəbər beynəlxalq qurumlar ATƏT-in seçkiylə bağlı mövqeyinə istinad edir. Xatırladaq ki, ATƏT seçkidən öncə rəsmən bəyan etmişdi ki, hakimiyyətin ölkədə noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir. “Azərbaycan hakimiyyətinin müşahidəçilərlə bağlı irəli sürdüyü məhdudlaşdırıcı tələb keyfiyyətli şəkildə seçki müşahidəçiliyinə imkan vermir”, deyə bəyanatda bildirilirdi.

ATƏT-in rəyinə istinad

ABŞ Dövlət Departamenti də noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı açıqlamasında ATƏT-in mövqeyinə istinad edib. Hökumətinin ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (DTIHB) seçkilərə lazımi sayda müşahidəçinin gəlməsinə imkan verməməsinin altı xüsusilə cızılıb. Avropa Birliyi də seçkiylə bağlı ilkin reaksiyasında ölkəmizdə insan haqlarının və demokratik dəyərlərin pozulmasını vurğulayaraq, seçkiylə bağlı neqativ məqamlar sırasında ATƏT-in seçki müşahidəsinə buraxılmamasını qeyd edib. Bəs bu cür durum hakimiyyətə nə vəd edir? Beynəlxalq aləmin seçkinin legitimliyinə şübhə ilə yanaşdığı ortadadır.

“Hakimiyyətdə qələbədən daha çox pərtçilik əhval-ruhiyyəsi var”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin bu cür reaksiya verməsi anlaşılandır. F.Qəhrəmanlının sözlərinə görə, ölkədə seçkilərin total şəkildə saxtalaşdırılması, həm cəmiyyət, həm də demokratik qüvvələr tərəfindən seçkinin boykot edilməsi hakimiyyətdə əsəbi narahatlıq yaradıb: “Saxtalaşdırma nəticəsində hakimiyyətdə olan komanda parlamentdəki bütün yerlərə nəzarət etsə də, hakimiyyətdə qətiyyən bu seçkinin nəticələrinə uyğun olaraq qələbə əhval-ruhiyyəsi hiss olunmur. Hakimiyyətdə hazırda qələbədən daha çox pərtçilik əhval-ruhiyyəsi hakimdir. Çünki bir tərəfdən bu qələbənin gerçək olmadığını həm özləri, həm də Azərbaycan xalqı gözəl bilir. O biri tərəfdən də beynəlxalq ictimaiyyətin baş verən seçki pozuntularını sərt tənqid etməsi hakimiyyətdə psixoloji gərginlik yaradıb. Adətən seçkidə qələbə qazanmış partiyanın rəhbərliyi xarici dövlətlərin rəhbərləri, ictimai, siyasi xadimləri tərəfindən təbrik olunur. Amma heç bir demokratik dövlətin rəhbəri tərəfindən Ilham Əliyevin ünvanına təbrik gəlməyib. Əksinə, Azərbaycan hakimiyyətinə təbriklərin yerinə, sərt tənqidlər yağdırılır”.

F.Qəhrəmanlı hesab edir ki, hakimiyyət təmsilçilərinin bəyanatları, dövlət başçısının görüşlərində seçkilərlə bağlı narahatlığı dilə gətirməsi iqtidarın nə dərəcədə narahat olduğunu göstərir. ATƏT-in ilkin hesabatında seçkilərin legitimliyinin şübhə altına alındığını xatırladan F.Qəhrəmanlı bildirdi ki, ABŞ Dövlət Departamentinin münasibətində seçkilərlə bağlı heç bir müsbət fikir söylənmədən hakimiyyətin demokratik azadlıqları təmin etməsi istənilib. Avropa Birliyinin də seçkilərlə bağlı münasibətində ATƏT DTINHB tərəfindən seçkilərlə bağlı irəli sürülmüş təkliflərin qəbul edilməsinin vacibliyi vurğulanır: “Ilkin reaksiyalar da onu göstərir ki, bu seçkinin nəticəsi beynəlxalq birlik tərəfindən qəbul olunmur. Hakimiyyət təmsilçiləri nə qədər gizlətməyə çalışsa da, seçkiylə bağlı pərtlik özünü göstərir”.

Xəyal