İkiqat pərdənin bir qatını götürəndə yerdə obyektiv məxfilik qalır
MTN fırtınası davam edir. Bütün nazirliklərdə və digər dövlət idarələrində Eldar Mahmudovun izləri axtarılır və bu, təbiidir. Milli Təhlükəsizlik Nazirliyi elə bir qurumdur ki, onun bütün dövlət idarələrində “attaşeləri” olur və indi bu uzantıların bircə-bircə yoxlanılması prosesi davam etməlidir. Axı, söhbət ikiqat şəffaf olmayan bir strukturun fəsadlarından gedir. Bir qat pərdə o deməkdir ki, xüsusi xidmət obyektiv olaraq, məxfiliyi qoruyur. İkinci pərdə isə bu nazirliyin haqqında araşdırma başlayan nazirinin özünün subyektiv olaraq çəkdiyi pərdədir ki, indi bu pərdəni söküb onun altında nələrin olduğunu araşdırmağa başlayıblar. Adama elə gəlir ki, nazirin çəkdiyi pərdə, qanunun çəkdiyi pərdədən daha tünd və daha qatı olacaq.
Bu tündlüyün içərisində yüzlərlə insanın adı var. Bəlkə də, daha çox. Amma hər halda bu yüzlərlə insan hökumətin kadr bazasının simasını müəyyən edən adamlardır. Götürək, elə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu. MTN-də qanunsuz dinləmələrin təşkil edilməsi artıq, şübhəsiz bir faktdır. Əgər belə olmasaydı, MTN Monitorinq Mərkəzini, az qala, tam tərkibdə məsuliyyətə cəlb etməzdilər. Amma həm də ola bilməz ki, telefon danışıqlarının dinlənilməsi əməliyyatı Rabitə Nazirliyinin əməkdaşlarının xəbəri olmadan həyata keçirilsin! Ola bilməz və aparılan araşdırma prosesinin ictimaiyyətə elan edilən epizodları da göstərir ki, Rabitə Nazirliyinin əməkdaşlarından, yumşaq desək, istifadə edilib. Hərçənd, bu qədər yumşaq demək üçün əlimizdə bir əsas da yoxdur. Yəni, bu prosesdə Əli Abbasovun xəbərsiz olmasını söyləyəcək qədər sadəlövh olmaq istəməzdik. Belə görünür ki, Əli Abbasov öz nazirliyinin əməkdaşlarının hansı keyfiyyətdə proseslərə cəlb olunduğundan xəbərdar olub və təcrübəli bir adam olaraq bu dinləmələrin qanuni və ya qanunsuz olduğunu da çox gözəl bilib. Elə buradaca, başqa bir gerçəyi araşdırmağa dəyər. Rabitə Nazirliyinin strukturlarının və əməkdaşlarının qanunsuz, həm də “prezidenti və digər yüksək vəzifəli şəxsləri dinləmə” (sitat rəsmi xronikalardandır) qədər qanunsuz əməliyyatlara cəlb edilməsinə Əli Abbasov könüllü razılıq vermişdir, yoxsa, qorxudan?
Hər iki halda, İlham Əliyevə ya etinasızlığın, ya da aşkar xəyanətin izləri görünür. Belə çıxır ki, güc strukturlarından hər hansı birinin rəhbəri özünün planlaşdırdığı qanunsuz əməliyyatlarda dövlət adamlarının böyük bir hissəsini alət edə bilir. Bir halda ki, proses gizlidir, deməli, prezidentə sadiq qalmamaq olar. Əli Abbasovun nümunəsi göstərir ki, İlham Əliyevin kritik anlarda güvənə biləcəyi kimsə yoxdur.
MTN işinin başqa bir tərəfi də qanunsuz pul toplama əməliyyatı kimi təqdim edilir. Yəni, sahibkarların MTN tərəfindən götürülməsi, onların qarət ediləməsi adi hal alıbmış.
Bizə müraciət edən sahibkarlardan biri ilginc bir fakt açıqlayıb. Adam bildirir ki, Azərbaycana idxal etdiyi malı Bakı Gömrük İdarəsindən keçirəndən dərhal sonra MTN müfəttişləri onun başının üstünü alır və yüksək faizlər tələb edirdilər. Belə çıxır ki, Eldar Mahmudovun Gömrük postlarında xüsusi adamları olub. Bu adamların hansı işlərlə məşğul olduğunu Gömrük Komitəsində bilmək çətindirmi? Amma maraqlı burasıdır ki, insafən, bu cür xəbərlər də, əsasən, Bakı Gömrüyündən gəlir.
Əlbəttə, biz iddia etmək istəmirik ki, Bakı Gömrüyünün rəisi Vüsal Novruzov bu cür işlərlə bilavasitə məşğul olub və əvəzində Milli Təhlükəsizlik Nazirliyindən hansısa zəmanətlər alıb. Bunu iddia etmək üçün konkret faktlar olmalıdır və bizim əlimizdə belə fakt yoxdur. Amma bunun əvəzində, başqa faktlar var.
Məsələn, Vüsal Novruzovun bütün başqa Gömrük postları rəislərindən fərlqi statusda görükməsinin detalları suyun üzündə üzür. Ölkə mətbuatı bildirir ki, onun avtomobil qarajında ümumi dəyəri milyonlarla ölçülən bahalı avtomobillərin sırası yer alır. Bahalı maşınların idxalı və satışı Eldar Mahmudovun monopoliyasında idi, amma bu da qətiyyən Vüsal Novruzov-Eldar Mahmudov əlaqələrini təsəvvür etməyə imkan vermir. Bahalı avtomobillər bütün dövlət məmurlarında var. Eləcə də, sement və digər məhsullar üzərində monopoliya da bu əlaqələrin təsəvvür edilməsi üçün yetərli deyil. Amma ölkənin medya resursları tamam fərqli bir detalı üzə çıxarmağa imkan verir: Vüsal Novruzov Dövlət Gömrük Komitəsinin rəisi vəzifəsinə təyinat alacaq qədər təcrübə toplamış şəxsdir. İyerarxiya nərdivanı boyu addımlamaqla bu mərtəbəni adi qaydada fəth eləmək müşkül, üzüntülü və ağır prosesdir. Çünki Aydın Əliyev öz yerində möhkəmdir, himayədarları güclüdür və ondan narazılıq da yoxdur. Amma kənardan bir təkan…
Bu təkanı, məsələn, iki ay əvvəl kim verə bilərdi?
Araşdırmalı mövzudur…
Azad Akifoğlu